Azərbaycana hücum edən təşkilatlar demokratiyanı İrəvan küçələrində ayaq altına atdı — TƏHLİL

TƏHLİL 20 noy 2020, 16:51

Ermənistanın kapitulyasiyası ilə bitən Vətən müharibəsi işğalçı ölkənin daxilində siyasi kataklizm yaratdı. Artıq bir neçə gündür ki, baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları, istefa tələbləri səngimir. Hakimiyyət isə siyasi repressiyalarını gücləndirməkdən əl çəkmir. 


“Çiçəklənən Ermənistan” partiyasının lideri Gaqik Sarukyan, “Daşnaksütyun” üzvü Geqam Manukyan və İşxan Saqatelyan, Respublika Partiyasının nümayəndələri Eduard Şarmazanov, David Hambardzumyan və Ara Saakyan, “Milli Təhlükəsizlik” hərəkatının lideri Qarnik İsagulyan, “Vahid Ermənistan” partiyasının lideri Artur Qazinyan, “Vətən” partiyasının lideri Artur Vanetsyan və politoloq Suren Surenyan həbs olunanlar arasındadır.


İki gün öncə aksiya iştirakçılarından birini maşın vurdu, bununla yanaşı, etirazçılara qarşı polis zorakılığı hələ də davam edir.


Nikol Paşinyan açıq şəkildə bəyan etdi ki, istefa verməyəcək və “qanuni hakimiyyəti”ni qorumaq üçün nə lazımdırsa edəcək.

 

Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaçdığını etiraf etdi –  AzTimes


İndi Ermənistan bölgədə diktaturanın mərkəzinə çevrilməkdədir, lakin indiyə qədər demokratiyadan, insan haqlarından danışan beynəlxalq təşkilatlar heç bir reaksiya verməyib.
 

Prezident İlham Əliyev bu gün xalqa müraciətində bu məsələyə toxunaraq bildirib: 


“Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin”.

 

İlham Əliyev hərbi formada Füzuli rayonunda - Video


Azərbaycan Prezidenti demokratiyadan dəm vuranlardan indi cavab istəyir, həm də qeyd edir ki, cavab olmayacaq. Çünki ortada hər kəsin gördüyü və gizlədilməyən ikilistandart var. 


Bun gün məğlub diktator Paşinyan iki il öncə onu “demokrat lider” kimi hakimiyyətə gətirənlərin dünyaya dərs keçməyə çalışdığı dəyərləri alt-üst edib.


Kütləvi həbslər, polis dəyənəkləri, etirazların güc yolu ilə yatırılması, siyasi repressiyalar və ölüm. İnsan haqları və demokratiya dediyimiz dəyərlərin bütün prinsipləri hazırda İrəvan küçələrində ayaq altına alınıb. 


Bəs, Qərb ölkələri, beynəlxalq təşkilatlar niyə hələ də susurlar?


Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən həmin Avropa Şurası, Avropa Parlamenti nə üçün heç bir reaksiya vermir?


Səbəb sadədir, bu qurumlar üçün əsas olan demokratiya yox, öz mənfur maraqlarıdır və insan haqları, demokratiya kimi dəyərlər bu qüvvələr üçün siyasi alətdən başqa bir şey deyil.


Bir fakt bu qüvvələrin iç üzünün tamamilə ifşa olunmasına yetərlidir.

 

Verelq News | Финансируемые фондом Сорос организации подключились к  пропаганде за выход Армении из ЕАЭС


2019-cu ilin 17 yanvar tarixində Avropa Şurasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul edildi. Həmin gün İrəvanın “Nubaraşen” həbsxanasında 44 gün aclıq aksiyası keçirən “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryan səhhətinin pisləşməsinə görə xəstəxanaya köçürüldü və yanvarın 26-da öldü. Yegizaryan Paşinyan hakimiyyətini tənqid etdiyi üçün şrlənərək həbs olunmuşdu. 


İrəvanda siyasi məhbus qətlə yetirilərkən Avropanın başı Azərbaycana qarşı əsassız ittihamlara qarışmışdı. Amma Qərbin heç bir ölkəsi, heç bir beynəlxalq təşkilat buna görə Paşinyan hakimiyyətinə irad belə bildirmədi.


Hakimiyyətə gəldiyi iki il müddətində rəqiblərini həbsxanaya salan Nikol Paşinyan kapitulyasiya aktına imza atandan sonra daha da azğınlaşıb və insan haqlarını tapdalamağa, söz azadlığını boğmağa davam edir. Amma bu ağılsız, məğlub olmuş diktatora “gözün üstə qaşın var” deyən yoxdur. 


Bu bir daha Qərb ölkələrinin, beynəlxalq təşkilatların iç üzünü ortaya çıxarır və təsdiq edir ki, demokratik dəyərlər onlar üçün yalnız öz maraqlarını təmin etmək naminə istifadə etdikləri alətdən başqa bir şey deyil...


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top