Sumqayıtda olay: Gənc oğlan əmisinin gözünü çıxardı — Təfərrüat

KRİMİNAL 14 yan 2021, 12:06
Sumqayıt şəhərində cinayət törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Novruz Fərzizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, 19 avqust 2019-cu il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri 45-ci məhəllədə “Xatirə” xeyr-şər evinin qarşısındakı dayanacaqda Novruz Fərzizadə ilə əmisi Mail Fərziyevin arasında mübahisə yaranıb.

Mübahisə zamanı üzərində Novruz Fərzizadə özündə olan bıçağın arxa hissəsi ilə Mail Fərziyevin başına və sol gözünə vurub. Onu yerə yıxaraq təpiklə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Novruz Fərzizadənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Novruz Fərzizadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, əmisi Mail Fərziyev ilə birlikdə Sumqayıt şəhəri Corat bağlarında yaşayıb: “Əmim ruhi xəstə olduğu üçün ona qulluq etmişəm. Əmim ayıq olanda heç bir problem yaratmırdı. Lakin sərxoş olanda idarə olunmuz vəziyyətə düşürdü. Biz əvvəllər Sumqayıt şəhəri, 45-ci məhəllədə yaşayan köhnə qonşuları görmək üçün tez-tez oraya baş çəkirdik”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən günü, saat 23 radələrində Sumqayıt şəhəri 45-ci məhəlldə yaşayan köhnə məhəllənin qarşısına gəlib: “Əmim sərxoş halda qonşuların və onların ailə üzvülərini nalayiq söyüşlərlə söyməsini gördüm. Onu oradan uzaqlaşdırmağa çalışsam da bunu bacarmadım. Əksinə əmim mənim özümü də söyərək, üstümə gəldi. Bu zaman əsəblərimi cilovlaya bilməyərək cibimdə olan bıçağın qundağı ilə əmimin baş nahiyəsinə bir neçə dəfə vurdum. Orada olan qonşular məni əmimdən araladılar. Oradan uzaqlaşaraq getdim. Etdiyim əməldən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mail Fərzizadə bildirib ki, təqsirləndirilən şəxs mərhum qardaşı Şəkərəlinin oğludur: “Novruzla Corat bağları massivində birlikdə aldığımız evdə yaşamışıql. Mən ruhi xəstəyəm, Sumqayıt şəhər poliklinikasında şizofreniya xəstəliyi ilə əlaqədar qeydiyyatdayam. Mənə Novruz və Novruzun anası Sevinc qayğı göstərirdilər. İçkiyə meyilli olmaqla spirtli içki qəbul etdikdən sonra etdiklərimi xatırlamıram. Elə hadisə günü də sərxoş olmuşam. Həmin gün saat 22-23 radələrində yaşadığım Corat bağları massivindən avtobusla əvvəllər yaşadığım Sumqayıt şəhəri 45-ci məhəlləyə gəldim. Orada köhnə qonşularımız Amil və Ziyadı görüb, söhbət etdik. Təxminən 5-10 dəqiqə sonra qardaşım oğlu yanımıza gəldi. Bundan sonra nə baş verdiyini xatırlamıram”.

Mail Fərziyevin ifadəsinə görə, sonradan içkili olduğu üçün məhəllədə söyüş söyüb, qardaşı oğlu Novruz da onu sakitləşdirməyə çalışdığını bilib: “Lakin məni sakitləşdirə bilməyib, əksinə Novruzu da söyməyə başlamışam. Novruz da bıçağın arxa hissəsi ilə başımdan və gözümdən vurub. Zərbənin təsirindən yerə yıxılmışam. Sonra yerdə məni təpiklə vurarkən qonşularımız bizi aralayıb”.

Mail Fərziyev qeyd edib ki, avqustun 20-də Zərifə Əliyeva adına göz xəstəxanasında gözündən əməliyyat olunub:  “Hazırda sol gözüm görmür. Bununla belə, qardaşım oğlunu bağışlamışam. Ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb.

Novruz Fərzizadə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top