Ceyhun Bayramovla ISESCO baş direktoru müzakirələr apardı

XARİCİ SİYASƏT 15 yan 2021, 13:42
15 yanvarda Xarici İşlər naziri Ceyhun Bayramov ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

C.Bayramov Azərbaycanla ISESCO arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən danışıb.

Azərbaycanın öz ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini bildirən nazir, hökumət tərəfindən bu sahədə görülən işləri xüsusilə vurğulayıb.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ISESCO tərəfindən dəstəkləndiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı ISESCO tərəfindən verilmiş bəyanatın yüksək qiymətləndirildiyi baş direktorun diqqətinə çatdırılıb.

Nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-mədəni irsin dağıdılması və məhv edilməsinə diqqət yönəldib. O, son onilliklər ərzində Azərbaycanın bu məsələ ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etdiyini söyləyib.

Baş direktor Salim bin Məhəmməd əl-Malik həyata keçirdiyi bu səfəri olduqca uğurlu qiymətləndirib. O, səfərin yalnız yüksək səviyyəli rəsmilərlə görüş baxımından deyil, habelə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından səmərəli olduğunu vurğulayıb.

Ərazilərlə tanışlıq zamanı buradakı dağıntıların miqyasının, o cümlədən dini abidələr, məzarlıqlar, muzeylər, yaşayış evləri və digər tikililərin məhv edilməsinin bu dağıdıcı siyasətin onilliklər ərzində məqsədyönlü şəkildə aparılmasının bariz nümunəsi olduğu qeyd olunub.

Görüşdə tərəflər, həmçinin Azərbaycan-ISESCO əməkdaşlığının gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top