Xanım direktorun 60 illik “yubileyi”: Anamın təkidi ilə etdim — VİDEO

GÜNDƏM 25 dek 2020, 18:27
“Bir gün yanıma bir jurnalist gələrək özünü təqdim etdi - VAHİD QILINC. Mən isə ona əl uzadaraq NAİLƏ QALXAN dedim”.

“MediaPost” xəbər verir ki, bu sözləri iki il əvvəl 187 saylı məktəbin direktoru, Nailə Məmmədova bildirib. Özünə karantin günlərində 60 illik yubiley keçirməklə yenidən gündəmə gələn qalmaqallı xanım Məmmədova həmçinin Azərbaycanda tanınmış informasiya agentliyi fəaliyyətini dayandıranda öz şəxsi "Facebook" səhifəsində isə bu sözləri yazmışdı:

“Qıra-qıra gedirdi... İndi özləri qırılır. Şərəfsiz, dilənçi, dırnaqarası jurnalistlər”.

Bəs görəsən, müqəddəs müəllim adını daşıyan xanım Məmmədovanın jurnalistlərə nifrəti bu qədər niyə böyükdür?

Düz üç il əvvəl Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbin müəllimlərindən biri Təhsil nazirinə məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib. Axar.az saytının əməkdaşı məhz həmin şikayətlə bağlı direktor Nailə Məmmədova ilə əlaqə saxlayıb və onun cavabı isə belə olub:

“Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa, yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Çox ayıb olsun. Sənin "axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”

Xanım Məmmədova bu qalmaqallı açıqlamasından sonra sosial mediada və KİV-də ciddi tənqid edildi.

Bu qalmaqalı isə məktəb direktoru ondan 5 min manat rüşvət tələb edən sayt rəhbərini şikayəti əsasında həbs etdirməklə bağladı.

Məmmədovanın məhkəmədə ifadəsindən sitat:

"Sayt rəhbəri pulu vermək üçün məni evinə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən evində danışmaqla onun başını qarışdırdım, ona suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.

Bu hadisələrdən sonra o, özünə karantin günlərində 60 illik yubiley keçirməklə yenidən medianın və sosial şəbəkələrin gündəminə gəldi. Belə ki, bu ilin noyabr ayında Nailə Məmmədova karantin qaydalarını ciddi şəkildə pozaraq özünə çal-çağırlı 60 illik yubiley mərasimi keçirib.

Bu görüntülər sosial şəbəkələrdə yayımlandıqdan sonra Təhsil naziri Emin Əmrullayev ona şiddətli töhmət verdi.

Daxili İşlər Nazirliyi isə bu barədə məlumat yaydı:

Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində inzibati xətalar məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. 

Məsələnin böyüdüyünü görən xanım Məmmədova günahlarını “yumaq” üçün əvvəlcə şəhidlərin ruhuna guya hörmət əlaməti olaraq qurban kəsdiyi görüntülərini paylaşdı. Özü isə qəssab rolunda...

Bundan sonra insanlar tərəfindən daha da sərt tənqid edilən və gülüş həfədinə çevrilən xanım Məmmədova mövzudan kənara çıxaraq Vətən Müharibəsi başlayandan sonra Azərbaycan əsgərlərinin yanında olduğunu, şəhidlərin dəfnində iştirak etdiyini açıqladı.

Həmçinin o bildirib ki, Qubadlının azad olunması gününə təsadüf etdiyindən anasının təkidi ilə doğum günü keçirib.

Məktəb direktorunun bu hərəkəti ölkə ictimaiyyəti və ziyalıları tərəfindən də sərt tənqid edildi.

Millət vəkili Etibar Əliyev bildirib ki, belə məktəb direktoru vəzifəsindən azad olunmalıdır. Pandemiyanın tüğyan etdiyi bir dövrdə məktəb direktorları və müəllimlər daha məsuliyyətli olmalıdırlar. Ancaq təəssüf ki, N.Məmmədova bilərəkdən qaydaları pozmaqla saymazlıq nümayiş etdirir.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, müəllimlərin etik davranış qaydalarında xüsusilə qeyd edilir ki, təhsil sahəsində çalışanlar özlərinin təkcə tədris prosesində yox, eyni zamanda şəxsi həyatında belə cəmiyyətə nümunə olmaqda borcludur və özünün fəaliyyəti, yaxud fəaliyyətsizliyi ilə belə cəmiyyətdə ikrah hissi oyatmamalıdır:

“Təhsil naziri onu birmənalı şəkildə vəzifəsindən uzaqlaşdırmalıdır. Bu, digər təhsil sahəsində çalışan insanlara da “dərs” olsun”.

“MediaPost” olaraq üzərimizə düşən işi gördük. Nailə Məmmədovanın üç illik təhsildə və bundan kənar qalmaqallı “fəaliyyət” tarixçəsini ictimaiyyətə açıqladıq. Sonunu isə qardaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün müəllimlərə həsr etdiyi məşhur fikri ilə bitirik:

Əsl müəllim şama bənzər: özünü əridərək başqalarına işıq verər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top