ABŞ-a gələndə terror, Azərbaycana gələndə demokratiya?! — "Milli Şura" özünü yenə ifşa etdi...

TƏHLİL 09 yan 2021, 18:15
ABŞ-da insanların Konqresin binasına hücumu terror aktı, qiyam kimi qiymətləndirildiyi halda, ötən ilin 14 iyulunda Azərbaycan parlamentinə hücum niyə xalqın istəyi, hücumun qarşısının alınması isə anti-demokratiya hesab olunur?

Dünya növbəti dəfə ikilistandart mövqeyini nümayiş etdirdi və bir daha məlum oldu ki, indiyə qədər Azərbaycana qarşı edilən hücumların gerçək səbəbi məhz siyasi manipulyasiyadır. 


Dünyanın yanaşmasına görə, ABŞ-da Konqres binasına hücum edənləri güllələmək, onları terrorçu elan etmək olar. 

Azərbaycanda isə vandallar parlament binasına hücum edə, dağıda bilərlər, bunun qarşısını almaq anti-demokratiyadır.

Ötən ilin 14 iyul tarixində insanlar Şəhidlər Xiyabanına yürüş edən zaman bir qrup təxribatçı parlament binasına daxil olaraq, vandalizm davranışları etdi. Azərbaycan polisi etik çərçivədən çıxmadan həmin şəxsləri ərazidən uzaqlaşdırdı. Lakin anti-Azərbaycan qüvvələrin təsirində olan təşkilatlar, onların uzantısı olan “5-ci kalon”un üzvəri, Qərb institutları bunu demokratiyanın pozulması kimi qiymətləndirdilər.

Bir neçə gün öncə ABŞ-da Tramp tərəfdarları Baydenin prezident seçilməsinə etiraz edərək, Konqresin binasına hücum etdi. ABŞ polisi dərhal odlu silaha əl atdı. Konqres binasında etirazçılardan biri öldürüldü, daha sonra 4 nəfər həyatını itirdi. 

Co Bayden bildirdi ki, baş verənlər terror aktı və qiyamdır, Konqres binasına daxil olanlar isə terrorçulardır. 

Qərb institurlar isə baş verənlərə səssiz qaldılar. 

Necə olur ki, Azərbaycan parlamentinə hücumun qarşısının dinc yolla alınması demokratiyanın pozulması, ABŞ Konqresinə hücumun qarşısının qanla alınması qiyamın yatırılması hesab olunur, yaxud Azərbaycan parlamentinə hücum edən vandallar günahsız insanlar, ABŞ Konqresinə hücum edənlər terrorçulardır?!



Bu bir daha göstərir ki, demokratiya, insan haqları, söz azadlığı kimi dəyərlər sadəcə müxtəlif qüvvələrin əlində siyasi manipulyasiyadır. 

Azərbaycan uzun illərdir bu siyasi manipulyasiyaların hədəfi olub. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının arxasında Soros və şəbəkəsi, o cümlədən, bu şəbəkənin tərkibinə daxil olan erməni lobbisi və onların daxili uzantılarının dayandığı sirr deyil. 

Hələ 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center - ESİSC) apardığı araşdırma bu şəbəkənin Azərbaycana qarşı fəaliyyətini de-şifrə etmişdi.

Faktlar sübut edir ki, anti-Azərbaycan kampaniyasının daxili uzantıları bu şəbəkənin maliyyələşdirdiyi “5-ci kalon”un qalıqlarıdır. Azərbaycan parlamentinə hücumu müdafiə edən, bunu söz azadlığı kimi qələmə verən “5-ci kalon”un üzvlərinin ABŞ Konqresində qanla qarşısı alınan hücumu müdafiə etməsi də diqqətdən yayınmır.

“5-ci kalon”un üzvləri Vətən müharibəsi zamanı da Azərbaycan dövlətinə qarı anti-milli fəaliyyət göstərməkdən çəkinmədilər. Çünki onlara gələn tapşırıq belə idi ki, Azərbaycan Ordusunun cəbhədəki uğurları gözdən salınmalı, Ali Baş Komandanın Azərbaycan torpaqlarından ikinci erməni dövlətinin yaradılmasına qarşı prinsipial mövqeyinə görə informasiya müharibəsi aparılmalıdır. Anti-milli qüvvələr müharibə dövründə və ondan sonra bu tapşırıqları canla-başla yerinə yetirdilər.


Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə anti-milli qüvvələrin kimlər olduğunu açıq şəkildə bəyan etdi: 

“Müharibə dövründə bir anti-milli qruplaşma istisna olmaqla, - mən anti-milli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Anti-milli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır”.

Dövlət başçısı qeyd etdi ki, bu anti-milli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır: “Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun anti-milli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu anti-milli şuraya rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər anti-milli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər”.



1990-cı illərdə fərarilik, satqınlıq edənlər Azərbaycanın 20 faiz torpağının işğal altına düşməsinə səbəb oldu. 30 ildən sonra onların qalıqları yenidən iş başındadır.

Azərbaycanın qazandığı zəfəri gözdən salmağa cəhdlər edirlər. İndi anti-milli qüvvələrin əsas missiyası məhz budur. 

Burada həmin qüvvələrin və onlara tapşırıq verənlərin maraqları aydın görünür.

Anti-milli qüvvələr anlayır ki, münaqişənin həlli ilə illərdir hakimiyyətə qarşı istifadə etdikləri Qarabağ kartı əllərindən çıxdı, həm də onların “bir gün bəlkə hakimiyyətə gələrik” gözləntiləri tamamilə yox oldu. Çünki Azərbaycan xalqı bundan sonra Qarabağı azad edənin – Ali Baş Komandanın ətrafında daha da sıx birləşəcək.

Bu qüvvələrin tapşırıq aldıqları anti-Azərbaycan qüvvələrin də marağı Ermənistanın məğlubiyyətini gündəmdən çıxarmaq, Azərbaycan xalqında qazanılan zəfərlə bağlı şübhələr yaratmaq, daxili həmrəyliyi pozmaqdır. 

Göründüyü kimi, illərdir Azərbaycana qarşı qarayaxma kampaniyası aparan xarici qüvvələr daxildəki anti-milli ünsürlərlə əlbir şəraitdə məkrli oyunlar oynayır. Lakin Vətən müharibəsində Azərbaycan xalqı kimin kim olduğunu açıq şəkildə gördü və tarix heç vaxt siyasi ambisiyaları üçün öz dövlətinə, öz xalqına xəyanət edənləri bağışlamayacaq...


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top