Fransa Senatının fransızlığı: Bakı üçün kağız, Paris üçün biabırçılıq...

SİYASİ 27 noy 2020, 14:11
Fransa senatına 18 noyabrda təqdim olunan “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” adlanan 145 nömrəli qətnamə layihəsi 25 noyabrda tələsik müzakirədən sonra qəbul olunub.

Senat bu qətnamə ilə Qarabağ məsələsinə sözün həqiqi mənasında “fransız” olduğunu təsdiqlədi.

Artıq müharibə bitib, Ermənistan kapitulyasiyaya imza atıb, Azərbaycan 30 ildir ki, icra olunmayan BMT qətnamələrini təkbaşına yerinə yetirir, Fransa Senatı isə 15 gün sonra ayılıb.  

Qətnamədə deyilir ki, Senat Fransa hökumətini Dağlıq Qarabağı tanımağa və bu tanınmanı regionda möhkəm sülhün yaranması məqsədi ilə danışıqlarda alət kimi istifadə etməyə çağırır”.

Xatırladaq ki, eyni mətnli qətnamə 2014-cü ildə Fələstinlə bağlı də qəbul edilmişdi.

“Senat Fransa hökumətini Fələstin dövlətini tanımağa və bu tanınmanı Yaxın Şərqdə dinc nizamlamaya dair prosesdə alət kimi istifadə etməyə çağırır”, - qətnamədə deyilirdi.

Hər iki qətnaməyə zaman fərqi ilə olsa da, Fransa Xarici İşlər Nazirliyinin şərhi də demək olar ki, eynidir.

Fransa XİN Senatın qondarma qurumla bağlı qətnaməsini şərh edərkən bildirib ki, birtərəfli qaydada tanınma danışıqlara təzyiq yaradır, simvolik tanınma isə onlara heç cür kömək eləmir.

Yəni, Fransa hökuməti Senatın ona tövsiyəsini qəbul etmək niyyətində deyil. Hərçənd ki, Fransa Senatının kapitulyasiya aktının imzalanmasından 15 gün sonra Ermənistanın əvəzinə yenidən “müharibəyə başlamaq” cəhdi gülüş doğurduğu qədər, suallar da yaradır. 

Senat niyə belə bir qətnaməni qəbul etdi?

Səbəb məlumdur. Fransanın daxili siyasətinə, xüsusilə seçkilərə təsir imkanı olan erməni diasporu (lobbisi) fransız senatorların artıq həll olunmuş münaqişəyə fransız qalmasının əsas müəllifləridir. Səsvermə prosesinə diqqət edəndə də bu, aydın görünür.

Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir.

Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox, 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə tarixə düşdü.

Çıxışlardan da aydın oldu ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbəri belə yoxdur. Bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. 

Misal üçün, Senator Stefan Ravie deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır.

Biri bu fransıza desin ki, müharibə başa çatıb. Hansı müharibədən danışır?

Bunun bir adı cahillikdirsə, digər adı da məsələyə fransız qalmaqdır. 

Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bu da qətnamənin əvvəldən planlaşdırılan təxribat olduğunu açıq şəkildə göstərir. Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər.

Təəccüblü deyil, çünki layihəninin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa dövlətinin nüfuzu, yaxud milli maraqları yox, Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır.

Məlumdur ki, Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir. Senatın qərarları isə tövsiyə xarakteri daşıyır. Sənədin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı var. Senatın belə bir qətnamə qəbul etməsi, Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən Fransanın tarixinə qara səhifə kimi həkk olunur.

Vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyini formalaşdırdı. 

Fransanın Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Löman da sənədin Fransanın dövlət mənafeyinə, ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun olmadığını etiraf edib.

Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Bu, adi kağız parçasından başqa bir şey deyil. Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz ərazilərindən çıxarılmasını tələb edə bilməz. Rəsmi Bakı mövqeyini lazımi şəkildə bəyan edib.

Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirib.

Senatın Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə heç bir münasibət bildirməməsi də suallar doğurur.

Reallıqdan xəbəri olmayan, yaxud özünü xəbərsiz kimi aparan Fransa Senatı Ermənistan tərəfindən çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir. Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Qətnamənin mətnində münaqişənin bütün tarixi, siyasi və hüquqi aspektləri təhrif edilir. 

Fransa Senatının müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı, nəinki xəbəri olmadığı Dağlıq Qarabağ münaqişəsini.

Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmayan bu qətnamə Fransa dövlətinin maraqlarına da ziddir. Rəsmi Paris təcili şəkildə Senatın bu qətnaməsini qınayan bəyanat və izahat verməklə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə etməlidir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top