“Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür”

SİYASƏT 02 dek 2020, 22:06
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İşğaldakı ərazilərimizin azad edilməsi uğrunda rəşadətli ordumuz misli görünməmiş şücaət göstərdi və düşmənə vurulan amansız zərbələrin nəticəsində Ermənistan məğlub olaraq döyüş meydanından qaçdı. Vətən Müharibəsi zamanı düşmən tam şəkildə məğlub oldu, döyüş meydanında başlayan qələbə yürüşü adekvat olaraq diplomatik masada da ölkə başçısı tərəfindən çox böyük uğurla davam etdirilir”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr zamanı Ermənistanın təcavüzkar siyasətini bir daha dünyanın diqqətinə çatdırması, bütün dünyanın de-fakto olaraq Ermənistanı təcavüzkar ölkə kimi tanımasına gətirib çıxardı:

"Baxmayaraq ki, BMT-nin qəbul edilmiş və icra edilməmiş, kağız üzərində qalmış dörd qətnaməsinin Ermənistan tərəfindən icra edilməsi ilə əlaqədar bu vaxta qədər beynəlxalq təşkilatlar heç bir tədbir görməyiblər.

Şanlı ordumuz tərəfindən ərazilərimizin işğaldan azad edilməsi ilə yanaşı, Ermənistan məcbur qalaraq kapitulyasiya aktını imzalamaq barədə öhdəlik götürməyə məcbur oldu. Öhdəliyin icra edilməsi barədə qrafikin tərtib olunması nəticəsində ilkin olaraq Ağdam şəhəri və rayonun işğal altında olan kəndləri, 25 noyabr tarixində isə Kəlbəcər rayonunun təhvil verilməsindən sonra Laçın rayonu işğaldan azad edilməli idi.

Laçın rayonu Ermənistan üçün xüsusilə mühüm əhəmiyyət kəsb edirdi, buna görə də Ermənistan və onun havadarları Laçının təhvil verilməsini heç vaxt istəməmişdilər. Onların Laçın və Kəlbəcər rayonlarını verməkdən imtina etmələrinin əsas səbəbi ondan ibarət idi ki, bu müddət ərzində qeyd olunan ərazidə qanunsuz məskunlaşmanı həyata keçirmiş və ora çoxlu erməni ailələri köçürmüşdülər.

Lakin Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi.

Ölkə başçısının xalqa müraciətində qeyd etdiyi kimi, "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçın rayonunun Ermənistan tərəfindən işğaldan azad edilərək təhvil verilməsi qazandığımız qələbənin məntiqi yekunudur. Ermənistan Laçın rayonunu təhvil verməklə, kapitulyasiyada üzərinə götürdüyü növbəti şərti icra etməyə məcbur oldu.

Baxmayaraq ki, Ermənistan 28 ildir heç bir öhdəliyi icra etmirdi. Lakin Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, şanlı ordumuzun göstərdiyi şücaət, düzgün şəkildə qurulmuş iqtisadi, hərbi və xarici münasibətlərin məntiqi nəticəsi olaraq düşmən məğlub oldu.

Bu məğlubiyyət həm də Ermənistan dövlətinin məhvinin əsası olacaqdır. Ermənistan müharibədə uduzaraq sahibi olmadığı, ordumuz tərəfindən məhv edilmiş və ya qənimət olaraq ələ keçirilmiş silahların hələ uzun müddət pulunu ödəmək məcburiyyətində qalacaq.

Xüsusilə bir məqamı diqqətə çatdırmaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərimizdə olan bütün təbii ehtiyatlardan son dərəcə yararlanıb, tarixi abidələrimizi məhv etməklə yanaşı, son dərəcə vandallıq, təcavüzkarllıq və barbarlıq siyasətini həyata keçirib.

Lakin artıq tarixi həqiqət bərpa olundu, işğal altında olan ərazilərimiz işğaldan tam azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu, müharibə şanlı qələbəmizlə başa çatdı.

Yaşasın bizə bu qələbəni bəxş edən Müzəffər Ali Baş Komandan, eşq olsun Azərbaycan Ordusuna!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top