Deputat: “Ali Baş Komandanın Şuşaya səfəri dünyaya mesaj idi”

GÜNDƏM 16 yan 2021, 16:57
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfərini yüksək qiymətləndirirəm. Əhsən Sizə, cənab Prezident! Əhsən Sizə, Mehriban xanım! Ümumiyyətlə, Şuşanın işğaldan azad edilməsi Vətən Müharibəsinin zirvəsi idi. Ölkə rəhbərliyinin Şuşaya getməsi, açılışlarda iştirak və çıxış etməsi böyük mesaj idi. Bu bir daha göstərdi ki, kimsə torpaqlarımıza göz dikə bilməz”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, Şuşanın mədəniyyət mərkəzi elan edilməsi, mədəniyyət xadimlərinin güllələnmiş heykəllərinin Şuşaya aparılması çox ciddi məsələ idi: “Prezident İlham Əliyev zəmanət verib ki, status məsələsi olmayacaq. Xalq öz Prezidentinə güvənir”.

Deputat qeyd edib ki, Şuşanın müdafiəsi daha da gücləndiriləcək: “Ərazi tam təhlükəsiz hala gətiriləcək. Deputatların və ziyalıların işğaldan azad edilən ərazilərə getməsi mərhələli şəkildə həyata keçirilir. Yəqin ki, yaxın vaxtlarda deputatlar da həmin ərazilərə səfər edəcəklər”.

Partiya sədri Şuşa ilə xatirəsini də bölüşüb: “1992-ci ildə Şuşadan yeni qayıtmışdım. İşğaldan bir neçə gün əvvəl orada olmuşdum. Həmin illərdə Müdafiə naziri olan Rəhim Qazıyevə də xəncər vermişdim. Silah-sursat da aparmışdım. Təsəvvür edin, Bakıya gəldiyim bir neçə gün idi, eşitdim ki, Şuşa işğal olunub. Qapıları bağladım, qarşımda da silah vardı. Özümü vuracaqdım, polis, prokurorluq işçiləri gəldilər, qapını sındırdılar. Gördülər oturmuşam, cürət edib özümü vura bilmədim. Heç ağlıma gətirə bilmirdim ki, Şuşa işğal edilə bilər. Şükür olsun, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzu şücaəti sayəsində Şuşa işğaldan azad edildi”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top