Yevlaxda aztəminatlı ailələrə ayrılmış sovqatları ələ keçirən məmurun şok etirafları — ÖZƏL

KRİMİNAL 23 noy 2020, 14:49

Yevlax Rayon İcra Hakimiyyəti başçısının Qaraməmmədli kənd nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mikayıl Əsədovun Yevlax rayonu ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylanması üçün həbs olunub.


Aparılmış istintaqla Mikayıl Əsədovun çalışdığı zaman xidməti vəzifəsindən sui-istifadə etdiyi məlum olub.


Aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayıb, mənimsəyib, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurub.


İstintaq orqanı tərəfindən Mikayıl Əsədovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mikayıl Əsədov bildirib ki, rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə, son dəfə isə 2012-ci il dekabr ayından 2020-ci il may ayının 5-ə qədər Yevlax rayon İcra Hakimiyyətinin Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib: ““Covid-19” pandemiyası ilə bağlı aztəminatlı ailələrə verilən 20 ədəd ərzaq payları mənim tərəfimdən rayon icra hakimiyyətindən təhvil alınıb, inzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğu Qaraməmmədli və Rüstəmli kəndlərində yaşayan 20 nəfər aztəminatlı şəxsə paylanılıb. Ərzaq payları bağlı şəkildə tərəfimdən təhvil alınıb, elə həmin gün də sahiblərinə çatdırılıb, yəni adı siyahıda olan vətəndaşlara paylanılıb”.


Mikayıl Əsədovun sözlərinə görə, aztəminatlı ailələrə göndərilən ərzaq paylarını 20 sayda - 10 qutu olmaqla 2 dəfəyə götürübŞ özüməməxsus avtomobillə əvvəlcə Yevlax rayonu Rüstəmli kəndinə, sonra isə Qaraməmmədli kəndinə aparıb: “Birinci dəfə payları aparanda Rüstəmli kəndinin girəcəyində özümə məxsus “VAZ 2106” markalı avtomobili saxladım, ərzaq məhsullarının olduğu ərzaq paylarının 6 ədədini açdım. İçində olan müxtəlif ərzaq məhsullarını adını indi dəqiq xatırlamadığım yağ, makaron və müxtəlif adda olan müxtəlif növdən olan ərzaq məhsullarını xatırlamadağım sayda qutulardan götürdüm, maşının yük hissəsinə açıq şəkildə qoydum. Bundan sonra rayon icra hakimiyyətindən tapşırıldığı üçün videoçəkən Gündüzə zəng edərək kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığında dayandığım yerə gəlməsini dedim. Gündüz gələndən sonra ərzaq məhsullarını aztəminatlı ailələlərə çatdırılmalı olduöumuzu, payları verəndə çəkiliş edib, şəkilləri icra hakimiyyətinin işçilərinə göndərməli olduğumuzu bildirdim”.


Mikayıl Əsədovun ifadəsinə görə, Gündüzlə birlikdə ərzaq paylarını Rüstəmli kəndində yaşayan siyahı üzrə müəyyən edilmiş aztəminatlı ailələrə paylayıblar: “Bundan sonra Gündüzü kənddə düşürdüm, xəstə olan həyat yoldaşımı həkimə apardım. Axşamüstü arvadımı evə gətirəndən sonra bu dəfə Qaraməmmədli kəndində yaşayan 10 ailə üçün ayrılmış ərzaq yardımı payını götürərək kəndə qayıtdım. Yuxarı Qarabağ kanalını keçəndən sonra maşını saxladım və həmin paylardan bu dəfə də 6 ədədini açaraq içində olan məhsullardan müxtəlif sayda və növdə götürdüm, avtomobilin yük yerinə qoydum. Yenidən qutuları bağladım. Gündüzə zəng edərək bu payları da paylamağa kömək etməsini, həm də çəkiliş etməsini bildirdim. Bu dəfə də həmin payları aztəminatlı ailələrə payladım”.


Sabiq məmurun sözlərinə görə, təqribən gecə yarıya qədər bir-bir ünvanlarda olub, payları təhvil verib: “Gündüz də çıxıb evinə getdi. Qutulardan götürdüyüm məhsullar isə maşının yük yerində qaldı. Məqsədim həmin götürdüyüm ərzaq məhsullarını kənddə yaşayan digər imkansız şəxslərə vermək olub. Çünki karantin rejimi elan olunandan sonra kənd sakinlərindən mənə çox sayda müraciətlər daxil olub, kənd sakinləri maddi vəziyyətinin aşağı olmasından şikayətləniblər.  Qaraməmmədli və Rüstəmli kəndlərində ümumilikdə 3140 nəfər şəxs yaşayır ki, bunlardan da 430-450 ailə aztəminatlı ailələrdir. Niyyətim hər iki kəndi gəzib, ərzaq bağlamalarından götürdüyüm məhsulları ehtiyacı olan şəxslərə paylamaq olub. Ancaq həmin gün idarəyə gələn şəxslərə açıq şəkildə ayrı-ayrı ərzaq məhsulları verilə biləcəyimi bildirdikdə onlar yardımı ancaq qutu ilə birlikdə qəbul edəcəklərini, tək-tək götürməyəcəklərini bildirdilər. Beləliklə həmin məhsullar 3 gün avtomobilin yük yerində qaldı. Nə ailəmdən, nə də başqa kimsədən həmin məhsulların avtomobilin yük yerində olmasını bilən olmayıb. Həmin ərzaqları avtomobildə gəzdirmişəm. Avtomobilin yük yeri bağlı olub”.


Mikayıl Əsədov qeyd edib ki, həmin məhsulları götürən olmadığından toyuqların da köhnəlib, qoxu verdiyini hiss edib: “Hamısını hava qaralmağa başlayanda Yevlax rayonun Malbinəsi kəndi ərazisindən keçən Yuxarı Qarabağ kanalına atdım. Sonradan 2020-ci ilin may ayının 3-də rayon icra hakimiyyətindən gələrək maddi yardım paylanan ünvanlara baxış keçirildi, paylanan ərzaq məhsullarının paylanma vəziyyəti yoxlanıldı. Yoxlama aparıldıqdan sonra həmin şəxslər akt tərtib etdi, mən də həmin aktı imzaladım. Lakin məzmununu oxumadım. Ərzaq paylarının olduğu qutuları rayon icra hakimiyyətinin nümayəndələri olan Anar və Allahverdi müəllimdən bütöv şəkildə şifahi qaydada qəbul etmişəm. Toyuq məhsulları isə ayrıca qutularda yardım verilən əhalinin sayına uyğun, yəni hər ailəyə 2 toyuq olmaqla, cəmi 40 ədəd toyuğu qəbul etmişəm. Verilən ərzaq paylarının olduğu qutuları, aztəminatlı ailələrə tərtib etdiyi cədvəl üzrə vermişəm. Alandan sonra da şəxsən imzalayıblar. Ərzaq payı olan qutuların verilməsi dəvət edilmiş Gündüz tərəfindən mobil telefonu vasitəsilə çəkiliş aparılıb. Aztəminatlı ailələrin adının yazıldığı və ərzaq məhsullarını təhvil alan aztəminatlı ailələr tərəfindən imzalanmış sənədi ərzaq paylarını tam təhvil verdikdən sonra lazımsız olduğunu düşünüb cırıb atmışam”.


Mikayıl Əsədovun sözlərinə görə, icra nümayəndəliyinə müraciət edən imkansız, aztəminatlı şəxslər çox olduğu üçün payları təhvil alandan sonra həmin payları açıb içindəki ərzaqdan biraz götürüb, habelə toyuq məhsulunu da bir-bir siyahıda adları olan ailələrə payladıqdan sonra yerdə qalan ərzaq məhsullarını və toyuqları müraciət edən digər aztəminatlı kənd sakinlərinə verməyi planlaşdırıb: “Məqsədim digər imkansız şəxslərə də ərzaq yardımı etmək olub. Ərzaq məhsullarının olduğu qutulardan neçəsini dəqiq olaraq açdığımı və içərisindən hansı ərzaq məhsullarını götürdüyümü tam xatırlamıram. Həmin ərzaqları nə özüm, nə ailəsi, nə də qohumları üçün götürməmişəm. Ərzaqları imkansız şəxslərə vermək üçün götürmüşəm. Qutuları özüm tək açmışam. Bu barədə nə ailə üzvlərimə, nə də digər şəxslərə bildirməmişəm. Heç kim ərzaq məhsullarını açıq şəkildə qəbul etməyəcəyini dediyinə görə heç kimə götürdüyüm ərzaqları verə bilməmişəm. Avtomobilin yük yerindən qoxu gəldiyini görüb, həmin məhsulları israf olmasın deyə balıqların yeməsi üçün Yuxarı Qarabağ kanalına atmışam. Hazırda törətdiyi əməldən peşmanam. Vurulmuş 285 manat ziyanın tərəfimdən ödənilib”.


Yevlax rayon Məhkəməsinin hökmü ilə Mikayıl Əsədov 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top