Elçin Şıxlı: "Türkiyə hərbçilərinin Qarabağa gəlişi sürətlənməlidir"

QARABAĞ 15 dek 2020, 17:23
Elçin Şıxlı: "Xocavənddə baş verən son insidentlər Kremldə oturan qüvvələrin çəkişməsinin nəticəsində yaranıb"

"Son hadisələr göstərdi ki, Rusiya sülhməramlıları Türkiyə hərbiçilərinin hələ də Qarabağda olmamasından sui-istifadə edirlər. Bunun təkrarlanmaması üçün Türkiyə hərbiçilərinin Qarabağa gəlişi sürətlənməlidir. Türkiyə Ordusu Qarabağa nə qədər tez gələrsə, bu cür insidentlər bir o qədər az olacaq".  

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi Elçin Şıxlı bildirib. 

Elçin Şıxlı deyib ki, Rusiya sülhməramlılarının yaydığı xəritələrin heç bir hüquqi əhəmiyyəti yoxdur:

"Dağlıq Qarabağda müharibədən sonra qalmış erməni terrorçularının təmizlənməsi işi artıq Azərbaycanın hüquq-mühafizə orqanlarının tam səlahiyyətinə aiddir. Rusiya sülhməramlıları indiyədək onları oradan çıxarmalı idi. Onlar bunu etməyibsə, artıq Azərbaycan dövləti özü bu işi görəcək. Çünki Azərbaycan öz ərazilərində anti-terror əməliyyatı keçirməyə məcbur qalır. Bu, imzalanmış Bəyannamədə də öz əksini tapıb. İndi Rusiya istəyirsə, yüz xəritə çəksin, bunun heç bir əhəmiyyəti yoxdur. O ərazilərin əsas söz sahibi Rusiya deyil, Azərbaycandır". 

Elçin Şıxlı qeyd edib ki, Azərbaycan mediası və ictimaiyyəti Rusiyanın Qarabağdakı xoşagəlməz addımlarına qarşı dərhal reaksiyalar verməlidir:

"Cəmiyyətimizin bu kimi məsələlərlə bağlı haqlı narazılığı dövlətimizin müvafiq qurumlarını da hərəkətə keçirməlidir".  

Onun sözlərinə görə, Kreml daxilində elə qüvvələr var ki, onlar bir sıra məsələlərdə bir-birləri ilə çəkişirlər:

"Düşünürəm ki, Xocavənddə baş verən son insidentlər də Kremldə oturan qüvvələrin çəkişməsinin nəticəsində yaranıb. Həmin qüvvələr Qarabağda münaqişənin yenidən alovlanmasını, azərbaycanlılarda narazılıq yaratmağı və bununla Azərbaycanın reaksiyasını öyrənməyə çalışırlar. 

Bilirsiniz, Rusiya ilə müəyyən reallıqlar mövcuddur. Bu reallıqlar odur ki, yüz illərdən bəri Rusiya imperiya siyasəti həyata keçirir və bu, Azərbaycan üçün də yeni deyil. Sadəcə olaraq 30 il davam edən Qarabağ münaqişəsi ilə bağlı yaxşı məqam yetişmişdi. Prezident İlham Əliyev də bu məqamdan çox məharətlə istifadə etdi. Azərbaycan xalqı da cənab İlham Əliyevin arxasında sonadək dayandı. Nəticədə biz yeni reallıqlar yaratdıq. Biz Kəlbəcər, Laçın və Ağdamı döyüşərək də azad edə bilərdik. Amma bu zaman itkilərimiz daha çox olacaqdı. İstənilən halda biz qələbə qazandıq və artıq o torpaqlar işğaldan azaddır. Təbii ki, müharibədə əldə etdiyimiz böyük uğurları itirməmək üçün müəyyən şərtlərlə məcburiyyətdən razılaşdıq və üçtərəfli Bəyannamə imzalandı. Əgər biz buna razılaşmasaydıq, o zaman risk etmiş olardıq".  

Elçin Şıxlı əlavə edib ki, imzalanmış sənədin tələblərini Azərbaycanın müvafiq rəsmi qurumları Rusiyanın diqqətinə mütəmadi olaraq çatdırmalıdır:

"İmzalanmış Bəyannamənin bəndlərindən biri Rusiya-Türkiyə Birgə Müşahidə Mərkəzinin qurulması ilə bağlıdır. Biz bu məntəqənin qurulması işini sürətləndirməliyik".


Zaur Hacılı
Demokrat.az 

  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top