"27 illik həsrətdən sonra doğma şəhərimə gəlmişəm" — Ağdamdan FOTOREPORTAJ

GÜNDƏM 28 noy 2020, 12:16
Ağdam şəhərindən reportaj hazırlanıb.

AZƏRTAC-ın hazırladığı reportajda, Ağdamın erməni vandalları tərəfindən dağıdılaraq xarabalığa çevrildiyi və bir zamanlar adı dillər əzbəri olan gözəl Ağdam şəhərində daşın daş üstə qalmadığı bildirilib.

Şəhərin Cümə məscidini ziyarətə gəlmiş Ulduz Şıxıyeva sevincini müxbirlə bölüşüb: “Bu gün çox xoşbəxtəm. Ona görə ki, 27 illik həsrətdən sonra doğma şəhərimə gəlmişəm, məsciddə cümə namazı qılmışam. Allaha şükür etmişəm. Evim tar-mar olsa da, torpağıma qovuşmağım mənə yetər. Bizi yurdumuza qovuşdurduğu üçün Müzəffər Ali Baş Komandana, düşmən üzərində şanlı zəfər çalan ordumuza minnətdaram”.

Uzun illərdən sonra doğma şəhərinə qovuşan Ramil Babayev: “İllərdir doğma yurdumuzun həsrəti ilə yaşayırdıq. Ən böyük arzumuz torpağımıza qayıtmaq idi. Artıq Prezidentimizin, müzəffər ordumuzun sayəsində bu həsrətə son qoyulub, arzumuza çatmışıq. Ağdamımız yerlə-yeksan olsa da, biz onu yenidən quracağıq. Gözəl günlərimiz yenə başlayacaq”.

Ağdam ziyalısı Zülfü Qasımov da Şəhidlər xiyabanında idi. Z. Qasımov əli ilə xiyabanı göstərib dedi: “Görürsünüz, məzarlığı nə günə qoyublar. Burada mindən artıq məzar var idi. Tamamilə dağıdıblar. Məzarları çıxarıblar. Belə vandallıq dünyanın heç bir yerində görünməyib. Bir az əvvəl evimiz olan yerə də getmişdim. Mənzilimiz beşmərtəbəli binada idi. Şəhərdəki digər tikililər kimi bizim bina da dağılıb. Lakin bunlara baxmayaraq, bu gün özümü xoşbəxt hesab edirəm. Çünki doğma yurduma gəlmişəm. Ağdamımız artıq azaddır. Buna görə Prezidentimizə sonsuz minnətdarlığımı bildirirəm”.











Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top