Prezidentin qlobal təşəbbüsü və bəşəri bəlaya qarşı mübarizə modeli — TƏHLİL

SOSİAL 04 dek 2020, 12:16
Ötən gün Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ölkələri ümumi bəlaya qarşı birgə mübarizəni müzakirə edib. Bunun Azərbaycan, eləcə də bütün dünya üçün tarixi hadisə olduğunu deyə bilərik. Çünki COVİD-19 pandemiyası ümumbəşəri bəlaya çevriləndə böyük ölkələr “özünəqapanma” yolunu seçdi və bu bəlaya qarşı heç bir addım atılmadı. Azərbaycan lideri təşəbbüsü ələ alaraq, qlobal model yaratdı.

Dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələri keçirilib.

2020-ci ilin əvvəlindən etibarən, bütün dünyanı əsarəti alan pandemiya bəşəriyyətin gələcəyi üçün ciddi risklər yaratdı. Koronavirus pandemiyası II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi ən böyük problem, o cümlədən, BMT yaranandan bu vaxta kimi qlobal səhiyyə, eyni zamanda humanitar, sosial-iqtisadi, təhlükəsizlik böhranıdır. Qlobal siyasətə yön verən böyük dövlətlər bu bəşəriyyəti bu böhrandan xilas etmək əvəzinə “özünəqapanma” yolunu seçdilər.

Qlobal qəza baş verdiyi vaxt Prezident İlham Əliyev ön plana çıxdı və koronavirusa qarşı mübarizənin yolunu göstərdi. Bu, həmrəylik idi. Azərbaycan Prezidenti əvvəlcə həmrəyliyi ölkə daxilində yaratdı. 

Daha sonra türkdilli ölkələr arasında həmrəyliyin yaradılması ilə bu modeli regional müstəviyə çıxardı. Bu ilin 10 aprel tarixində Prezident İlham Əliyev sədr kimi Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşünü keçirdi və üzv ölkələr pandemiyaya qarşı birgə mübarizə yolunu seçdilər. Bu, həm də dünyada pandemiyaya qarşı dövlət başçılarının ilk Zirvə görüşü idi.

Növbəti mərhələ bu modelin beynəlxalq müstəviyə daşınması idi. Qoşulmama Hərəkatının sədri kimi Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü pandemiyaya qarşı beynəlxalq müstəvidə ilk həmrəylik addımı idi. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. 

Avropa İttifaqı rəsmisinin Zirvə görüşündə iştirakı və çıxış etməsi isə Azərbaycanın iki qütbün həmrəyliyinə nail olması uğuru idi. Aİ rəsmisinin Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı Hərəkatın tarixində ilk dəfə baş vermiş hadisədir. Prezident İlham Əliyev bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu. Azərbaycan bununla qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında körpü yaratdı.

Prezident İlham Əliyev göstərdi ki, bir ölkə üçün ərazi və əhali sayı çox da önəmli deyil, önəmli olan düzgün siyasət və siyasi iradədir. Azərbaycan ərazi və əhalisi böyük olan, dünya siyasətinə yönə verən ölkələrin edə bilmədiyini etdi. Dünyaya göstərdi ki, pandemiyaya qarşı birgə mübarizə mümkündür, bu bəlaya qalib gəlmək üçün siyasi maraqları və toqquşmaları kənara qoymaq lazımdır. 

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi bəşəri addımlardan biri hesab oluna bilər. Azərbaycan lideri ölkə daxilində yaratdığı həmrəyliyi əvvəlcə regional, daha sonra beynəlxalq, ən sonda isə qlobal müstəviyə köçürdü. 

Bu gün BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının keçirilməsi İlham Əliyevin həyata keçirdiyi qlobal siyasətin nəticəsidir. 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində - 1-ci sıra 5-ci yerdə çıxış edib və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdırıb. 

Prezident İlham Əliyevdən əvvəl Baş Assambleyanın Prezidenti Volkan Bozkır, BMT-nin Baş katibi Antonio Quterres, İqtisadi və Sosial Şuranın Prezidenti Munir Əkrəm, Təhlükəsizlik Şurasının dekabr ayında fəaliyyətdə olan sədri Jerry Matthews Matjila çıxış ediblər. Daha sonra cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi çıxış edib. Burada da cənab İlham Əliyev ilk 10-luqda olan dövlət başçıları sırasındadır - 155 ölkə arasında sayca 7-ci çıxışçıdır. 

Hər iki sıralama Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsi, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir.

Xüsusi Sessiyada 40-dan çox ölkənin Prezident, 40-dan çox ölkənin isə Baş nazir səviyyəsində iştirakı bu tədbirin önəminin və uğurunun göstəricisidir.

Beləliklə, II Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün oldu. Bununla, Azərbaycan belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürdü. Bu isə Azərbaycanın “orta güc” olduğunu sübut edir. Bu, bir daha nümayiş etdirdi ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilər.

2020-ci il Azərbaycanın qalib olduğu il kimi tarixə düşdü. Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər çaldı. 30 ildən sonra torpaqlarımız işğaldan azad olundu. Xüsusi Sessiyanın keçirilməsi Azərbaycan Prezidentinin 2020-ci ildə imza atdığı növbəti möhtəşəm qələbə oldu. Xüsusi Sessiyanın keçirilməsinə qarşı çıxmış yeganə ölkənin Ermənistan olması da təsadüfi deyil. Bütün dünyanın marağına xidmət edən bir təşəbbüsə qarşı çıxmaqla Ermənistan nəinki bir daha məğlub oldu, həmçinin beynəlxalq səviyyədə özünü rəzil etdi. Digər məqam Azərbaycanda bəzi müxalifət nümayəndələrinin ilk günlərdən Xüsusi Sessiyanın keçirilməsi təşəbbüsünə kinayə ilə yanaşması, onun əhəmiyyətini azaltmağa çalışmasıdır. Diplomatiya və xarici siyasətdən, beynəlxalq təşkilatların iş prinsipindən xəbərsiz olan belə diletantlara ən yaxşı cavab isə Xüsusi Sessiyanın yüksək səviyyədə keçirilməsi və bu prosesdə Azərbaycanın mərkəzi rolunun tanınması oldu.

Azərbaycan artıq dünya ölkələri arasında xüsusi çəkiyə sahib olan ölkə, onun lideri olan Prezident İlham Əliyev isə qlobal siyasətə yön verən siyasətçidir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top