Fransanın prezidenti, yoxsa Ermənistanın vəkili: Makron kimdir?

TƏHLİL 29 dek 2020, 15:46
Fransa prezidenti Emmanuel Makronun müharibə dövründə Nikol Paşinyana sms-mesajlar göndərdiyi məlum olub. “Qraparak” qəzeti yazır ki, noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədini imzaladıqdan bir neçə gün sonra Makron Fransadakı erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. 

Fransa prezidenti ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Etiraf edib ki, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxlayıb, öz dəstəyini təklif edib, hətta SMS belə yazıb. 

Bildirib ki, Paşinyan onun zənglərinə və SMS-lərinə tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Nəşr qeyd edir ki, Makronu xüsusilə təəccübləndirən Paşinyan davranışı olub. Erməni baş nazir nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.

“Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”, - Makron deyib və erməni icmasından Fransanın necə davranmalı olduğunu soruşub.

“Qraparak” yazır ki, “bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi”.

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın prezidenti Makronun erməni icması ilə naharda bir araya gəlməsi və dediyi sözlər vasitəçilik missiyasına tamamilə ziddir. Lakin bu informasiya o qədər də təəccüblü deyil, çünki Fransa münaqişənin mövcud olduğu 30 ilə yaxın müddətdə Ermənistanın təəssübkeşi kimi çıxış edib. Bu təəssübkeşlik Makronun hakimiyyəti dövründə daha açıq şəkildə aparılır.

Təəccüblü olan odur ki, Fransa kimi bir ölkənin prezidenti erməni icmasına hesabat verir. Makronun naharda dediyi sözlərdən belə anlaşılır ki, o, ermənilərə günahın onda olmadığını, müharibə zamanı Ermənistana əlindən gələn dəstəyi verdiyini, hətta bunun üçün Paşinyana zənglə yamaşı, SMS belə yazdığını, bütün günahın Paşinyanda olduğunu izah etməyə çalışır. 

Sual yaranır, Makron ermənilərə niyə hesabat verir?

Fransada əhalinin sosial problemlərinin artması, bunun fonunda etirazların hakimiyyət tərəfindən qeyri-demokratik yollarla yatırılması Makronun reytinqini alt-üst edib. Qərb mediası avtu-sentyabr aylarında Makronun reytinqinin 7 faiz düşdüyünü yazmışdı. Bu, onun hakimiyyəti dövründə ən pis göstərici hesab olunur. Makronun əsas məqsədi Fransadakı erməni seçiciləri və erməni diasporu və lobbisinin dəstəyini qazanmaqdır. Bunun üçün o, Fransanın milli maraqlarını da qurban verməyə hazır olduğunu nümayiş etdirir.

Tək səbəb bu da deyil. Makron II Qarabağ müharibəsi və ondan sonra sərgilədiyi mövqe ilə erməni lobbisi və diasporunun təsiri altında olduğunu göstərdi.

Sentyabrın 27-də müharibə başlayandan bitənə - 10 noyabra qədər o, İrəvana dəstək və Bakıya təzyiq xarakteri daşıyan zənglər edir, Moskva ilə danışaraq, döyüşlərin dayandırılmasını istəyirdi. Hətta o, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etmə əməliyyatını “işğalçılıq” kimi təqdim etmişdi. 

Prezident İlham Əliyev makrona lazımi cavabı verdi, lakin o, yenə dayanmadı. 

İndi məlum olur ki, Makron müharibə dövründə Paşinyana hətta SMS də yazıbmış. Bununla yanaşı, Ermənistana kəşfiyat məlumatlarının ötürülməsi, raket sistemləri də daxil olmaqla silah-sursatın verilməsi də həyata keçirilib.

Noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədini imzalanmasına baxmayaraq, Fransanın rəsmi İrəvanın indiyə qədər etmədiyini etməsi Makron hakimiyyətinin gerçək üzünü göstərdi.

Paris meriyası Qarabağda artıq mövcud olmayan qondarma qurumun tanınması məsələsini gündəmə gətirdi, Fransa Senatı isə tanımaqla bağlı qərar qəbul etdi. Sirr deyil ki, bu qərarlar birbaşa Makronun göstərişi ilə edilib. 

Emmanuelin bütün cəhdləri boşa çıxdı, bundan sonra edəcəklərinin bə hem bir nəticəsi olmayacaq. Amma həmsədr ölkənin bu davranışı bir daha sübut edir ki, Fransa münaqişənin həllində yox, münaqişənin Ermənistanın xeyrinə həllində maraqlı olub.

Bundan sonra da Fransanın eyni mövqe sərgiləyəcəyi şübhəsizdir. Makronun naharda erməni icmasından “daha nələr edə bilərik” deyə soruşması da bunu sübut edir.

Bütün bunlar Makronun anti-Azərbaycan, anti-Türkiyə və islamafob olduğunu, Yelisey sarayını erməni yuvasına çevirdiyini təsdiqləyir. Sərgilədiyi mövqe Fransanın milli və bölgədəki gələcək maraqlarına ziddir, lakin görünür, erməni lobbisi Makrona belə etməyi əmr edib, o da özünü Fransanın prezidenti kimi yox, Ermənistanın vəkili kimi aparır.

Hara kimi aparacaq, nə vaxta kimi davam edəcək, biləcəyik. Bu gün görünən bir məsələ var ki, o da Makronun Fransa üçün getdikcə daha riskli prezident olmasıdır.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top