O, 2009-cu il 20 yanvar, saat 12-də gözlərini əbədi yumdu — FOTOLAR

SOSİAL 20 yan 2021, 15:21
Artıq 12 ildir aramızda yoxdur. 2009-cu il yanvarın 20-də saat 12-də əzizlərini və dostlarını tərk etdi. Ölkəmizin tanınmış fotojurnalistlərindən biri, AZƏRTAC-ın Fotoinformasiya baş redaksiyasının baş redaktoru Oqtay Aydın oğlu Məmmədov ömrünün 58-ci ilində qəflətən vəfat edib.

Oqtay Məmmədov 1951-ci il iyunun 15-də Azərbaycanın qədim İrəvan şəhərində dünyaya göz açıb. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirən Oqtay Aydınoğlu 1990-cı ildən həyatını Azərinformla – indiki AZƏRTAC-la bağlayıb. 1998-ci ildən agentliyin Fotoinformasiya baş redaksiyasına rəhbərlik edirdi. Həmin illər ərzində Oqtay Azərbaycanda baş vermiş ən gərgin, ən mühüm hadisələrin təkcə canlı şahidi yox, həm də fotosalnaməçisi olub. Çünki o, ən qaynar nöqtələrdə, ən mühüm hadisələrlə bağlı çəkilişlər aparırdı. Oqtay Aydınoğlu ümummilli lider Heydər Əliyevin, son illərdə isə Prezident İlham Əliyevin çoxsaylı xarici və ölkədaxili səfərlərində AZƏRTAC-ın fotomüxbiri kimi iştirak edib. Peşəkarlar bu işin nə qədər çətin və məsuliyyətli olduğunu yaxşı bilirlər. O, foto sənətinə bütün varlığı ilə bağlı idi. Oqtayın fotoları təkcə respublika mətbuatında yayılmırdı. Xarici informasiya agentlikləri də tez-tez ona müraciət edir, müxtəlif mövzularda fotoşəkillər sifariş edirdilər.

Oqtay Aydınoğlunun peşəkarlığı yüksək qiymətləndirilib, o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.

Oqtay səmimi insan, sədaqətli dost, gözəl ailə başçısı idi. Həmişə deyib-gülən Oqtayın çoxsaylı səfərlərlə bağlı, özünün və yol yoldaşlarının rastlaşdığı qəribə hadisələr barədə yumorla dolu şirin söhbətləri, heç kimin qəlbinə toxunmayan şux zarafatları hamıda xoş ovqat doğururdu. Eyni zamanda, o, çox həssas qəlbli idi, haqsızlığı, kobudluğu, ədəb-ərkandan kənar hərəkətləri heç cür qəbul etmir, belə hallarla rastlaşanda etirazını, narazılığını gizlədə bilmirdi.

Son vaxtlar ürəyindən şikayətlənirdi. İş yoldaşlarının, dost-tanışların müayinədən keçmək barədə məsləhətləri ilə üzdə razılaşsa da, dava-dərmandan qaçırdı. Halbuki, uzun illərin gərgin iş rejimi bunun əksini tələb edirdi. Ancaq ürəyi ona vəfasız çıxdı. Xalqımız 20 Yanvar faciəsinin ildönümünü qeyd edən günü, Şəhidlər xiyabanında çəkilişdən az sonra biz Oqtay Aydınoğlunu həmişəlik itirdik. Taleyin acı qismətinə bax ki, o, həyatla da fotolaboratoriyada iş başında vidalaşdı, əgər belə demək mümkündürsə, peşəsinin şəhidi oldu. Onun arzuları böyük idi, övladlarının toyunu edəcəyi, baba olub qucağına nəvə götürəcəyi günləri gözləyirdi. Lakin amansız əcəl macal vermədi.

Oqtayın oğlu atasının peşəsini seçib və artıq uğurlu addımları ilə tanınan fotoqraflardan biridr. İnanırıq ki, vaxt gələcək, neçə illərdən bəri imzası yaxşı tanış olan Oqtay Aydınoğlunun davamçısı kimi Aydın Oqtayoğlunun xoş sorağını eşidəcəyik.

Allah rəhmət eləsin!



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top