Ağdamın sabiq deputatı: "Xocalı meyitlərini görmüşəm, necə "dost olaq" deyim?!"

MÜSAHİBƏ 29 dek 2020, 21:44
1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, əslən ağdamlı Çimnaz Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı, doğma Ağdam geri qayıtdı. Təəssüratlarınız necədir?

- Sanki dünyaya yenidən gəlmişəm. 27 ildir Ağdamdan çıxmışam. Bu illər ərzində hər gün fikirləşmişəm ki, ay Allah, səhər oyananda deyərdilər Ağdama qayıdırıq... 44 günlük müharibədə qalibiyyətimiz, müzəffər ordumuzun igidliyi, dünya siyasətçiləri arasında öz yerini, mövqeyini təsdiq etmiş Ali Baş Komandanımızın gördüyü işlər, xalqla dövlətin birliyi, bütün bunlar hamısı qələbəmizə gətirib çıxardı.

Mən də bir ağdamlı olaraq deyirdim ki, kaş leksikologiyamızdan məcburi köçkün sözü silinəydi. O sözlər üzərimizdən qalxdı, elə bilirəm ki, təzədən doğulmuşam...

İlk növbədə şəhidlərimizin qarşısında baş əyir, onların ailələrinə səbr diləyirəm. Doğrudur, gedən heç kimin yerini kimsə doldura bilmir. Ondan sonra nə qədər övlad dünyaya gəlsə, dost-tanış da olsa, onları kimsə əvəz edə bilməz. Hamısı bizim övladımızdır. Mən onların hər biri üçün bir ana, bir bacı qədər yanmışam. Ağrılıdır, çox ağrılı... Sosial şəbəkədə şəkillərə baxıram. Baxdıqca deyirəm ki, ilahi, sən bunların hamısını elə o məqama yüksəltmək üçün yaratmısanmış. Hamsının üzündə nur var. Hamısı çox göyçək...

Həqiqətən də o, ali məqamdır, hər kəs o məqama çata bilməz. Allah sevdiyi bəndələri o məqamla mükafatlandırır. Bu gün ancaq onlara rəhmət diləmək, onları yaşatmaqdan başqa heç nə əlimizdən gəlmir.

Kiçik nəvəm, Abdulxaliq 3-cü sinifdə oxuyur. Eşitmə məhdudiyyətli insanlar üçün şəhidlər haqqında kiçik videoçarx hazırlayıblar. Deyirəm ki, sən niyə bunu etdin? Deyir, eşitməyən adamlar başa düşmür axı, jestlərlə onlara izah edirik. Bu gün körpə uşaqlar da şəhidlərimiz haqqında nəsə etmək istəyir, yaddaşlarına həkk edirlər. Bu, xalqımızın böyüklüyü göstərir, uşaqlar gələcəyimizdir. Təbii ki, bütün məcburi köçkünlər kimi mən də ürəkdən sevinirəm.

Ömür boyu Ali Baş Komandana minnətdar olacağam ki, bizi o məcburi köçkün sözünün ağırlığından xilas etdi. Mən ürəklə deyirəm ki, ağdamlıyam, ağdamlı olduğum üçün fəxr edirəm.

- Ağdam xatirələrinizdə necə qalıb?

- Ağdam qayğısız uşaqlığımın, bəxtəvər gəncliyimin ünvanıdır. Ağdamda anadan olub, orada böyümüşəm, məni Ağdam mühiti formalaşdırıb. Ağdamda məktəbi bitirmişəm, ali təhsili qiyabi formada almışam. Mən Ağdamsız yaşamağı təsəvvürümə gətirə bilmirəm. Qiyabi oxumağıma baxmayaraq məni universitetdə saxlamaq istəyirdilər. Rəhmətlik Mircəlal Paşayev diplom rəhbərim olub. Hətta 10 gün diplom müdafiəmi gecikdirdilər ki, universitetdə qalmağa razılıq verim. Mən Ağdamsız qala bilmədim.

O vaxt Respublika Komsomoluna işə dəvət olundum, amma Ağdamsız çətin olduğu üçün getmədim. Təsəvvür edə bilməzdim ki, hardasa 27 il Ağdamsız yaşayacağam. Mənim Ağdamdan çıxmağım balığın sudan çıxarılması kimidir. Yaşadıq, amma nə bilim... Toy, qonaqlıq, şənliklərimiz olub, amma yarımçıq... Ağdamdakı qədər sevinə bilməmişik. Ağdamda adi bir şeyə qəhqəhə ilə gülürdüksə, burada ən məzəli hadisəyə ürəkdən sevinə bilmirik. Bu günə çox şükür.

Mən 40 ilin təxminən 30 ilə yaxın müddətini Ağdamda rəhbər vəzifələrdə işləmişəm. Ağdam rayon Komsomol Komitəsinin birinci katibi olmuşam. 25 min komsomolçuya rəhbərlik etmişəm, o dövrdə bu, çox böyük vəzifə sayılırdı. Komsomol təşkilatı kadr yetişdirməkdə, gənclərin tərbiyəsində, həyata hazırlanmasında çox böyük rol oynayırdı. Daha sonra rayon partiya komitəsində təbliğat və təşkilat şöbəsinin müdiri işlədim. Nəhayət, ən çox sevdiyim vəzifələrdən biri Ağdam rayon mədəniyyət şöbəsinin müdiri idi.

- O vəzifəni sevdirən nə idi?

- Çünki yaradıcı iş idi. "Bəzək vurduqca yaraşıqlanır" misalı... Mədəniyyət elə sahədir ki, nə qədər çox işləsən, yeniliklər əldə etsən, o qədər çox ideyalar yaranır. Nəhayət, 1995-ci il Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışında deputat seçildim. Gördüyüm işlərə yüksək qiymət verildi. Amma onların hamısından daha çox mənə doğma olanı mədəniyyət şöbəsinin müdiri vəzifəsidir.

- Ağdamda insanlar əsasən nə ilə məşğul olurdular?

- 1980-1990-cı illər Ağdamın intibah dövrü idi. Ağdamda istər kənd təsərrüfatı, istər sənaye, mədəniyyət, sosial quruculuq sahəsində həqiqətən çox yüksək inkişaf var idi. O dövrdə Ağdam rayon Partiya Komitəsinin birinci katibi işləyən Sadıq Murtuzayev çox təşəbbüskar insan idi. Ağdamda nə qədər maldarlıq kompleksləri, farel təsərrüfatı yarandı. Ergi düzü abadlaşdırıldı. Ağdam tikinti meydançasını xatırladırdı. Zavodlar, fabriklər...

Ağdam çox sürətlə inkişaf edirdi, onunla yanaşı olaraq da mədəniyyət sahəsi inkişaf edirdi. Elə günümüz olmurdu ki, hansısa tədbir, bayram keçirməyək. Ağdamda 1982-ci ildə Natəvan qızlar bayramını keçirdik. Pənahəli xanın zamanında Qarabağın mərkəzi Ağam olub. Ağdam da üzəri ağ daşlardan hörülüdüyü üçün belə adlandırılıb. Pənahəli xanın bütün şəcərəsi Ağdam imarətində dəfn olunub. Biz o dövrdə Ağdam imarətini bərpa etdirdik, orada Natəvanın heykəlini qoyduq. Elə həmin açılışla da Natəvan qızlar bayramını keçirdik.

Bayramda təkcə kənardan 150 nəfər qonağımız var idi. Daha sonra ən böyük tədbirimiz Beynəlxalq Xarıbülbül Festivalı oldu, cəmi 2 il keçirə bildik. Mənfur qonşular atışmalara başladıqdan sonra kütləvi tədbirlər keçirmək mümkün olmadı. Xarıbülbül Festivalında 11 xarici dövlətdən nümayəndələr iştirak edirdi. Meksikadan belə qonaqlarımız var idi. Xarıbülbül Şuşada Cıdır düzündə bitirdi. Simvolik olaraq festival belə adlandırıldı.

Adi vaxtlarda da daima muğam gecələri, poeziya axşamları, şairlərlə görüşlər, "Qarabağın səsi" poeziya məclisimiz keçirilirdi. "Şur" ansamblımız var idi, çox möhtəşəm çıxışlar edirdi.

Respublikada rayonlararası uşaq muğam musiqi məktəbi açdıq. Xan Şuşinskinin adını daşıyan bu məktəb professional səviyyəli kadrlar yetişdirirdi. Məktəbəbdə az sonra yeni "Qarabağ bülbülləri" ansamblı yarandı. Məktəbin uğurlarında onun ilk direktoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmovun böyük xidmətləri olub.

Hazırda operanın aparıcı müğənnilərinin əksəriyyəti həmin "Qarabağ bülbülləri" ansamblının yetişdirmələridir. "Təranə" qızlar ansamblı var idi. Bizim səyyar briqadalarımız kənd zəhmətkeşləri ilə tarlada xidmət edirdilər. Baxmayaraq ki, Ağdam muğam ocağı kimi səciyyələnir, həm də Aşıq Valehin vətənidir.

Aşıq məclisləri çox gözəl təşkil olunurdu. Saz, aşıq sənətinin çox dərin kökləri var idi. Eyni zamanda Ağdamda muzeylər fəaliyyət göstərirdi. Tarix, diyarşünaslıq muzeyi var idi, Qurban Pirimovun, Rahib Məmmədovun ev muzeyi, şəkil qaleriyası, poeziya teatrı fəaliyyət göstərirdi. Tez-tez qızıl, gümüş toylar keçirir, təntənəli nişan mərasimləri təşkil edirdik. Günümüz toy-bayramlı keçirdi.

- Ağdamın işğalı necə baş verdi?

- 23 iyul mənim 1993-cü ilə qədər həyatımın ən xoşbəxt günü olub. Amma 1993-cü ilin 23 iyul tarixi mənim üçün ən ağrılı, ən dözülməz günə çevrildi. 1988-ci ilin əvvəlindən ermənilər mitinqlərə başladılar. 22 fevral 1988-ci ildə Ağdamda bir qrup gənc əliyalın, heç bir silahı olmadan Xankəndinə doğru hərəkət etdilər ki, gedək-görək bunlar nə istəyirlər? O zaman əliyalın gedən kütləyə ermənilər atəş açdılar. Ağdam həmin gün ilk şəhidlərini verdi, Əli Hacıyev və Bəxtiyar Quliyev. Sanki onların ölümü ilə Ağdamda şəhidlik cığırı açıldı, Ağdam birinci Qarabağ müharibəsində 6 min şəhid verdi.

O dövrdə bütün rayon səfərbər idi. Şəxsən özüm elə bil batalyon, döyüş bölgəsi yox idi ki, orada olmayım. Təbii ki, öz musiqi qrupumuzla onlara bacardığımız qədər bir ana kimi köməklik edirdik. Təsəvvür edin ki, döyüş zamanı bizim müdafiə batalyonlarının hamısının komandiri şəhid oldu. Ağdamın 16 milli qəhrəmanı var. Bu rəqəmlər Ağdamın necə döyüşdüyünün sübutudur. 1993-cü ilin may ayında nisbətən sakitlik oldu. İyul, iyun aylarında gündəlik atəş altında qalırdıq. 5 il atəş altında yaşamışıq.

1993-cü ilin iyul ayı dəhşətli oldu, demək olar ki, Ağdam fasiləsiz atəşə tutuldu. Gün ərzində 15 nəfər şəhid olurdu. İntensiv atışmalar gedirdi. O dövrdə mən də, işçilərim də hər gün işdə olurduq. Demək olar ki, son günə qədər işlədik.

Son günlər mən xanımları evə göndərdim ki, gedin, ayın 1-də işə qayıdarsınız. Elə bil onu Allah mənə dedirtdi. 23 iyulda Ağdam işğal olundu. O gün təbii ki, bütün ağdamlılar kimi mənim üçün də ağır gün oldu. 23 iyul axşam saat 8-də Ağdamdan çıxdım. Bakıdan qohumlar xəbəri eşidib, dalımca gəldilər. Həyat yoldaşım 3 güllə yarası almışdı. O gəlmədi, qaldı. Uşaqları Bakıya göndərdik, mən 23-ü gecə Bakıda qalıb, 24-ü səhər rayona qayıtdım. İdarənin mədəniyyət şöbəsinin fəaliyyətini Qərivənd kəndində bərpa etdik. Kim haradadır, yerlərini öyrəndik.

1993-cü il sentyabr-oktyabr aylarında Ağdam rayon icra hakimiyyətinin göstərişi ilə Bakıda məskunlaşan ağdamlı məcburi köçkünlərin problemləri ilə bağlı Bakı qərargahına ictimai əsaslarla rəhbər təyin olundum. Təbii ki, mədəniyyət şöbəsinin müdiri kimi vəzifəmi icra edirdim, əlavə olaraq da bu işi görürdüm.

- Siz həm də Xocalı faciəsinin şahidlərindənsiniz...

- Ən ağrılı günlərimizdən biri də Xocalı faciəsi oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dəhşətli hadisə olduqdan sonra xocalılılar meşələrlə qarın içində Ağdama pənah gətirdilər. Təbii ki, Ağdam camaatı bütünlüklə o adamlara qucaq açdı, nə bacardılarsa onu etdilər. Allah rəhmət eləsin, milli qəhrəman Allahverdi Bağırov batalyon komandiri idi, o dövrdə 1000 nəfərdən artıq Xocalı əsirini ermənilərdən aldı. Xocalıda həlak olanların say-hesabını deyə bilmərəm. Kamaz maşınları ilə, donmuş, şaxta vurmuş meyitlər gətirilirdi.

Ağdam məscidində onlar kəfənləndilər, Ağdam şəhidlər xiyabanında dəfn olundular. Bu gün gedənlər deyirlər ki , o şəhidlər xiyabanından əsər-əlamət qalmayıb. Uzundərə şəhidlər xiyabanı dolmuşdu, ikinci şəhidlər xiyabanı açılmışdı.

- Ağdamdan nə qədər məcburi köçkün Bakıya gəldi?

- O dövrdə Bakıda 42 min ağdamlı məcburi köçkün məskunlaşmışdı. Onların yerləşdirilməsi, işlə təminatı, problemlərinin həlli çox çətin məsələlər idi. Ölkə iqtisadi cəhətdən zəif idi, problemlər həddindən artıq çox idi, başıpozuqluq var idi. Hakimiyyətdə sabitlik yox idi. O dövr ən çətin dövrlər idi. Lakin çalışdıq ki, adamlarımıza bu çətinliklər zamanı müəyyən qədər kömək edə bilək.

3 il o qərargaha rəhbərlik etdim. Görünür, oradakı fəaliyyətimin Milli Məclisə deputat seçilməyimdə rolu oldu. Artıq camaatla daha çox ünsiyyətdə idim. Demək olar ki, bütün kateqoriyalarla əlaqələrim var idi. Daima əsgər analarının, şəhid ailələrinin yanında olmuşam. Əhali arasında olduğuma görə mənə o etimad göstərildi.

Biz bu 27 ildə yaşamışıq, buna yaşamaq demək olarsa... Mən deyərdim ki, mövcud olmuşuq, yaşamaq başqa şeydir. Yaşamaq Ağdamda idi. Şükür, normal həyatımz var. Bütün bunlara rəğmən çatmayan çox şey var, Ağdam çatmır.

- Ağdamlıların problemləri nədən ibarət olub?

- Ən böyük problem torpaq itkisi idi. Məndən problemimi soruşanda həmişə demişəm ki, torpağımı istəyirəm. 1996-cı ildə Heydər Əliyevlə ağdamlı məcburi köçkünlərin görüşü keçirildi. Orada da dedim ki, problemlərimiz yalnız torpaqlara qayıtmaqla həll olunacaq. Çünki problemin birini həll edirsən, başqası çıxır. Çox şükür ki, biz oraya gedirik, torpaqlarımız qayıdıb. İnşallah, tezliklə ayağımız o torpaqlara dəysin. Mən sanki yenidən cavanlaşmışam. Tək mən yox, hamı buna hazırdır. Hamı gözləyir ki, Ağdama getməyə nə vaxt icazə verəcəklər.

- Ağdam artıq azaddır. Yenidən o torpaqlarda məskunlaşmaq istəyirsinizmi?

- İnşallah, məskunlaşacağıq. Mən Ağdamda yaşayacam, elə Ağdamda da öləcəm. Allah bura qədər möhlət verdi ki, bu günü görək. Qurub yaratdıqlarımzıı mənfur, faşist düşmənlər dağıtdılar. Biz həmin izləri yenidən bərpa edəcəyik.

- Ağdamda dünyaca ikinci, SSRİ-də birinci çörək muzeyi olub. Xahiş edirəm, onun tarixçəsi ilə bağlı məlumat verəsiniz...

- İlk çörək muzeyi Almaniyanın Ulm şəhərində açılıb. Ağdamda muzey təşəbbüsü o vaxt birinci katibimiz Sadıq Murtuzayevə məxsus olub. "İzvestiya" qəzetində yazı dərc olunmuşdu ki, Almaniyada belə bir muzey fəaliyyət göstərir. Bizim Ağdamda köhnə dəyirman binası var idi. O bina ikinci dünya müharibəsi dövründə Ağdamı elektrik işığı ilə təmin edirdi. Dəyirman köhnəlmişdi, uçulub dağılmışdı.

Qərara gəldik ki, dəyirmanın bazasında çörək muzeyi yaradaq. Əsas eksponat da dəyirmanın özüdür. Sadıq Murtuzayevin göstərişi ilə qısa müddətdə dəyirman bərpa olundu.

Hətta dəyirman elə bərpa olundu ki, gündə 10 ton buğda üyüdə bilirdik. Muzeyə çox qısa müddət ərzində 1500-dən çox eksponat toplandı. Bütün rayonların partiya komitələrinə, digər respublikalara müraciət etdik. Səsimizə səs verdilər. O vaxt muzeyin direktoru Allahverdi Əsədovun da bu müraciətlərdə böyük rolu oldu. Hətta kosmonavtların yedikləri çörəkləri də əldə etmişdik, ekspozisiyada nümayiş olunurdu.

Ən əsas qiymətli eksponatlarımızdan biri Ağdamın Çalağantəpə ərazisindən tapılan, eramızdan 7 min əvvələ aid olan yanmış buğda dənələri idi. Respublikaların, zonaların ayrı-ayrı lavaşları, çörək nümunələri, taxıl növləri, qədimdən qalma əkinçilik alətləri nümayiş olunurdu. 3 ekspozisiya zalımız var idi.

Leninqrad blokadası dövründə bir qadın övladının sutkalıq çörək payını saxlamışdı. Gəlib 3 yaşlı övladının çörək payını almağa, uşaq ölüb. O çörəyi yeyə bilməyiblər, 40 ilə yaxın saxlayıblar. Rusiya kanalında bizim muzey haqqında süjet gedəndən sonra bu qadın bizə məktub yazdı. Biz onu Ağdama dəvət etdik. Qadın çörəyi muzeyimizə təqdim etdi.

- Muzeyin unikallığı nədə idi?

- Muzeyin ekspozisiya zallarını gəzəndən sonra tamaşaçı "Sünbül" kafesinə keçirdi. Orada un məmulatlarından hazırlanan qidalar verilirdi. Eyni zamanda, təndirxanamızda müxtəlif növ çörəklər bişirilirdi. Muzeyə gələn tamaşaçı prosesləri izləyə, istəsə dequstasiya edə bilirdi.

- Muzey eksponatları necə qorunurdu?

- Məmulatları tez-tez dəyişirdik, çörəklər kiflənirdi. Bəzilərini qurudub saxlayırdıq. O vaxt çörək muzeyinin qurulmasında Mədəniyyət Nazirliyinin muzey idarəsinin rəisi Səriyyə İsmayılovanın da rolu oldu. Bir aya qədər bizimlə qaldı, muzeyin tərtibatı ilə məşğul oldu. Sonra nazirliyin Muzeylər İdarəsindən qrup gəldi.

- Ən çox hansı ölkələr muzeyə maraq göstərirdi?

- Zaqafqaziya ölkələrindən müraciətlər çox olurdu. Muzeyin xəbəri çıxdıqdan sonra Moskva, Lelinqrad məktəblərində çörək muzeyləri yaradıldı. Bizə müraciət edib, muzeyin hazırlanması üçün məsləhətlər alırdılar.

Sovetdə büdcə təşkilatlarının maliyyələşməsi ilin əvvəlində olurdu. Biz sentyabr-oktyabr aylarında büdcədən vəsait ayrılmasına nail ola bildik, noyabr ayında muzeyi açdıq. Muzeyimizin çox unikal dəyirmançı ştatı var idi. O dövrdə onu etmək üçün çox çətin mərhələlərdən keçirdik.

- Muzey nə qədər müddət fəaliyyət göstərə bildi?

- 1983-cü ildən 1993-cü ilə qədər fəaliyyət göstərdi. Deyim ki, muzey 10 ildə 100 ilin ziyarətçisini cəlb edə bildi. Muzeyin birinci direktoru Allahverdi Əsədov, ikinci direktoru Ofeliya Zeynalova, sonuncu direktor Hafiz Əliyev oldu.

- Muzeyi bərpa etməyi düşünürsünüzmü?

- Ağdam Çörək muzeyini yenidən bərpa etmək istəyərdim. O muzeyin hər daşında, hər çınqılında, eksponatında əziyyətim var.

Ümumiyyətlə, Ağdamla bağlı planlarımız çoxdur. Muğam məktəbi ilə çörək muzeyi mənim doğma övladlarımdır. Hər ikisinin yaradılması, təmiri, qurulmasında, bütün müvəqqətiyyətlərində əziyyətim olub. Çox arzu edirəm bərpasını. Elə həmin binada bərpa edəcəyik. Ora gözümüzün qarşısında yandı... Xilas edə bilmədik.

O dövrdə muzeylər qorunurdu, muzey eksponatlarının muzeydən çıxarılması qadağan idi. Kim çıxarsa, cinayət məsuliyyəti daşıyırdı. Muzey yanmazdan iki gün əvvəl o məsuliyyəti boynuma götürüb, buğda dənələrini götürmüşdüm ki, birdən nəsə olar. Mərmi çox atılırdı, Ağdam dağılırdı. O buğdanı gətirib Tarix muzeyinə verdim. Çox sevindim, yaxşı ki, qanunları pozub, onu oradan götürmüşdüm.

- 5 il parlamentdə millət vəkili oldunuz. Bu illər ərzində nələr edə bildiniz?

- Mən sosial siyasət komissiyasının üzvü idim. Özüm də o kateqoriyadan olduğum üçün o mövzular mənə yaxın idi. Uşaq hüquqları haqqında qanunun işlənməsinin rəhbəri olmuşam. Milli Məclisin birinci çağırış plenar iclasları Azərbaycanın bu gün işləyən bütün qanunlarının əsasını qoydu. Bu gün qəbul olunan qanunların hamısı o baza üzərindən götürülür. Müəyyən dəyişikliklər, əlavələr var, amma əsas bazanı bizim çağırış yaratdı.

Müstəqil dövlət yenicə qurulmuşdu. İlk parlament idi. Təbii ki, ilk qanunlar da orada işlənilirdi. Demək olar ki, bütün məsələlərdə fəal iştirak etdim. Əlillərin reabilitasiyası, şəhid ailələrinin güzəştləri, məcburi köçkünlərin statusu haqqında qanunlar, onların sosial müdafiəsi haqqında qanunlar... Elə gün olmurdu ki, qəbuluma gələn kimsə mənimlə görüşməmiş qayıtsın. Saat, gün məsələsi yox idi, kim nə vaxt gəlirdisə, qəbul edirdim. Çünki insanların ehtiyacı olmasa, səni axtarıb gəlməz. Heç nə edə bilməsən belə, onu dinlə, qoy ürəyi boşalsın. Bu mənada hər zaman seçicilərimin içində olmuşam.

- Parlamentin birinci çağırışının üzvlərindənsiniz. Maraqlıdır, Milli Məclisin hazırkı fəaliyyətini necə qiymətləndirirsiniz?

- Milli Məclisdə bəzən deputatlardan çox şey tələb edirlər. Çox umurlar. Ancaq deputatın statusu haqqında qanun var. Umulanların əksəriyyəti deputatın statusuna aid deyil. O artıq mənəviyyat işi, insanın özünün vicdan işidir. Milli Məclisin deputatı qanunları yazmalıdır, amma icrasına nəzarət edə bilmir.

Bu günkü Milli Məclisin gördüyü işlər çoxdur. Amma bu gün onun işi daha asandır. Çünki Azərbaycan iqtisadiyyatı güclüdür, imkanlar çoxdur. O vaxt cüzi maaş alırdıq. Sonra maaş artdı. Milli Məclisin o dövrdəki üzvlərinin əksəriyyəti idarəçilik yolu keçmiş insanlar idilər. İnsanlarla işləmək təcrübəsi olanlar seçilmişdilər. O vaxt iş daha gərgin idi. İndi dinc quruculuq, rahat, hər şey yerində, insanların rifahı artıb, iqtisadiyyat yüksəlib. O dövrlə indinin müqayisəsi ağla gəlmir.

Bu gün ola bilər ki, Milli Məclis deputatlarına müraciət o qədər deyil. O dövrdə müraciətlərin çoxluğu problemlərin çoxluğu ilə bağlı idi.

- Ermənilərlə birgə yaşayış barədə nə düşünürsünüz?

- Təbii ki, nə onlar o torpaqlardan çıxıb gedəsidilər, nə də biz o torpaqlardan imtina edəcəyik. Allah onlar kimi qonşu verməklə bizi cəzalandırıb. Əlacımız yoxdur.

Mən balasının meyitinin tapılmasına qurban deyən ana ilə ünsiyyətdə olmuşam. Getmişəm, deyib Çimnaz müəllimə, qurban demişəm ki, balamın meyiti tapılsın. Mən bu dəhşəti yaşamışam. Mən Xocalını necə yadımdan çıxarıb, erməniyə dost olaq deyim?! Zaman lazımdır. Hər şeyi zamana buraxmalıyıq. Doğrudur, biz tolerant dövlətik, humanistik. Amma axı o, bizimlə düşmənçilik edib..

Mən Xocalıdan gələn meyitləri görmüşəm, necə onları bağışlayım?! Uşaqların, körpələrin vəziyyətini görümüşəm, mən onları bağışlaya bilmərəm... Hələ çox tezdir. Yaramız sağalmayıb...

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top