Devalvasiya ilə bağlı AÇIQLAMA

MALİYYƏ 07 yan 2021, 10:17
Ötən ilin sonlarında Azərbaycanda yumşaq devalvasiya olacağı iddiaları vardı. Bir çox ekspertlər işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı dövlətin xərclərinin çoxalacağını, pandemiyaya görə gəlirlərinin azalacağını, bu şəraitdə məcburən devalvasiyaya gediləcəyini proqnozlaşdırırdılar. Lakin Maliyyə Nazirliyi tərəfindən 2021-ci ilin dövlət büdcəsinə verilən izahatdan, daha sonra Mərkəzi Bankın cari il üçün  açıqladığı pul-maliyyə siyasətindən aydın oldu ki, hökumət milli valyutanın məzənnəsinə çox həssas yanaşır və bu şəraitdə devalvasiya ən son gediləcək addım ola bilər.

Yanvarın 4-də Tarif Şurasının benzin və dizel yanacağının qiymətini artırmaq barədə qərarı həm də onu göstərdi ki, hökumət  devalvasiyadansa, daha az təsirli qiymət artımlarına getməyə üstünlük verib. Əvəzində əhaliyə daha çox təsiri ola biləcək iki istiqamətdə dəstək mexanizmləri yaradılır - ictimai nəqliyyatda çalışan sahibkarlara kompensasiya ödəniləcək, aqrar istehsalçılara yanacağa görə verilən subsidiyaların həcmi artırılacaq. Bu addımlar həm də o deməkdir ki, hökumət əhalinin mənafeyinə toxunan addımlardan yan keçməyə çalışır.

İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Tarif Şurası yanvarın 4-də yalnız dizel yanacağı və benzin deyil, müəyyən sahələrdə də tarifləri artırıb: “Diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb.

Bunlardan bəzilərini qeyd edim:

- Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.

Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:

- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)

- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)

Mənzillər üzrə:

- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):

- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN

- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN

(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib.

Sahibkarlara kompensasiya ödəniləcək - Dizel yanacağının qiymətinin artması  ilə bağlı

Həyətyanı və bağ sahələri üzrə:

- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)

Siyahı böyükdür. Orta hesabla bütün qiymətlər 2 dəfə artıb".

Bunların müəyyən qədər əhalinin xərclərinə təsirləri olacaq. Lakin aydın məsələdir ki, bu təsirlər devalvasiyanın yaradacağı təsirlərdən qat-qat aşağıdır. Ekspert bildirir ki, hər bir hökumətin devalvasiyaya getmə səbəbləri müxtəlif olur: “Devalvasiyaya nə üçün gedildiyini müəyyənləşdirmək lazımdır. Adətən əsas səbəblərdən biri qismində büdcə kəsirinin örtülməsi çıxış edir: devalvasiya nəticəsində qiymətlər qalxır, ona müvafiq olaraq da toplanan vergilər artır. Neftdən asılı olan ölkələrdə devalvasiyaya ona görə gedirlər ki, ölkəyə gələn 1 dollar büdcəyə daha çox pul versin. Devalvasiyanın digər məqsədi ixracı stimullaşdırmaqdır, çünki yerli valyuta nə qədər ucuz olarsa, ixrac bir o qədər səmərəli olar. Üçüncü səbəb ölkənin valyuta ehtiyatlarını qorumaqdır - 2015-ci ildə Azərbaycan hökuməti məhz buna görə devalvasiyaya getdi. İndi də bu səbəblərdən biri üzrə zərurət yaranarsa, hökumət devalvasiyaya gedər. Gəlin görək, bunlardan hansı realdır? İxracın stimullaşdırılması amili Azərbaycanda mühüm rola malik ola bilməz, çünki qeyri-neft ixracatımız çox cüzi həcmə malikdir. Qalır iki amil. Valyuta ehtiyatlarının qorunması zərurəti indilik yoxdur - dollara tələbat kəskin artmır. Dövlət büdcəsinin kəsirinin örtülməsini isə hökumət xarici və daxili borclanma ilə təmin etmək niyyətindədir. Son qiymət artımları büdcəyə gələcək vəsaitlərin də artımına nail olacaq”.

S.Əliyev qeyd edir ki, neftin dünya bazar qiymətinin 45 dollar civarında olması gözlənilir ki, bu da Azərbaycanda devalvasiyaya gedilməsi ehtimalını azaldır: “Ən azı birinci rüb ərzində devalvasiyaya gedilməyəcəyini əminliklə söyləmək olar. Bütün il ərzində mövcud məzənnənin saxlanması isə yenə də neft qiymətlərindən asılıdır. Hansısa fors-major halı yaranıb, neftin qiyməti kəskin enərsə, hökumət valyuta ehtiyatlarını qorumaq üçün devalvasiyaya gedə bilər. Belə hal yaranmayacaqsa, dövlətin məqsədi 2021-ci ilin sonuna qədər devalvasiyaya getməməkdir və buna nail olacaq”.

Ekspertin fikrincə, devalvasiya zərurəti yaranarsa, ilk növbədə onun hansı həddə olmasını müəyyənləşdirmək üçün dəqiq hesablamalar aparılmalıdır: “50 faiz devalvasiya iqtisadiyyatı çökdürər. Buna görə də zərurət yaranarsa, daha aşağı səviyyədə devalvasiyaya gedilməsi mümkündür. Məsələn, 20 faizlik devalvasiya Neft Fondundan büdcəyə transfertlərdə 20 faiz qənaət deməkdir. Lakin bu 20 faiz digər istiqamətlərdə elə fəsadlar yaradacaq ki, zərəri xeyrindən çox olacaq. Buna görə də hətta qərar veriləcəksə belə, optimal variantı tapmaq üçün dəqiq hesablamalar aparılmalıdır”.(musavat.com)

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top