Teleməkanın Tolikdən xilasının zamanı gəlmədimi? — YAZI

TƏHLİL 05 yan 2021, 12:30
“Tolik” kimi tanınan və Azərbaycan teleməkanında hələ də ekranlardan boylanan Tarix Əliyevin Azərbaycan əsgərinə qarşı etdikləri cəmiyyətin də, elə media cameəsinin də səbr kasasını dolduran son damla oldu.

Vətən müharibəsində travma alan və buna görə nitq qabiliyyəti pozulan əsgərlərdən biri ilə canlı bağlantı yaradan Tolik həmin əsgərə aldığını dediyi telefonu göstərir və deyir:

- Bilmirsən bu nədir?

Daha sonra əsgərə xitabən, “Kül sənin başına...” deyə təhqir edir.

Bəli, kül olsun hələ də Tolik kimilərə dözənlərin, kül olsun bu üzdəniraqlara hələ də efir vaxtı verənlərin başına. 

Azərbaycan əsgəri Tolikin əcaib yardımlarınamı qalıb?! 

Xeyr, amma sanki kimlərsə Tolikə şərait yaradır, yol verir və bu nə olduğu bilinməyən şəxs Azərbaycan əsgərinin üzərindən xal qazanır, hətta o qədər harınmayıb ki, əsgərə “kül sənin başına” demək ixtiyarını da özündə görür.

O əsgər ki, Vətən müharibəsində qanı ilə, canı ilə döyüşdü, işğal altındakı torpaqlarımızı azad etdi. O əsgər ki, bu ölkənin ali rəhbərliyi onları başının tacı edib. 

O əsgər ki, həm də kimlərinsə ortaya saldığı Tolik kimilərin təhqirlərinə məruz qalır.

Pasportunda Tarix Əliyev yazılan Tolikin nə olduğunu hər kəs yaxşı bilir, amma çoxumuz onun niyə Azərbaycan teleməkanında gah əxlaq dərsi keçdiyini, gah “yardım kampaniyaları” təşkil etdiyini, gah da əsgərlər üzərindən reklam apardığını bilmirik. 

Necə oldu ki, Tolik teleməkanın ulduzuna çevrildi?



Bu şəxsin sosial şəbəkələrdə nələrsə paylaşmasına kimsə heç nə demir, öz işidir. Amma telekanallara çıxıb veriliş aparması və apardığı verilişlərdə gic-gic hərəkətlər etməsi haqlı olaraq insanlarımızda narazılıq yaradır. 

Tolikin teleməkana ayaq açması və sözün gerçək mənasında at oynatması Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qoyub getdiyi acı miraslardandır.

Vaxtilə Xəzər TV-də “Hər şey daxil” adlı veriliş aparan Tolik verilişinə sözün həqiqi mənasında hər şeyi daxil etmiş, özünü “əxlaq mücəssiməsi” kimi aparır, istədiyi söyüşü söyür və bunun fonunda tamaşıçılara “müəllimlik” etməyə çalışırdı. Amma MTRŞ bütün bunlara göz yumur, sanki efirdə baş verən qeyri-etik davranışları görmürdü. Çünki Tolikin arxasında Əli Həsənov dayanırdı. Hətta media resurslarına Tolik haqqında istənilən tənqidə birbaşa Əli Həsənovun göstərişi ilə sərt reaksiyalar verilir, dərhal tənqidin silinməsi üçün hərəkətə keçilir, silinmədiyi təqdirdə həmin media resursu Əli Həsənovun “qara siyahı”sına salınırdı.



Demokrat.az saytı da Tolikə görə “qara siyahı”ya salınan media resurslarından biri olub. Haqlı tənqidə görə biz dəfələrlə Əli Həsənovun göstərişi ilə təzyiqlərə məruz qalmışdıq.

İndi Əli Həsənov artıq vəzifədə deyil, amma onun qoyub getdiyi acı miras hələ də qalmaqdadır. Efirlərdə “Tolik rüzgarı”nın davam etməsi bunun əyani sübutudur.

Əli Həsənovun teleməkanda məşhurlaşdırdığı Tolik o qədər cəzasız qalıb ki, Vətən müharibəsində döyüşmüş və travma alaraq nitq qüsuru ilə üzləşən Azərbaycan əsgərinə “kül sənin başına” deyə biləcək qədər irəli gedə bilir. 
 


Bu onun səviyyəsini, mahiyyətini və nə olduğunu göstərir. Burada məsələ belələrinin hələ də teleməkanda olması, ekranlardan boylanaraq, cəmiyyətə “əxlaq dərsi” keçməsidir.

Artıq Əli Həsənovun bu rəzil mirasından – Tolikdən xilas olmağın vaxtı çatıb. Bu şəxsin bundan sonra nəinki hansısa telekanalda veriliş aparması, ümumiyyətlə ekranda görünməsi belə Vətən müharibəsində qan tökmüş, can vermiş şəhidlərimizə, qazilərimizə, ümumilikdə şanlı ordumuza hörmətsizlikdir.

İstisna deyil ki, "5-ci kalon" Tolik kimilərin əli ilə Azərbaycanın qalib əsgərinə qarşı məkrli niyyətlər həyata keçirir və məqsəd Vətən müharibəsində qələbə qazanan ordumuzun nüfuzuna xələl gətirməkdir. Çünki Tolikin əsgərə “yardımları” anti-Azərbaycan qüvvələrin əlində “dövlət orduya yardım etmir, ordu Tolikin ümidinə qalıb” kimi iddiaların irəli sürülməsinə səbəb olur. 

Dövlət bunu da diqqətdən qaçırmamalı və bir an öncə lazımı addımlar atılmalıdır. Əks təqdirdə, Tolik kimilər hələ çox dəyərləri aşağılamağa davam edəcəklər...


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top