“Həmin tarixi, həmin günü ölənə qədər unutmayacam”

MÜSAHİBƏ 03 dek 2020, 10:09
24Media.az saytının budəfəki müsahibi İctimai Televiziyanın xəbər aparıcısı, qələbə xəbərimizin ilk müjdəçilərindən olan Jalə Həsənlidir.

İlklər hər zaman həyatımızda, yaddaşımızda önəmli yer tutur. İlk efir gününüzdən bəhs edə bilərsinizmi? 

- Mən sizə ilk canlı efir həyəcanımdan danışım. 7 mart tarixində ilk dəfə ATV kanalında “ATV Səhər” layihəsi ilə canlı efirə çıxmışam. Həmin verilişə kimi müxtəlif layihələrdə olmuşdum, amma canlı efir təcrübəsini “ATV Səhər”də qazandım. Efirə çıxacağım gün gecə demək olar ki, həyəcandan gözlərimə yuxu getməmişdi. Studiyaya girib, kamerada REC sözünü görənə qədər də o həyəcanı hiss etmişdim. Çünki mənim qarşımda artıq yeni bir mərhələ başlayırdı və mən bu mərhələdə öz cığırımı açmalı idim. Hər gün səhər insanların sənə baxaraq günə başlaması o qədər də asan deyil. Sən hər kəsə xoş əhval-ruhiyyə, təbəssüm bəxş etməli, onların günə pozitiv başlamalarına kömək etməli idin. Veriliş başlayana qədər həyəcan hiss etsəm də, “Sabahın xeyir, Azərbaycan, sabahınız xeyir ATV Səhərin dəyərli izləyiciləri” dediyim andan sonra heç bir həyəcan qalmadı. O andan etibarən studiyada olduğumu unutdum və sanki o insanlarla canlı ünsiyyət qururam kimi səmimi söhbət etməyə başladım. Məncə, o səmimiyyəti tam ötürə bilmişdim. Çünki verilişdən sonra sosial hesabımıza çoxlu rəylər gəlmişdi və şükür ki, hər kəsdən xoş sözlər almışdım. 




Verdiyiniz digər müsahibələrinizdə aktrisalığa böyük həvəsiniz olduğunu vurğulamısınız. Nəyə görə hansısa film, serial, teatrda fəaliyyət göstərmirsiniz? Bildiyim qədərilə “Yol ayrıcı” adlı bir seriala çəkilmisiniz. 

- Orta məktəbdə oxuduğum illərdə keçirilən tədbirlərdə tamaşalar qururduq və onu səhnələşdirirdik. Aktrisalığa həvəsim də oradan yaranmışdı. Hətta ADMİU-ya daxil olmağı planlaşdırırdım. Amma qismət elə gətirdi ki, başqa bir profili seçdim. “Yol ayırıcı” serialının çəkilişləri isə müəyyən səbəblərdən yarımçıq qaldı. Serial tamamlanmadı. Bu gün niyə o sahədə çalışmıram sualınıza gəlincə isə, olduğum yeri, xəbər sahəsini çox sevirəm. Tamaşaçıları hər gün yeniliklərlə məlumatlandırmaq, günün nəbzini tutmaq, cəmiyyətdə baş verənlərdən xəbərdar etmək mənə zövq verir. Amma bununla yanaşı, tarixi və ya müharibə illərindən bəhs edən filmdə rol almaq təklif olunsaydı, məmnuniyyətlə qəbul edərdim. 

“İş ilə ailə həyatı mümkün deyil” fikrinə münasibətiniz necədir? 

- İnsanın ürəkdən istəyib, amma bacarmadığı bir şey yoxdur. Yetər ki, o insan arzularını yarıda qoymasın və onların reallaşması üçün çalışsın. Bundan başqa, bəlkə də elə ən birinci şərt yanındakı insanın, sənin həyat dostunun sənə dəstək olmasıdır. O anlayış olmasa, bəlkə doğurdan da çox çətin olar. İnsan günə planlı şəkildə başlayanda istənilən işi çatdırmağa qadirdir. Mən hazırlaşıb efirə çıxmağı bacardığım kimi, övladımla vaxt keçirməyi, evə gələndə yeməyimi bişirməyi, evimi təmizləməyi də yaxşı bacarıram. Düzdür, istirahət zamanın demək olar ki, qalmır. Amma nə edək, gülü seviriksə, tikanı bizi incitməməlidir.




Jurnalist fəaliyyətinizdə ən çətin təcrübəniz nə olub? 

- Mən çətinliklərlə mübarizə aparmağı sevən insanam. Ya indiyə qədər doğurdan da çətinlik olmayıb, ya da olubsa belə, mən gözümdə böyütmədiyim üçün onun çətinlik olduğunun fərqinə varmamışam. 

Özünüzdə və ya bacarıqlarınızda dəyişmək istədiyiniz bir məqam varmı?

- İnsanların özündə dəyişmək istədiyi xüsusiyyətləri çox güman ki var. Amma məni də mən edən, digərlərindən fərqləndirən də o xüsusiyyətlərim deyilmi? Ona görə dəyişmək istəməzdim. Bacarığa gəldikdə isə, gitara və ya piano ifa etməyi çox istəyərdim. Mahnı oxumağı çox sevirəm, düşünürəm ki, adını çəkdiyim musiqi alətləri ilə özümü müşayiət etməyim heç də pis olmazdı.




Həyatda ən böyük məyusluğunuz nə olub? 

- Bəzi insanları tanımağım! 

Ətrafınızdakı insanlar hansı xüsusiyyətlərinə görə zamanın sınağından üzüağ çıxmaya bilərlər? 

- İnsan haradan gəldiyini, hansı pillələrlə arzuladığı məqama çatdığını heç vaxt unutmamalıdır. Nankor insanları heç cür qəbul edə bilmirəm. Bu gün səninlə çörək kəsib, ilk fürsətdə sənə badalaq vuran adamları bağışlamaq olmaz. Onlar öz xislətlərindən əl çəkməyib yenidən eyni səhvi sənə qarşı edəcəklər. İşini şəxsiyyətindən, mənliyindən üstün tutub hər pisliyi heç çəkinmədən edən insanlar mənim yanımda qala bilməzlər. 




Kitab oxumağı sevirsinizmi, oxumağa zamanınız olurmu? Hansı kitabları məsləhət görərdiniz? 

- Kitab oxumağı çox sevirəm, əvvəllər daha çox vaxtım olurdu. İndi iş və ailə rejimi ilə əlaqədar olaraq çox oxuya bilmirəm. Sizə məsləhət görə biləcəyim Cek Londonun “Martin İden” əsəridir. O əsəri çox sevirəm. Bir insanın arzularının arxası ilə getməsini, gözündə insanları necə böyütməsini, əslində isə reallığın tam əksi olmasını əks etdirən möhtəşəm bir əsərdir. 

Vətən müharibəsindən qalib ölkə olaraq çıxdıq. Qələbə xəbərini çatdıran ilk insanlardan biri oldunuz. Səsləndirdiyiniz fikirlər sosial şəbəkələrdə, mediada çox yayıldı. Təəssüratlarınız bölüşə bilərsinizmi?

- Həmin günü, həmin tarixi ölənə qədər unutmayacam, yəqin ki... O qədər fərqli duyğular, o qədər gözəl hisslər idi ki... İndi kəlimələr yetmir onu ifadə etməyə. Məktəb illərindən ancaq işğal günü əzbərləmişdik, illərdir ancaq “işğal olunub” sözünü eşitmişdik. Amma həmin gün ilk dəfə 27 sentyabrda 27-28 ildən sonra “işğaldan azad olundu” xəbərini eşitdim. Bəlkə də xəbəri öncədən bilmiş olsaydım, reaksiyam fərqli olardı. Xəbər buraxılışının bitməsinə saniyələr qalmış rejissor mikrofonu açıb qulağlığa: “Jalə, Hikmət Hacıyev indi dedi ki, bəzi torpaqlarımız işğaldan azad olunub”. Ardınca da: “Füzulinin 4, Cəbrayılın 2 kəndi işğaldan azad olundu”, -  dedi. Xəbəri eşidib, dərk etməyim saniyələr çəkdi. O xəbəri emosiyasız çatdırmaq mümkün deyildi. Axı mən xəbər aparıcısından öncə azərbaycanlıyam. Bu vətənin bir parçasıyam. Torpağımın işğaldan azad olunması xəbərini necə sakit qarşılaya bilərdim?! Allahıma min şükür olsun ki, ölkəmizə bu gözəl günləri nəsib etdi. Təki göz yaşlarımız qələbə sevinci üçün axsın. Çoxu tərəfindən rəğbətlə qarşılandı. “Səninlə birlikdə biz də ağladıq”, “Qızım, o xəbəri necə gözəl dedin?!”, “Torpağımızın işğaldan azad olunmasını elə gözəl ifadə etdin ki, 27-28 ildə çəkdiyimiz o həsrəti sənin səsinin titrəməsində hiss etdim”, - deyən tanımadığım insanlar, “Bacım, sənin qələbə xəbərini deyəndə səsindəki sevinc, qəhər bizə səngərdə güc olub. Daha çox qələbə üçün can atmışıq”, - deyən əsgərimiz, “Qızım, Kəlbəcərin də işğaldan azad olunmasını deyərsən, oğlum orada şəhid olub, gedim mən də oranı görüm”, - deyən şəhid anası da mənimlə eyni hissləri yaşamışdı. Həmin gün hər kəs sevincdən ağlamışdı. Tərifsiz duyğular idi. Bizə bu sevinci bəxş edən Azərbaycan əsgərinə, qazilərimizə, Ali Baş Komandanımıza təşəkkür edirəm. Biz o torpaqlarda rahat gəzə bilək deyə öz canlarnı qurban verən şəhidlərimizin ruhu qarşısında isə baş əyirəm. Ruhları şad olsun. Onların qisası alındı. 




Son olaraq, oxucularımıza nə demək istəyərdiniz?

- Qeyd edim ki, 2 dekabr mənim İctimai Televiziyada ilk dəfə efirə çıxdığım gündür. Televiziyada uzun müddət fəaliyyət göstərməyimə baxmayaraq, xəbər aparıcısı kimi tanınmağımdan düz 1 il keçdi. Rəqəm olaraq az görünsə də, bu 1 il mənim bu günə kimi olan televiziya fəaliyyətimdə özünəməxsus yer tutdu. Bu gün əksər insanlar məni qələbə xəbərinin ilk müjdəçisi kimi qiymətləndirirlər. 30 ilə yaxındır torpaqlarının 20 faizi işğal altında olmuş bir ölkənin vətəndaşı olaraq, xalqımızın məni belə tanıyıb, sevməsi mənim üçün çox dəyərlidir. Bu müddət ərzində tamaşaçılar tərəfindən çox böyük sevgi və dəstək gördüm. Öz işimi, peşəmi daha da çox sevdim, günü-gündən daha çox bağlandım. Həm sizin oxuculara, həm məni tanıyıb hörmət göstərən hər kəsə müsahibəmi oxuduqlarına görə təşəkkür edirəm!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top