Azərbaycanın inkişafında yeni dövr

GÜNDƏM 19 yan 2021, 18:54
Qarabağın iqtisadi potensialı Azərbaycanın iqtisadi gücünə güc qatacaq. 

2020-ci il Azərbaycan üçün heç də asan il olmayıb. Bir yandan koronavirus pandemiyasının iqtisadi sahədə yaratdığı çətinliklər, digər yandan belə bir şəraitdə Vətən müharibəsi aparmaq...

Nəticəni qısaca olaraq dəyərləndirsək, Azərbaycanın bu sınaqlardan şərəflə çıxdığını vurğulamaq mümkündür. Bu gün istər pandemiya ilə mübarizədə, istərsə də Vətən müharibəsində uğur əldə etməyimizin arxasında güclü Azərbaycan dövləti, onun iqtisadiyyatı dayanır. 

Pandemiya ilə mübarizə baxımından ötən il bütün dünya üçün çox böyük sınaq ili idi. Azərbaycan isə bu bəla ilə mübarizə aparmaqla yanaşı, Ermənistanın sentyabr ayının sonlarında həyata keçirdiyi təxribatlara cavab olaraq Vətən müharibəsinə başladı. Müharibənin tələb etdiyi xərclər hamıya bəllidir. Azərbaycan öz gücünə, iqtisadi potensialına söykənərək hər iki cəbhədə təkbaşına mübarizə apararaq ciddi nailiyyətlər qazandı.  Vətən müharibəsində cəmi 44 günə Zəfərə imza atdı.

Pandemiya ilə mübarizədə isə yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı, bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Artıq Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə start verilib və ölkəmiz  əhalisini ilk vaksinasiya edən dövlətlər sırasındadır.

Bütün bu pozitiv mənzərənin kökündə düşünülmüş iqtisadi siyasət dayanır. Azərbaycan digər ölkələrlə müqayisədə dünyanı cənginə almış iqtisadi problemlərdən daha az itkilərlə çıxır. Ölkə iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azalıb və bu indiki şəraitdə mənfi göstərici sayıla bilməz. Digər müsbət məqam kimi qeyri-neft sənayesinin 12,5 faiz artmasını vurğulamaq mümkündür. Buna iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmə siyasətinin düzgün aparılması hesabına nail olunub və qeyri-neft sənayesinin artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir. 

Ötən ilin müsbət göstəriciləri sırasına kənd təsərrüfatının 2 faiz artmasını da əlavə etmək mümkündür. İqtisadi çətinliklərə rəğmən əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Azərbaycan öz valyuta ehtiyatlarını qoruya bilib. Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb. 

Koronavirusla mübarizəyə milyardlarla manat yönəldən, müharibə aparan bir ölkə üçün bundan uğurlu mənzərə təsəvvür etmək çətindir. 

Bu gün Azərbaycan öz imkanları hesabına müharibənin yaralarını sarır. Şəhid ailələrinin, müharibə iştirakçılarının sosial problemləri çözülür, işğaldan azad olunan ərazilərdə quruculuq işlərinə başlanılıb. Azərbaycan böyük maliyyə yükü tələb edən bu işlərin öhdəsindən dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində nail olub və olmaqdadır.

Azərbaycanın mövcud inkişafı nüfuzlu beynəlxalq qurumların hesabatında da yer alıb və bu ən mötəbər mənbə kimi mövcud durumumuza işıq salan göstəricidir. Ölkəmiz Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Belə ki, əhalinin elektrik təchizatı səviyyəsinə görə, dünya miqyasında 2-ci, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə 5-ci yerdədir. Bundan başqa, hökumətin uzunmüddətli strategiyasına görə, Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsinə gəldikdə isə 11-ci yerdə qərarlaşıb. Bir sıra digər göstəricilər isə belədir: infrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yer, hava yolları xidmətlərinin səmərəliliyi - 12-ci yer, avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlər. İnklüziv inkişaf indeksi üzrə isə Azərbaycan 3-cü yerdədir. 

İqtisadi baxımdan ağır dönəmi arxada qoyan Azərbaycanın qarşısında böyük hədəflər dayanır. Azad edilən torpaqlara böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri həyata keçirilməlidir. 

Bu hədəflərə çatmaq üçün ölkə iqtisadiyyatının daha da güclənməsi başlıca şərtdir. İlin sonunda - dekabrın 31-də istifadəyə verilən Cənub Qaz Dəhlizi Azərbaycana həm iqtisadi, həm siyasi dividentlər vəd edir. Artıq Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropa məkanındadır. 

İlin ilk ayından qeyri-neft sənayesinin inkişafına əlavə töhfə verən obyektlərin həm təməlqoyma, həm də açılışının şahidiyik. Sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir. Bu günlərdə Prezident İlham Əliyev tərəfindən Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulması ölkəmizin uzunmüddətli dayanıqlı inkişafının təmin edilməsinə öz müsbət təsirini  göstərəcək.  “Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır”-,deyə Prezident İlham Əliyev qeyd olunan tədbir çərçivəsində verdiyi müsahibəsində bildirib.

2021-ci il ölkəmizin inkişafı üçün yeni bir dövr olacaq. İşğaldan azad olunmuş rayonlarda başlanan işlər Azərbaycanın gücünə güc qatacaq. Prezident İlham Əliyev  müsahibəsində bu məqama xüsusi toxunub: “Bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları”. 

Azərbaycan bu böyük hədəfləri də uğurla gerçəkləşdirmək əzmindədir. İqtisadi güc, xalq-iqtidar birliyi, siyasi iradə imkan verəcək bu işlər tez bir zamanda həyata vəsiqə qazansın...

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top