Şuşaya qədəm atan DÖVLƏT

GÜNDƏM 16 yan 2021, 10:30
Azərbaycan tarixi bir gün yaşadı. 30 ilə yaxın davam edən işğala son verilməsinin ardınca Azərbaycan Prezidenti Qarabağın tacı Şuşaya səfər etdi.

Bu səfər böyük intizarla gözlənilirdi. Şuşanın əzəməti nədirsə, Ali Baş Komandanın qalib bir görkəmdə, dövlətin birinci şəxsi kimi o diyara ayaq basması da eynən əzəmətli bir hadisədir.

Prezident İlham Əliyev ilk dəfə deyildi ki, Şuşada olurdu. 39 il bundan öncə məhz yanvarın 14-də Şuşaya edilən səfər bizə məşhur fotolardan bəllidir. Atası ilə birgədir. 1982-ci il yanvarın 14-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində.

O zaman O, olduqca gənc, dövlət idarəçiliyi məsələlərini kənardan izləyən bir siyasət insanı idi. O zaman dövlətin sözünü deyən Heydər Əliyev idi, O isə öyrənirdi. Bu gün həmin yerdə dövlətin sözünü deyən Odur! Mübarizəsini aparan Odur! Qalib Odur! Bu gün həmin yerdə Müzəffər Ali Baş Komandan, müstəqil ölkənin Prezidenti kimi dayanıb, o vaxtkı fotonu əlində nümayiş etdirərkən İlham Əliyev düşmənə, onun havadarlarına çox gözəl bir cavab verdi - Şuşa öz sahiblərinin əlindədir! Bu, əsla yuxu deyil, xəyal deyil, gerçəkdir: Şuşa azaddır! Şuşa üçün dövlətin atacağı  konkret, sürətli, hərtərəfli inkişafı özündə ehtiva edən proyektlər var! Dövlətin rəsmən orada görünməsi, səslənən mühüm bəyanatlar Şuşanın yenidən doğulma günü idi! İlham Əliyev aydın hiss etdirdi ki, bu səfərin dövlət rəhbəri olmaqdan başqa, onun üçün bir vətəndaş, bu torpağın övladı kimi ayrıca bir sevinci var. Gecəni necə yatmağı, Şuşadan getmək istəməməyi duyğusal kəlmələrdir və Prezidentin yaşadığı hiss-həyacanı cəmiyyətə kövrək notlarda anladır.

İlham Əliyevin atasıyla Şuşaya olan səfəri və bu səfər arasında paralellik ona görədir ki, hər ikisində cəsarətli məqamlar var. Sovet dövründə Qarabağ xanının vəziri olmuş insanın, Molla Pənah Vaqifin qəbrinin olduğu yerdə məqbərə ucaltmaq özü olduqca cəsarətli bir addım idi. Prezident səfəri zamanı o tarixi anı ona görə xatırlatdı ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bu cəsarəti bacarmışdı.

Bu gün Şuşanın erməni tapdağından qurtarılması da cəsarət, güc, iradə və ağılın sayəsində əldə olunan zəfərdir. Baxmayaraq ki, O, özünün də dediyi kimi, Azərbaycanın rəhbəri olaraq heç vaxt Şuşaya gələ bilmədi. Şuşa düşmənin əsarətində qalmasaydı, sözsüz İlham Əliyevin bu diyarda inşasında iştirak edəcəyi nə qədər elmi, mədəni, sosial, iqtisadi müəssisələr ola bilərdi. Təbii ki, bundan sonra Şuşada atılacaq cəsarətli, lazımlı addımlarda İlham Əliyevin imzası görünəcək: Vaqif Poeziya Günləri bərpa ediləcək, “Xarı bülbül” festivalı keçiriləcək və daha neçə-neçə  mədəni tədbirlərin səsi-sorağı dumanlı dağları olan gözəl yurddan gələcək.

İlham Əliyev prinsipialdır - O, Şuşanı tikəcək. Qətiyyətlidir - O, yeniliyin və köhnəliyin sintezindən gözəl bir Şuşa yaradacaq! Çünki İlham Əliyev Şuşaya olan həssaslığını, sevgisini səsinin tonundakı kövrəklikdə, düşmənə nifrətini anladan qəzəbində bizlərə göstərib, sübut edə bilib. Bu gün bir daha etdi.

Bu gün hər bir azərbaycanlı azad Şuşanı Prezidentlə birlikdə, tamam ayrı bir duyğuda qürurla seyr etdi. Cıdır düzündə dayanan Paşinyan yox, bu torpağın ÖZ OĞLU idi! Vaxtilə təhqir olunan, dağıdılan, sürgün edilən istedadların büstləri gözəl bir halda öz yerinə qayıtmışdı. Prezidentin baxışlarında o qürur daha aydın sezilırdi. Ona görə ki, qədim Azərbaycan yurdunun azad edilməsi onun rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq qələbəsinin ən möhtəşəm səhifəsidir. Şuşa Zəfərinin arxasında təkcə peşəkar ordu dayanmırdı. Onun üçün milli ruh, milli qürur da savaşırdı. Sonunda Şuşa öz sahiblərinin etibarlı əlindədir. Daha bir son İlham Əliyevin Azərbaycanın dövlət bayrağını ucaltması, 30 il erməni nəfəsi ilə murdarlanan, erməni bayrağı ilə haqsızlığa uğrayan Şuşada Azərbaycan dövlətinin simvollarının görünməsi oldu.

Prezident dövlətin simvoludur, demək ki, Şuşaya dövlət qədəm atdı, demək ki, orda “son” olan kəlməsi yoxdur, əslində. Orda hər gün, hər zaman hər şey gözəl bir başlanğıc olacaq. Orda hər şey yeni başlayır. Bu gün biz nəsillərin, sabah gələcək nəsillərin əliylə. Gələcək nəsillər Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün böyük mədəniyyət, istedad, mənəvi xəzinə olan büstlərinə yaşadığımız hadisələrdən öyrənərək sahib çıxacaq və o yurdu necə qorumaq, nə üçün qorumaq lazım olduğu bugündən öyrənib, mirasa çevirəcək.

Elman Babayev
Əməkdar jurnalist

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top