"Rusiya ilə toqquşmaq həqiqətənmi işin faydasınadır? — Zahid Oruc

MÜSAHİBƏ 01 yan 2021, 15:16
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı  Zahid Oruc müsahibə verib.

Demokrat.az həmin müsahibəni təqdim edir.

- Zahid müəllim, Qarabağda yerləşdiriləcək sülhməramlıların tərkibi, yəni hansı ölkəyə məxsus olması ilə bağlı uzun müddət müxtəlif diskussiyalar gedir, fərqli təkliflər irəli sürülürdü. Hətta Finlandiya kimi bitərəf, münaqişədə marağı olmayan ölkələrin də adı çəkilirdi. Sizcə, niyə görə məhz Rusiya sülhməramlıları?..

-Həqiqətən də, 90-cı illərin əvvəllərindən faktiki olaraq sülhyaradıcı missiyanın regiona yerləşdirilməsi münaqişənin istər aktiv, istərsə də passiv fazasında gündəmdə olub. Bundan ötrü müəyyən hüquqi cəhdlər də məhz o dövrdə edilib.

Xatırlayaq ki, ATƏT-in əvvəlcə Budapeşt Sammitində, Lissabonda keçirilən görüşlər zamanı bu məsələ ətrafında müəyyən konsensusa gəlinməsi istənilib. Doğrudur, o zaman ATƏT-in Minsk Qrupunun həmsədrləri formatı yeni yaranmışdı. Söhbət 1994-1995-ci illərdən gedir. O dövrdə regionda hələ ki müxtəlif dövlətlərin maraq və mənafelərinin tam sona qədər uzlaşması baş verməmişdi. Yəni Sovetlər Birliyi dağılmışdı. Bu birliyin hüquqi və siyasi varisi kimi Rusiyanın özünün separatizimlə üz-üzə qalması fonunda bütün regional və beynəlxalq proseslərə müdaxilə imkanları aşağı düşmüşdü.

Digər tərəfdən, ABŞ bölgəyə gəlmişdisə də, hələ sona qədər prosesləri ələ ala bilməmişdi. Təsadüfi deyil ki, bu həm Gürcüstanın, həm də Moldovanın problemlərində özünü göstərməkdə idi. Avropa Birliyinə daxil olan ölkələr də öz xarici siyasət hədəflərini sona qədər müəyyən etməmişdilər.

Belə bir şəraitdə hər hansı hərbi kontingentin formalaşacağı təqdirdə ilkin dövrdə bu, yalnız BMT çərçivəsində mümkün görünürdü. Qeyd edək ki, BMT çərçivəsində sülhməramlılar həqiqətən dünyada müxtəlif silahlı toqquşmalar zamanı missiya olaraq fəaliyyət aparmışdılar. Bu səbəbdən “mavi dəbilqəlilər” termini daha məşhur idi. Bununla bərabər, Azərbaycanda həmin qüvvələrin məhz çoxmillətli əsasla formalaşması istəkləri vardı. Bu da başadüşülən idi. Çünki hər hansı ölkənin hərbi cəhətdən dominantlığı, say üstünlüyü avtomatik olaraq onun bölgədə sanki hökmranlığına yol açmış olurdu.

Belə hesab olunurdu ki, bu, az qala hərbi baza statusu qazanmaq anlamına gəlir. Digər tərəfdən bu amil həmin ölkənin siyasi müstəqilliyini bu və ya digər formada əngəlləyir. Lakin sonrakı dövrdə artıq bölgədə qüvvələr nisbəti tarazlaşdıqca bu sülhyaradıcı məsələdə qeyd etdiyimiz çəki və düzən məhz o istiqamətdə razılaşdırıldı. Təsadüfi deyil ki, “hər hansı bir ölkənin silahlı kontigentinin sayı ümumi tərkibin 33 faizindən yuxarı ola bilməz” müddəası da məhz o dövrdən meydana çıxdı. Bu, həqiqətən son dərəcə ölçülü bir arxitektura, format olardı.

Ancaq həmin dövrdə regiondakı reallıqlar tam başqa bir mənzərəni ifadə edirdi. Azərbaycan həmin dövrdə maksimum dərəcədə həmin modelin tətbiqini, həmin qüvvələrin gəlişini əngəllədi. Çünki bu, arabanın atın önünə keçirilməsi demək olardı. Yəni bölgənin taleyini həll etmədən qüvvələri orada yerləşdirmək bir çox ağrılı nəticələrə gətiib çıxara bilərdi.

Çünki bu amil bir sıra beynəlxalq münaqişələrdə öz-özlüyündə yeni problemlərə meydan açmışdı. Faktiki olaraq məsələnin köklü həlli tam ertələnmişdi. Ona görə də həmin dövrdə Azərbaycan özünün xarici siyasət kursunu çox mükəmməl qurdu. Ulu öndər Heydər Əliyevin sayəsində o dövrdə hər hansı bir egida, ad altında bölgəyə hərbi kontingent yerləşdirilmədi. Əgər problem bütövlükdə həll edilsəydi, bölgəyə gələn qüvvələrin qarşısında qoyulan vəzifələr nədən ibarət olacaqdı? Qeyd edək ki, Balkanlarda həmin kontingent var idi. Azərbaycan da orada iştirak edirdi. Serbiyada, Kosovada, İraqda, Əfqanıstanda çoxmillətli kontingentin missiyaları bölüşdürülmüşdü. Azərbaycanın Əfqanıstana gedən sülhməramlıları qardaş Türkiyənin bayrağı altında hərəkət edirdi.

İndi yaranmış reallıq şəraitində Azərbaycan bizim üçün sərfəli olan ən düzgün addımı atdı: Vətən müharibəsinin qalibi kimi Azərbaycan özünün güclü, prinsipial mövqeyindən və savaşda əldə edilmiş uğurlu nəticələrdən siyasi, diplomatik və hüquqi müstəvidə də istifadə edəcək. Ali Baş Komandanın dediyi kimi, Azərbaycan olanları bir tarix kimi keçmişdə saxlamaq, gələcəyə yeni nəzərlərlə baxmaq, regionu geniş bir kommunikativ, hüquqi, siyasi, diplomatik məkan kimi açmaq niyyətindədir.

Bu savaşda Azərbaycan elə bir nailiyyət əldə edib ki, region dövlətlərinin daha sıx əmkdaşlığı üçün geniş imkanlar yaranıb, erməni faşizminin başının əzilməsi bölgədə bütün dövlətlərin faydasınadır. Hətta rasional düşünməyi bacaran bir ovuc erməni varsa, bu əməkdaşlıq platformasının Ermənistan üçün də faydalı ola biləcəyini görə bilər. 83 milyonluq Türkiyəyə, 10 milyonluq Azərbaycana yolu açılar. Regionun arxitekturasını cızan, yeni qüvvələr nisbətini formalaşdıran bir dövlət region dövlətlərinə yeni əməkdaşlıq platforması təqdim edir. Qonşu İranda 30 milyondan artıq türkün yaşaması fonunda bu regionda düşmənçiliyi körükləməyin hər hansı faydası yoxdur. Ona görə də, sülhməramlı qüvvə məhz qeyd etdiyimiz istiqamətdə olmalı idi.

- Tarixi təcrübədən çıxış edərək Rusiyanın bu məsələdə neytral davaranacığına şübhəylə yanaşanlar var və bu cür fikirlər sosial şəbəkələdə xüsusilə çox səslənir. Bu narahatlığı bölüşürsünüzmü? Hansı əks-arqumentləriniz var?

- 44 günlük müqəddəs savaş dövründə Azərbaycan xalqı bütövlükdə dünyada gedən prosesləri sanki yeni nəzərlərlə qarşıladı. Bu siyasətin əsl dərinliyinə vardı. Bağlı qapılar arxasında aparılan bu siyasətin mühüm bir hissəsinin açıq fazaya keçməsi insanlarımızı haqlı olaraq hiddətləndirdi. Xüsusilə özünü demokratik Qərb dünyasının ayrılmaz hissəsi kimi aparan, dünyaya böyük ideallar bəxş etdiyini söyləyən, hakimiyyət bölgüsü prinsipi, Marselyoza sədaları, birlik, bərabərlik, qardaşlıq kimi tarixi şüarlar səsləndirən, müqavimət hərəkatı sərgiləyən Fransanın davranışları belə qənaət yaratdı ki, uzun on illər münaqişənin mövcudluğu məhz kənar uzantılara bağlı olub.

II Dünya müharibəsindəki məğlubiyyətini alman xalqı qəbul edir, generallar kaputulyasiya aktını imzalayır. Ancaq hansısa 3-4-cü qüvvələr deyir ki, biz bununla razı deyilik. Bunu necə qarşılamaq olar? Təbii ki, bu yanaşmaya süngü ilə qarşılıq verilə bilər.

Azərbaycan üçün bu müharibənin yekununda qeyd edə bilərik ki, Ermənistan üzərində yüz illər təsiri olan Rusiyanın simasında Qorbaçov və Yeltsinin səthi davranışları çox qiymətli idi. Bu siyasi neytrallıq mövqeyi deyildi. Bu rəhbərlərin dövründə rus əsgərinin Azərbaycan əleyhinə hərbi əməliyyata itələnməsi, onun erməni maraqları üçün əsir edilməsinin önə çıxarılması, birgəyaşayışa, rus xalqı və dövləti ilə olan münasibətlərə xeyli mənfi təsir göstərib. Ona görə də insanlarımızda buna münasibətdə haqlı narazılıqlar başadüşüləndir.

Rusiyada müəyyən millətçi, şovinist qüvvələrlə yanaşı Azərbaycanla münasibətlərin tərəfini tutan, obyektiv mövqe sərgiləyən, informasiya məkanında aktiv fəaliyyət aparan, 90-cı illərdə Sarokina və başqaları kimi bədnam şəxslərdən fərqli olaraq efir məkanında özünü göstərən, o cümlədən Rusiya elitasında da bu davranışları davam etdirən xətti biz qoruyub saxladıq. Bunun sayəsində Rusiyanın sona kimi mövqeyi beynəlxalq hüququ aşan və ərazilərimizə doğru hansısa bir hərbi əməliyyatlar səviyyəsində baş vermədi. Açıq deyək ki, buna dair istəklər, cəhdlər mövcud idi. Bu istəklər doğrulmadıqda nələrin baş verdiyi isə hər kəsə bəllidir.

Ciddi ixtilaflar, ittihamlar, kəskin tənqidlər və yaxud başqa bir geosiyasi məkana transfer edəcəklər kimi məlum mənzərə göründü. Dövlətimizin strateji gücü, Ali Baş Komandanın bir lider kimi məharəti ondan ibarət idi ki, o, hansısa dövlətlər arasındakı ciddi ziddiyyətləri də özünün əks-həmlə əməliyyatında nəzərə almışdı. Keçmişdə məhz bunları təmin edə bilməmişdik. Vuruşan oğullarımız hər zaman olub. Onlar nə qədər qeyrətli vətənpərvər insanlardır. 90-cı illərdə şəhidlərimiz düşmənə qarşı az qala yalın əllə döyüşüblər. Siyasəti uduzduğumuz zaman gedib onu hərbi meydanda dəyişdirə biləcək bir vəziyyət yoxdur. Dünya tarixində də belə nümunə olmayıb. Hətta bu halda qazanılmış ayrı-ayrı uğurlar da əldən verilir. Lakin 44 günlük Vətən müharibəsində qazandığımız qələbə tarixi bir hadisədir. Yüz illər ərzində reallaşmamış bir mənzərədir. Bu, cənab Prezident İlham Əliyevin - lider və sərkərdə qüdrətinə malik olan İnsanın hesabına mümkün oldu. Pyotr dövründən miras qalan nəzəriyyələr, prinsiplər, vəsiyyətlər belə ortadan qalxdı. Bunu necə qiymətləndirməmək olar? Rusiya ilə hər hansı bir şəraitdə toqquşub itkilər yaşamaq həqiqətənmi işin faydasınadır?

Bu sülhyaradıcı qüvvələr içərisində hansısa yanlış hərəkətlərin, onların cavabdehlik zonasına aid olmayan sahələrdə hansısa xətaların baş verib-verməyəcəyindən asılı olmayaraq ilk anda əsas götürülən niyyətlər şərh olunur. Bu proses bir dinamikaya malikdir. Sülh özümüzün sona qədər iqtisadi, sosial, mədəni, gerçək həyat quruculuğu tədbirlərimizin görülməsindən asılıdır. Bu, çoxməchullu bir tənlikdir. Bunun bütün həll yollarını açmalı, nailiyyət əldə etməliyik.

10 noyabra qədər hərblə, 1 dekabra qədər hərbi-diplomatik və siyasi yolla, ondan sonrakı dövrdə isə hər bir addımımızla Qarabağı qazanmalıyıq. Biz bunu qazanmışıq. Sadəcə qoruyub-saxlamalıyıq. Bu gün Gorus-Qafan yolu Azərbaycanın nəzarəti altındadır. Kəlbəcərdən Zəngilana qədər 100 kilomertrlərlə məsafədə qalib Azərbaycan Ordusunun tərkib hissəsi olan Sərhəd Qüvvələrinin cəsur əsgər və zabitləri keşik çəkir. 10 kilometrlərlə məsafə - hətta erməni parlamentarilərinin bir qisminin isterik bəyanatlarına söykənərək demək olar ki, İrəvana qədər Azərbaycan Ordusunun nəzarəti altına düşür. Bunu görməmək necə mümkün deyil?

Lokal bir nöqtəyə baxdığımız zaman tablonu bütöv görməyə bilərik. Politologiyada belə bir deyim var: Ağaca çox baxsan metaforadır. Amma ona daha çox baxsan meşəni görmək olur. Ona görə də biz hər hansı bir faktı şərh edərkən ümumi situasiyanı unutmalı deyilik.

Bu gün Azərbaycanın hədəfi artıq yeni ərazi iddiaları deyil, savaş planı cızılmayıb. Lakin Ali Baş Komandan “bizə yeni silahlar lazımdır” bəyanatını səsləndirib. Onun bir lider kimi məharəti ondan ibarətdir ki, 2030-40-cı illərin əsas hədəflərini ortaya qoyub. Bizə məhz bu, lazımdır. Ona görə də ermənilərin öz canlarının hayına qaldıqları bir dövrdə hansısa nöqtədə baş verən hadisəni 90-cı illərin yanaşması ilə qiymətləndirmiş olsaq, öz istəklərimizə gedib çıxmağımız çətin olar.

- Türkiyənin atəşkəsin qorunması və sülhyaratma prosesində iştirak nisbətilə də bağlı narahatlıq var. Bu barədə nə deyə bilərsiz?

- Qardaş Türkiyə ötən yüzillər ərzində hər zaman Azərbaycanın yanında olub. Bu, şübhəsiz ki, vahid bir xalqa mənsubluqdan, eləcə də eyni təhlükənin hər zaman hədəfində olmaqdan irəli gəlir. Bununla bərabər, hazırkı müstəqillik dövründə ilk dəfə Azərbaycanın uğur siyasəti qardaş Türkiyə və Rusiya münasibətlərinin də daha yaxşı səviyyəyə çatmasında mühüm rol oynadı. Bütün bu amillər regionda açar rolunda çıxış etdi. Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə böyük inkişaf yoluna qədəm qoyub: dövlət idarəçiliyində aparılan köklü dəyişikliklər, hərbi qüvvələrin dünyanın demokratik ölkələrində mövcud olan səlahiyyətlər çərçivəsinə qaytarılması, əsas nüvə mərkəzində prezidentin dayandığı bir ölkə aktiv idarə olunan, çevrilişlərin qarşısını alan bir xəttə gəlib çatdı.

Qazi Mustafa Kamal Atatürkün zamanından bu yana bir sıra hallarda Türkiyə dövlətini daxildən sarsıtmağa xidmət edən xarici agentura mərkəzlərinin əlində yem olan, XXI əsrdə Fətullah Gülən kimi gözüyaşlı və arxasında xeyli məkirli planlar cızılmış qüvvədən də xilas olduqdan sonra Türkiyə regionda yeni bir geosiyasi hədəfləri qarşısına qoyan və bunun uğrunda hərbi, siyasi-iqtisadi bir güclə addımlar atan dövlət halına gəlib. Bu amil Azərbaycanın da planlarını, strategiyasını gücləndirdi. Azərbaycanın atmış olduğu bütün addımlar Türkiyənin xeyrinə oldu.

Ölkəmizin iri neft-qaz layihələri olmasaydı, Türkiyənin həqiqətən də həm daxildə, həm də xaricdə imkanları artardımı, azalardımı? Obyektiv təhlil verənlər deyir ki, Azərbaycan artıq sadəcə xarici yardım istehlak edən bir dövlət deyil. Azərbaycan artıq qardaş Türkiyənin də imkanlarını genişləndirir. Onun sözünə dəstək verir. Gələcək sülhməramlı qüvvələrin kontingenti çərçivəsində Azərbaycan-Türkiyə silahlı qüvvələrinin iştirakı da mümkündür. Beynəlxalq egida altında fəaliyyət bir ayrı məsələ idi. İstər Suriyada, Liviyada, istərsə də Egey dənizi çevrəsində Türkiyə ilə birgə addımlar ata bilərik.

Türkiyənin sülhyaradıcı prosesə qoşulması onun regionda malik olduğu hərbi-siyasi gücü nəticəsində baş verdi. Bu bölgədə geosiyasi bir vakkum vardı. Barak Obama dövründən sonra Qərbin maraqları fəal şəkildə bu bölgədə azaldı. Tramp dövründə tamamilə yoxa çıxdı. Qərbi Avropa dövlətləri isə Fransanın timsalında özünə zərbə vurdu. Belə bir dövrdə Türkiyə aktiv formada ATƏT-in Minsk Qrupunun qeyri-rəsmi həmsədrliyi vəziyyətinə gəlib çatdı. Qafqazda Türkiyə qalib gəlirsə, Rusiya ilə eyni mövqedən çıxş edirsə, bu, Türkiyənin son illər yaratdığı yeni reallıqdır. Türkiyənin siyasətdə, hərbdə, diplomatiyada qazandığı uğurlar regional münaqişələrin həllində də onu söz sahibi edib. Beləliklə, Türkiyənin artan gücü onu bu regiona da gətirib çıxarıb.

Belə olan şəraitdə buradakı sülhyaradıcı prosesdə Türkiyə də var. Bu inkarolunmazdır. Buna qarşı getmək Ermənistanın rəhbərliyinin əgər ağlında varsa ölümdür. Digər dövlətlərin bu istiqamətdə cızacağı planalara artıq heç bir şərait yoxdur. İran qüvvələrinin burada iştirak etməməsinə baxmayaraq, onlar dəqiq rəsmi hesablamalara malikdir. Türkiyənın alternativi elə dövlətlərdir ki, bu, qətiyyən İranın strategiyasına uyğun ola bilməz. Bizim üçün isə ən önəmlisi Şuşada türk əsgərinin mövcudluğudur. Bununla bərabər, bu missiya elə bir formada həyata keçirilməlidir ki, onu çatışma meydanına döndərmək istəyənlərin əlinə arqument keçməsin.

Burada əsas şərt məhz budur. İndi belə qüvvələr var. Finlandiya və qeyrisi gəlib burada nə edə bilər? 30-35 faiz insan düşünür ki, Rusiyanın Ermənistana təsir etmək imkanları var. Ermənistan üzərində Rusiyanın əli yenə güclüdür. Baxmayaraq ki, Paşinyanın Qərbpərəst çevrəsi, dəstəkçiləri də var. Bu da inkarolunmazdır.

Amma Ermənistan cəmiyyətində müəyyən bir parçalanma da baş verib. Hətta kilsə ilə fikir ayrılığı var. Bu da Azərbaycanın qələbəsidir. Belə olan şəraitdə biz deməliyik ki, Türkiyənin qələbəmizdən sonrakı missiyası bütövlükdə regionun açılması məqsədini güdür. Çünki 600-650 minlik böyük kontingentə malik, NATO ikincisi olan bir dövlətin qarşısında Ermənistan 2 milyon əhalisi ilə necə dayana bilər? Türk əsgəri Qarsdan daxil olub Ermənistanın içindən keçib gəlib azərbaycanlı qardaşlarına qovuşar.

Ermənistan dünyaya car çəkir ki, Türkiyə ona qarşı vuruşub. Amma sual verilmir ki, Ermənistanın 1 saatlıq gücü vardımı ki, Türkiyənin qarşısında dayansın. Artıq bu sualı da erməni beyini verir. Razılaşaq ki, bu, böyük bir transformasiyadır.

Ən önəmli məsələ odur ki, Azərbaycan Şuşaya yol çəkir. Bu yol Laçın dəhlizini bitirməlidir ki, Naxçıvana gedən yol regionda Ermənistanı kölgədə qoysun. Onların hər hansı bir ovuc revanşist dairəsini belə tamamilə puç etsin.

- Sosial Tədqiqatlar Mərkəzinin Rusiya sülhməramlılarının Qarabağa gəlişi barədə keçirdiyi sorğuya əks mövqelər var. Bunu necə şərh etmək istərdiniz?

- Nə qədər çoxfikirlilik olsa, bu, ümumi işin faydasınadır. İctimai mühit, siyasi məkan daim aktiv polemikalara açıq olmalıdır. Digər tərəfdən, bu, həm də bütün həqiqətlərin meydana çıxmasına yaxşı təsir göstərəcək. Sorğu sənədi dünyanın özündə belə heç zaman yekdilliklə qarşılanmır. Həmişə ondan narazı qalan tərəflər olur. Barometr olmaq bir tərəfdən çətindir. Digər tərəfdən isə onu vurub sındırmaq istəyən qüvvələr hər zaman olacaq.

İstənilən nəticəni şəxsləndirmək, quruplaşdırmaq, bunun üzərindən mülahizələr qurmaq da çox yanlışdır. Burada bir parlament üzvünün şəxsiyyəti ətrafında mülahizələr açmaq, məsələni yalnız o kontekstdə dəyərləndirmək çox yanlışdır. Digər tərəfin mövqeyində isə açıq-aşkar məlumatsızlıq, elmi səbatsızlıq, Mərkəz əməkdaşlarının fəaliyyətini gözardı etmək, tədqiqatla tanış olmamaqdan irəli gələn məsələlər var.

Hazırkı məqamda diskussiya səhnəsinə çevrilən Feysbukda, Tvitterdə və digər platformalarda rəy yazan bir çox qüvvələr artıq məsələyə şəxsi beynindən, düşüncəsindən, gözündən baxır. Bu, bir reallıqdır.

İnformasiya məkanında bir neçə dairənin, dövlətin, mərkəzin maraqlarına xidmət edən diversant qruplar da mövcuddur. Onlar Azərbaycanın informasiya həyatını daim bulandırmaq, parçalamaq, qarşı-qarşıya qoymaq, zəiflətmək, Vətən müharibəsindəki qələbəmizə kölgə salmaq istəyirlər.

Görmədinizmi ki, 44 gündə illərlə xarici paytaxtlarda Azərbaycan dövləti üstünə hücum çəkən qüvvələrin necə rəzil olduqları üzə çıxdı?! Azərbaycan cəmiyyəti sanki onlara yeni nəzərlərlə baxdı. Siz də razılaşarsınız, onlar hiss etdilər ki, birdən-birə auditoriyalarını yalnız internetə tətbiq edilmiş məhdudlaşmadan deyil, eləcə də onların xəttinin, həyata keçirdiklərinin, bədnam təfriqə siyasətinin iflas etməsindən itirdilər. Yenidən o mövqeləri bərpa etmək istəyirlər.

Biz nə baş verdiyinin fərqindəyik. Dövlətə ən müxtəlif sahələrdə təkliflər, təhlillər, şərhlər, arayışlar, tədqiqat sənədləri təqdim edən bir qurumuq. Bizim də borcumuz qaldırılan suallara cavab verməkdir.(teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top