Bakıda polis taksi sürücüsü və tanışını niyə həbs etdi? — Şok təfərrüat

KRİMİNAL 14 yan 2021, 12:09
Bakıda narkotik alverində ittiham olunan 1965-ci il təvəllüdlü Natiq Hüseynov və 1959-cu il təvəllüdlü Ağazaman Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Natiq Hüseynov satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən 1,734 qram çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin əldə edib.

O, həmin narkotik vasitəni 2019-cu il noyabrın əvvəllərində tanışı Ağazaman Məlikova kirayədə yaşadığı Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsindəki evdə 80 manata satıb.

Daxil olan məlumat əsasında noyabrın 18-də saat 15.36-da Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağazaman Məlikovun yaşadığı ünvana baxış keçirilib.

Qonaq otağındakı televizor altlığında olan Natiq Hüseynovun satdığı narkotik vasitələr aşkarlanıb.

Bundan başqa, Natiq Hüseynov təkrarən satış məqsədi ilə qanunsuz olaraq 2019-cu il noyabrın ortalarında istintaqa məlum olmayan şəraitdə naməlum mənbədən 3,505 qram çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin əldə edib, gələcəkdə satışını həyata keçirməsi üçün dörd ədəd ayrı-ayrı hissələrə bölməklə icarə müqaviləsi əsasında idarə etdiyi “Azərmaş” MMC-yə məxsus avtomobilin salonunda saxlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Hüseynov saxlanılıb, həmin avtomaşına baxış keçirilərkən salonundakı külqabıdan dörd ədəd bükümdə kustar üsulla hazırlanan təmiz çəkiləri 0,390 qram, 1,043 qram, 1,057 qram və 1,015 qram olmaqla ümumilikdə 3,505 qram çəkidə heroin aşkar edilib.

İstintaq orqanı tərəfindən Natiq Hüseynovun barəsində Cinayət Məcəlləsinin 234.4.2-ci (qanunsuz olaraq təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən şəxsin barəsində isə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq Hüseynov elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Natiq Hüseynov bildirib ki, 2017-ci ildən “9933” MMC-də taksi sürücüsü işləyib: “Noyabrın 18-də saat 12-13 radələrində idarə etdiyim avtomobillə Cəmşid Naxçıvanski küçəsi ilə müştərini apararkən bir neçə günün tanışı olan Ağazaman idarə etdiyim avtomaşını əl işarəsi ilə saxlamaqla ad günündən qalma bahalı viskiləri satmaq istədiyini bildirdi. Mən isə bu haqda başqa vaxt danışacağımızı dedim. Ağazaman yerə düşmək istədiyi zaman üç nəfər arxa qapıdan daxil olmaqla polis əməkdaşları olduqlarını bildirdi, aşağı enməyimizi tələb etdi, üzərimizdə axtardıqda heç nə tapmasalar da, mənə a təhkim edilən nəqliyyat vasitəsini polislər sürərək bizi Bakı şəhər Baş Polis İdarəsinə apardılar”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, polis işçilərindən onu buraxmasını xahiş edib: “Avtomobilə baxarkən kül qabının yanından bir büküm götürərək kimin olduğunu soruşanda, videoçəkiliş qarşısında bükümün mənim olduğunu deməyə və idarədə müvafiq izahat yazmağa məcbur etdilər. Ağazamana narkotik vasitə satmamışam, həmçinin idarə etdiyim avtomaşından aşkar olunan narkotik vasitə heroin mənə məxsus deyil”.

Digər təqsirləndirilən şəxs Ağazaman Məlikov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, üç aydan çoxdur narkotik vasitə heroinin aludəçisi olub: “Həmin maddəni Əhməd adlı oğlandan şəxsi istifadəm üçün almışam. Noyabrın 18-də saat 12-13 radələrində Cəmşid Naxçıvanski küçəsi ilə müştəri aparan tanış taksi sürücüsü Natiq Hüseynovun idarə etdiyi avtomobili saxlatdım, sonuncuya ad günümdən qalma bahalı viskiləri satmağı fikirləşdiyimi bildirdim. Bu vaxt polis əməkdaşı olduqlarını bildirən üç nəfər şəxs avtomaşına arxa qapıdan daxil olaraq yerə düşməyimizi tələb etdilər. Üzərimizdə axtardıqda, heç nə aşkar edilmədi. Yaşadığım evdə narkotik vasitə olduğunu bildirəndə göstərilən tarixdə videoçəkilişlə baxış keçirilməklə üç büküm narkotik vasitə, iki ədəd viski və bir ədəd çaxır götürüldü. Natiqdən narkotik vasitə almamışam. Natiqin sürdüyü avtomobildən narkotik vasitə tapılmayıb, avtomaşında guya aşkar edilən bir büküm narkotikin kimin olduğunu polislər soruşanda, bizim olmadığını bildirsək də, polis işçiləri videoçəkiliş apararaq bükümün Natiqin olduğunu deməyə məcbur edərək istədiklərinə nail olublar”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Hüseynov 5 il 6 ay, Ağazaman Məlikov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top