Vüqar Səfərlinin “Xəmsə” macəraları: Əli Həsənovun cinayət şəbəkəsi hara qədər uzanır?

GÜNDƏM 16 yan 2021, 15:33
Keçmiş KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bu yaxınlarda həbs olundu. Bu şəxsin daxil olduğu şəbəkənin Azərbaycan mediasına dövlətin dəstəyinin mənimsədiyi haqda kifayət qədər məlumatlar var idi. Nəhayət ki, Baş Prokurorluq Vüqar Səfərliyə qarşı cinayət işi açdı.

Vüqar Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Baş Prokuroluğun rəsmi məlumatında Vuqar Səfərlinin əlbir olduğu şəxslərlə birlikdə dövlət vəsaitinin mənimsənilməsi xüsusi diqqət çəkir. Bu o deməkdir ki, media üzərindən külli miqdarda pul qazanan təkcə Vüqar Səfərli yox, həm də böyük bir şəbəkədir.

Vüqar Səfərlinin KİVDF-yə ayrılan pulları necə leqallaşdırdığı da rəsmi məlumatda əksini tapıb.
 
Sənədlərin saxtalaşdırılmasından tutmuş tədbirlərin keçirildiyi yerə qədər hər yer pulun “yeyilməsi”nə hesabılanıb.

Bu, mediada sirr deyildi, aparılan istintaq hər şeyi təsdiqlədi. 

Burada bir məqam yenidən yada düşür. Vüqar Səfərlinin rəhbərliyi dövründə KİVDF-nin əksər tədbirləri “Xəmsə” restoranında keçirilirdi.



Bura həm müsabiqə qaliblərinin mükafatlandırılması, həm də digər tədbirlər daxildir. Hətta, jurnalistlər arasında “Xəmsə”nin adı Vüqar Səfərlinin restoranı kimi məşhurlaşmışdı. Hərçənd ki, bu restoranın sahibi iş adamı Mürvət Həsənlidir. 

Mürvət Həsənli keçmiş köməkçi Əli Həsənovun yaxını, Vüqar Səfərlinin dostu kimi tanınır.

Jurnalistlər arasında Vüqar Səfərli ilə Mürvət Həsənlinin yaxşı münasibətlərə malik olması da yayılmış söhbətlərdəndir.

Bu yaxınlıq və Baş Prokurorluğun Vüqar Səfərli haqqında yaydığı məlumatda əksini tapmış faktlar fonunda sual yaranır:

KİVDF-nin bütün tədbirləri niyə “Xəmsə” restoranında keçirilirdi?

Restoranın sahibi Mürvət Həsənli Vüqar Səfərlinin ortağı idimi?



Təbii ki, bütün bunlar istintaqın araşdıracağı məsələdir. Lakin faktların uyğunlaşdırılması istisna etmir ki, Vüqar Səfərli KİVDF-nin tədbirlərini “Xəmsə”də təşkil etməklə dövlət büdcəsindən böyük pullar silərək mənimsəyib.

Biz media olaraq sadəcə hər kəsə məlum olan faktları təqdim edirik, qalanı istintaqın işidir. 

Söhbət Vüqar Səfərlinin daxil olduğu cinayət şəbəkəsindən gedirsə, bu şəbəkədə “Xəmsə” restoranı diqqətdən qaçmayan məqamlardandır...


Zaur Hacılı
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top