Tarixi sessiya gerçəkləşir: Azərbaycanın qlobal liderliyi və növbəti tarixı qələbə

SİYASƏT 03 dek 2020, 18:46
Xatirinizdədirsə, diplomatiya və xarici siyasətdən, beynəlxalq təşkilatların iş prinsipindən xəbərsiz olan bəzi diletantlar Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının keçiriləcəyi xəbərinə kinayə ilə yanaşırdılar. Sessiyanın baş tutmayacağı və başqa bu kimi şayiələrlə tədbirin əhəmiyyəti azaldılırdı.

Müxalifət düşərgəsindəki müəyyən adamların, həmçinin bəzi sosial media təmsilçilərinin bu çirkin gözləntiləri də puç oldu. Belə ki, dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələri keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində - 1-ci sıra 5-ci yerdə çıxış edəcək və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdıracaq. Prezident İlham Əliyevdən əvvəl Baş Assambleyanın Prezidenti Volkan Bozkır, BMT-nin Baş katibi Antonio Quterres, İqtisadi və Sosial Şuranın Prezidenti Munir Əkrəm, Təhlükəsizlik Şurasının dekabr ayında fəaliyyətdə olan sədri Jerry Matthews Matjila çıxış edəcəklər.

Daha sonra tarixi sessiyada cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi çıxışı baş tutacaq. Burada da Azərbaycan Prezidenti ilk 10-luqda olan dövlət başçıları sırasındadır - 155 ölkə arasında sayca 7-ci çıxışçıdır.

Bu nə deməkdir?

Birincisi, hər iki sıralama Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsi olmaqla, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir.

İkincisi, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsləri ilə ölkəmizin koronavirusla bağlı vəziyyətə çevik və adekvat reaksiyasına dünyada verilən dəyərdir. Azərbaycan, həmçinin pandemiya ilə uğurlu mübarizə aparmaqla, digər ölkələrə yardımlar göstərib.

Üçüncüsü, pandemiyanın yaratdığı durğunluq şəraiti fonunda məhz Azərbaycanın beynəlxalq səviyyədə ilkə imza ataraq yaranmış vəziyyəti dəyişməsidir. Reallıq budur ki, 2020-ci ildə koronavirus pandemiyası bütün dünyada vəziyyəti dəyişdi. Pandemiya həmçinin beynəlxalq siyasətə, o cümlədən beynəlxalq tədbirlərin keçirilməsinə də təsirsiz ötüşmədi, bu sahədə böyük çətinliklər və maneələr ortaya çıxdı. Belə bir durumda ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının aprel və may aylarında dövlət və hökumət başçıları səviyyəsində onlayn zirvə toplantıları keçirildi. Türk Şurasının zirvə görüşü dövlət və hökumət başçıları səviyyəsində onlayn formatda keçirilmiş ilk tədbiroldu. Bununla da beynəlxalq tədbirlərin yeni dövrün tələblərinə uyğun fəaliyyətinin intensivləşməsinin əsası qoyuldu.

Qeyd edək ki, Qoşulmama Hərəkatının zirvə görüşündə Azərbaycan Prezidenti Covid-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi. Bu təşəbbüsə Qoşulmama Hərəkatının 120 üzv ölkəsi və daha sonra BMT-nin 150-dən çox üzv dövləti birmənalı dəstək nümayiş etdirdi. Bu fakt beynəlxalq aləmin Azərbaycana bəslədiyi hörmət və inamın növbəti parlaq təzahürükimi tarixə düşdü.
Təşəbbüsün həyata vəsiqə qazanması isə indi mümkünləşir. Belə ki, BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında pandemiyaya görə fiziki görüşlərin keçirilməsi mümkün olmadığı üçün Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı BMT-nin üzv dövlətləri arasında uzun müddət müzakirələr aparıldı və sonda onun 3-4 dekabr tarixlərində keçirilməsi haqda qərar qəbul edilib.

Mövzunun aktuallığını isə xüsisi qeyd etməyə ehtiyac yoxdur. Təkcə onu vurğulamaq yerinə düşər ki, COVİD-19 dünyada indiyə kimi 1.3 milyondan artıq insanın ölümünə, 54 milyon insanın isə bu xəstəlikdən əziyyət çəkməsinə səbəb olub. Təəssüf ki, rəqəmlər hər gün artır. COVİD-19 BMT yaranandan bu vaxta kimi ən böyük qlobal səhiyyə, eyni zamanda humanitar, sosial-iqtisadi, təhlükəsizlik böhrandır desək, yanılmarıq. Ona görə də bu qlobal bəla, böhran ilə mübarizədə Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi sessiyadır. Xüsusi Sessiyada 40-dan çox ölkənin Prezident, 40-dan çox ölkənin isə Baş nazir səviyyəsində iştirakı bu tədbirin önəminin və uğurunun daha bir göstəricisidir.

Beləliklə, 2-ci Dünya Müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizə təmin edilir. Bu isə məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkünləşir. Qürurverici bir mənzərədir: Azərbaycan belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürdü. Bununla Azərbaycan “orta güc” olduğunu isbatlamış oldu. Eyni zamanda, bu, bir daha nümayiş etdirdi ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilər.

Digər tərəfdən, bu, Azərbaycanın 2020-ci ildə ikinci tarixi qələbəsi kimi yaddaşlara həkk olunacaq. Cari ildə Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfərə imza atıb. İndi isə Xüsusi Sessiyanın keçirilməsi Azərbaycan Prezidentinin 2020-ci ildə imza atdığı növbəti möhtəşəm qələbəsidir. Təsadüfi deyil ki,  Xüsusi Sessiyanın keçirilməsinə qarşı çıxmış yeganə ölkə Ermənistandır. Bütün dünyanın marağına xidmət edən bir təşəbbüsə qarşı çıxmaqla Ermənistan növbəti dəfə məğlub duruma düşüb və beynəlxalq səviyyədə özünün rəzil simasını sərgiləyib.

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top