Bakıda gecə klubuna böyük məbləğdə borcu olan gəncdən dəhşətli əməl — Təfərrüat

KRİMİNAL 02 dek 2020, 11:05
Bakıda gecə klubunda dava salmaqda ittiham olunan 1988-ci il təvəllüdlü Ramiq Heydarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramiq Heydarov “İnferno” klubun yaxınlığında, “Yazıçılar Birliyi”nin inzibati binasının qarşısında tanışı Müşfiq Rəsulovdan bir neçə gün əvvəl ona gödəkcə aldığını bildirərək, əvəzində isə onun “İnferno” kluba olan borcunun silinməsində nə üçün köməklik göstərməməsini bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, Müşfiq Rəsulovun ünvanına ucadan nalayiq söyüşlər söyüb.

Ramiq Heydarov həmin vaxt Müşfiq Rəsulovu döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Ramiq Heydarovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramiq Heydarov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Ramiq Heydarov qeyd edib ki, 2012-ci il tarixdə Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib, 2015-ci il tarixdə azadlığa çıxığıb. Onun sözlərinə görə, Müşfiqi tanıyıb: “Müşfiqin İnferno klubda mühafizəçi işləyib. Bir neçə dəfə orada müştəri kimi olmuşam. 2019-cu ilin oktyabr ayında həmin klubda olan zaman Müşfiqin əynimdə gödəkcə gördü, bəyənərək hardan aldığımı soruşdu. Ona Masazır qəsəbəsindən 40 manata aldığımı və ona da eynisini təşkil edə biləcəyimi dedim. Sonrakı günlərdə eyni gödəkcədən Müşfiqə hədiyyə kimi gətirdim. Lakin onun əyninə balaca olduğundan birlikdə həmin mağazaya getdik və sonuncu 54 manata həmin gödəkcədən, eyni zamanda ümumi dəyərləri 120 manat təşkil edən digər geyim əşyaları aldı. Həmin məbləği nəğd olaraq ödədim. Buna səbəb Müşfiqin işlədiyi kluba olan borcumu ondan xahiş edib sildirəcəyimi fikirləşdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gün sonra tanışları ilə birlikdə kluba gəlib: “Orada Müşfiq bizə qəlyan qonaqlığı verdi. Daha bir neçə gün sonra isə Müşfiqə zəng vurdum, kluba olan 260 manat borcumun bir qisminin silinməsində mənə köməklik etməsini bildirdim. Əvvəlcədən ona hədiyyə kimi aldığım geyim əşyalarının müqabilində Müşfiqin də borcumun bir qismini sildirəcəyini fikirləşdiyim. Həmin vaxt Müşfiq mənə bu barədə müdirdən xahiş edəcəyini dedi. Bundan sonra müdir borcumu silməsə də, Müşfiqə hədiyyə kimi aldığım geyim əşyalarının müqabilində öz cibindən pul verib, borcumdan bir qismini sildirəcəyini güman etdim. Lakin sonradan maraqlananda hələ də kluba borcum olduğunu bildim”.

Ramiq Heydarovun ifadəsinə görə, hadisə baş verən günü, gecə saat 02.00-da taksi ilə İnferno klubun qarşısından keçən zaman Müşfiqlə bu barədə söhbət etmək üçün taksini saxladaraq düşüb: “Həmin vaxt kluba daxil oldum. Klubda Müşfiqi gördüm, onunla söhbət etmək üçün bayıra çıxdıq. Bayırda Müşfiqlə söhbət edə-edə Yazıçılar Birliyinin inzibati binasının qarşısına tərəf getdik. Orada Müşfiqə nə üçün kluba olan borcumun bir qismini sildirmədiyini bildirdim., Müşfiq isə mənə bu barədə müdirdən xahiş etdiyini, lakin sonuncunun borcu silməkdən imtina etdiyini dedi. Bundan sonra əsəbləşdim, Müşfiqə ona aldığım geyim əşyalarının pulunu qaytarmasını dedim. Müşfiq də borcu olmadığını bildirdi. Həmin zaman danışıq tonları yüksək səslə olduğundan bir qədər aralıda dayanıb söhbət edənlərdən tanıdığımız taksi sürücüsü Ariz və diycey kimi işləyən Ələkbər bizə yaxınlaşdılar. Ələkbər nə baş verdiyini soruşdu. Ona Müşfiqdən borcumu istədiyimi bildirdim. Həmin vaxt Ələkbər Müşfiqə borcunu qaytarmasını məsləhət etdi. Sonuncu kobud cavab verdi. Bundan sonra aramızda söz-söhbət olmasın deyə Ələkbərdən söhbətə qarışmamağını və aralanmağını xahiş etdim. Bundan sonra Müşfiq ünvanıma söyüş etdi. Ona nalayiq söyüşlər söyüb başım ilə onun burun nahiyəsindən bir dəfə zərbə endirdim. Həmin vaxt Müşfiq arxaya gedərək ağacın dibində olan taxta parçasını götürdü, baş nahiyəmdən bir dəfə zərbə endirdi. Zərbə təsirindən taxta parçası iki yerə bölündü. Bundan sonra Müşfiqə yaxınlaşaraq onu ayağından tutdum, yerə yıxdım və təpiklə ağız nahiyəsindən zərbə endirdim. Bu vaxt Ələkbər mənə yaxınlaşdı, əlimdən taxta parçalarını aldı, kənara atdı. Arizdə səs küyə bizə yaxınlaşdı, bizi araladı”.

Səbail rayon Məhkəməsinin hökmü ilə Ramiq Heydarov 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top