"Hərbi qulluqçular mərhələli şəkildə tərxis olunacaq"


QARABAĞ 25 dek 2020, 19:52
Azərbaycan Ordusu 30 illik işğaldan sonra ərazilərini azad edərək ölkənin bütövlüyünü faktiki təmin edib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatla Kəlbəcər, Laçın və Ağdam rayonları da Azərbaycana qaytarılıb. Dəfələrlə ekspertlər və rəsmi şəxslər bildirib ki, qaytarılan 3 rayonda hərbi əməliyyatlar aparmaq indikinin bir neçə mislində canlı və hərbi texnika baxımından itkilərə səbəb olardı. Lakin həmin ərazilər Azərbaycan ordusu həmin rayonda döyüş olmadan təhvil verilib. İndi Kəlbəcərin ən ucqar dağlarında Azərbaycan əsgərləri, zabitləri xidmət aparır. Ermənistan hərbi-siyasi rəhbərliyi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında illərlə talançılıq və barbarlıqla məşğul olaraq həmin əraziləri yaşayış üçün yararsız hala salıblar. Bir dənə də tikili, kommunikasiya xətləri qalmayıb. Azərbaycan dövləti həmin əraziləri ilk olaraq minalardan və partlamamış sursatlardan təmizləyir, ardınca isə infrastrukturun bərpası işləri görülür. Lakin bu müddət orada xidmət edən Azərbaycan əsgəri müəyyən çətinliklərlə üzləşir.

Sosial şəbəkələrdə əsgərlərin təminatı ilə bağlı bəzi narazılıqlar olsa da, vətəndaşların bir qismi bunu həmin ərazilərin çətin relyefi ilə izah edir.

Demokrat.az bildirir ki, hərbi ekspert Ədalət Verdiyev “Qafqazinfo”ya açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə xidmət edən əsgər və zabitlərin maddi təminatının hansı səviyyədə olması haqda sualı cavablandırıb:

“Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabit, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçular və əsgərlərin maddi təminatı Azərbaycan Prezidenti tərəfindən təsdiq olunan müvafiq norma və qaydalara uyğun olaraq həyata keçirilir. Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinin təminat və təchizat məsələləri daim Prezidentimizin nəzarətindədir. Son çıxışında da Prezidentimiz bildirdi ki, ordu quruculuğu, ordumuzun təminatı və təchizatı ölkə üçün prioritet sahədir. Bunun üçün də Müdafiə Nazirliyinə və təhlükəsizlik orqanlarına müvafiq olaraq daha böyük büdcə ayrılır.

Silahlı qüvvələrimiz təxminən 10 min kavdratkilometrdən çox əraziləri azad etdikdən və ya nəzarətə götürdükdən sonra həm ehtiyatda olan qüvvələr, həm səfərbərliyə cəlb olunan qüvvələr, həm də əks hücum əməliyyatına qədər birinci eşalonda müdafiə olunan birliklər öz daimi yaşayış məntəqələrini tərk edərək yeni ərazilərdə yerləşdirilirlər. İşğaldan azad olunan ərazilərin həm çətin coğrafi relyefi, həm iqlim şəraiti, həm infrastrukturun tamamilə dağıdılması, həm də bina, yaşayış və kazama fondunun olmaması təbii ki, bəzi çətinliklərin olmasını istisna etmirdi. Lakin Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsi və  digər təminat üzrə müvafiq qurumlar bu çatışmazlıqların aradan qaldırılması üçün kifayət qədər ciddi tədbirlər görməkdədir. Yerləşmənin ilk günlərində müşahidə olunan çatışmazlıqların əksəriyyəti aradan qaldırılıb.

Lakin bu o demək deyil ki, artıq bütün problemlər bu qısa müddət ərzində həll edilib. Nəzərə almaq lazımdır ki, indi azad edərək yerləşdiyimiz Qarabağ ərazisində elementar bir yol infrastrukturu və elektrik belə yox idi. Lakin son günlər həm yol infrastrukturunun qurulması, həm də elektrik təchizatının, su təminatının bərpa olunması üçün ciddi addımlar atılır. Bundan ötrü layihələr bəzən bir neçə hissəyə bölünür ki, onların daha qısa müddətdə yerinə yetirilməsi təmin edilsin. Ümid edirəm ki, ən qısa zamanda mövcud olan az sayda problemlər də müvafiq qurumlar tərəfindən tamamilə aradan qaldırılacaq”.

Ekspert həmçinin, bu gün imzalanan tərxis olunma haqda sərəncamın icrasından da danışıb. 

Proses bu gündən başladığı üçün bəzi vətəndaşlar hamının bir gündə evə buraxılacağını zənn edir. 

Ədalət verdiyev əlavə edib ki, bu proses mərhələli şəkildə və hərbçilərin yaşların uyğun olaraq həyata keçiriləcək:

“Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb. Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular bu ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək. Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. Bundan öncə də bir sərəncam olmuşdu, orada bəlli bir kateqoriyaya daxil olan səfərbərliyə cəlb edilənlər artıq tərxis olunmuşdu. Növbəti mərhələlərdə bunun təşkilati şəkildə həyata keçirilməsi üçün həmin hərbi qulluqçuların yaş həddi nəzərə alınacaq.

Adı çəkilən hərbi qulluqçular mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaqlar. Nəzərə alsaq ki, hazırda orduda on minlərlə səfərbərliklə cəlb olunmuş şəxsi heyət hərbi xidmət keçməkdədir, o zaman bu qədər hərbi qulluqçunun eyni zaman da tərxis olunması fiziki baxımdan mümkün deyil, çünki tərxis edilən heyətin əvəzinə yeni heyət vəzifələrə təyin edilməlidir. Digər tərəfdən isə pandemiya zamanı bu qədər insanın sıx şəkildə daşınması da məqsədəuyğun deyil.

Heç kimin narahat olması üçün ciddi bir səbəb yoxdur, Prezident sərəncamına əsasən, səfərbərliyə cəlb edilən heyətin hamısı tərxis olunacaq. Lakin bu həm bu tədbirin miqyası, həm də Silahlı Qüvvələrin yerinə yetirdiyi vəzifələrin həcmi əvvəlkindən böyükdür. Odur ki, bu məsələdə bir qədər səbrli olmalıyıq. Qalib Ordunun qalib əsgərinə də yaraşan budur”.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top