Yevlaxda toydan sonra dava: Butulkanı həmkəndlisinin başına çırpdı — Təfərrüat

KRİMİNAL 03 dek 2020, 11:49
Yevlaxda xuliqanlıq cinayəti törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Tuyğun Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tuyğun Həsənov Yevlax rayonu, Malbinəsi kəndi ərazisində, həmin kəndə gedən mərkəzi küçədə Vüsal Mehrəliyevlə heç bir əsaslı səbəb olmadan dava edib.

Tiyğun Həsənov Vüsal Mehrəliyevin “haqq-hesab çəkmək” hədəsi, guya söyüşlə danışması qənaətinə gəlməsi nəticəsində onun başından “Xırdalan” markalı şüşə butulka ilə vurub, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Tuyğun Həsənovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tuyğun Həsənov ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Kövər kəndində yaşayır: “Vüsal Mehrəliyevi kiçik yaşından tanımışam. Vüsalla qohumluğum, ədavət və düşmənçiliyim olmayıb. Hadisə baş verən günü saat 13 radələrində Qoyunbinəsi kəndi ərazisində yerləşən “Laçın” restoranında keçirilmiş toy mərasimində iştirak etmişəm. Həmin vaxt təxminən 100 qram araq içmişəm. Saat 14 radələrində restoranın həyətinə çıxmışam. Restoranın giriş qapısının önündə bir nəfər şəxsin Vüsalla zarafat etdiyini gördüm. Həmin şəxs əli ilə Vüsalı itələdş, Vüsal kürəyi üstündə yerə yıxıldı. Vüsal ayağa qalxaraq həmin şəxsə “var-yox” söyüşü söydü. Mən əlim ilə Vüsalın ağzını yumaraq “arvad uşaq var, söyüş söymə” dedim. Ona irad birldirdim, yenidən restorana qayıdaraq toy mərasimində iştirak etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 17 radələrində yaşadığı evə getmək üçün restoranın həyətinə çıxıb: “Həmin vaxt Vüsal mənə zəng edərək Malbinəsi kəndində yerləşən musiqi məktəbinin yaxınlığına gəlməyimi, mənimlə söhbət edəcəyini dedi. Vüsala orada gözləməsini və gələcəyimi bildirdim. Tanımadığım şəxsin idarə etdiyi taksi avtomobili ilə Malbinəsi kəndinə getdim. Mağazadan içmək üçün bir ədəd 500 qramlıq “Xırdalan” markalı şüşə butulkada qablaşdırılmış pivə aldım. Butulkanın qapağını açaraq pivəni içməyə başlayaraq, piyada kəndin girəcəyində yerləşən musiqi məktəbinin qarşısından keçən küçəyə getdim. Həmin vaxt Vüsalın orada olduğunu gördüm, Vüsala restoranın qarşısında düzgün hərəkət etmədiyini, qız-gəlinin yanında söyüş söydüyünü, bu səbəbdən də sonuncuya irad bildirdiyimi dedim. Vüsal həmin vaxt orada qadın olmadığını bəhanə edərək onu vurduğumu dedi. Vüsalla bir neçə dəqiqə müddətində mübahisə etdim. Vüsal sərxoş vəziyyətdə olub. Vüsal mənə qarşı söyüş söydü. Həmin vaxt sağ əlimdə “Xırdalan” markalı şüşə butulka olub. Şüşə butulkanı tutduğum sağ əlim ilə Vüsalı sinəsindən bir dəfə vurdum və Vüsal müvazinətini itirərək yerə yıxıldı. Əlindəki şüşə butulkanı hasarın yanına atdım. Vüsal ayağa qalxaraq yenidən üstümə gəldi. Həmin vaxt mal-qara ötürmüş təxminən üç-dörd nəfər şəxs bizim yanımıza gəldi, məni və Vüsalı bir-birmizdən aralaşdırdılar”.

Tuyğun Həsənovun ifadəsinə görə, həmin gün gecə saatlarında o, anası Züleyxa ilə birlikdə Bakı şəhərinə gedib: 2020-ci ilin fevral ayında Yevlax rayon polis şöbəsində mənim barəmdə axtarış elan edildiyini bildim. Polis əməkdaşları məni yaşadığım ünvanda tutaraq, rayon polis şöbəsinə gətirdilər”.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Tuyğun Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 1 il 11 ay 28 gün müddətinə şərti cəza təyin olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top