Çingiz Qənizadə: Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirib

GÜNDƏM 19 noy 2020, 17:29

Ermənistan–Azərbaycan münaqişəsinin 30 il davam etməsinin əsas səbəblərindən biri Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi idisə, digər səbəb də dünyada baş alıb gedən ikili standart, ayrı- seçkilik, təcavüzkara havadarlıq etmək idi. Bu müddət ərzində işğalçı ölkənin törətdiyi terror aktlarına, soyqırımına, dinc əhaliyə qarşı amansız olmasına laqeyd münasibət, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasının qarşısını almamaq və Ermənistana hər hansı bir sanksiya tətbiq olunmaması bu ölkəni daha da quduzlaşdırdı. Dəfələrlə cəbhəboyu ərazilərdə təxribatlar törədən təcavüzkarlar sentyabrın 27-dən başlayaraq ağır artilleriya qurğularından, ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə ölkəmizə qarşı genişmiqyaslı hücuma keçdi.


Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.


Ç.Qənizadə deyib ki, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu müddət ərzində öz funksiyasını yerinə yetirməməsi, əsas vəzifəsini söz yığınından ibarət bəyanatlar verməklə bitmiş hesab etməsi bu quruma olan inamı heçə endirdi. Hər dəfə Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə təxribatlar törədəndə, dinc əhalini qətlə yetirəndə, yaşayış məntəqələrinə ciddi ziyan vuranda ATƏT-in Minsk qrupu 20 il bundan əvvəl hazırladığı mənasız söz yığınından ibarət olan bəyanatı yenidən yaymaqla guya Ermənistanın təxribatına “siyasi qiymət” verirdi. Bəzi hallarda bu qurumun yaydığı bəyanat baş verən hadisə ilə uyğun gəlmirdi. Bu da təşkilatın yaydığı bəyanatdan bixəbərliyinin göstəricisidir. Göründüyü kimi, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasına o dərəcədə laqeyd yanaşırdı ki, hətta yaydığı bəyanatın da məğzinə diqqət yetirmirdi.


Ermənistanın bu özbaşınalığı, işğal siyasəti daimi ola bilməzdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğalçıya layiq olduğu yeri göstərdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 300-dən artıq kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi.


Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən dərhal sonra - noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır.


Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. İşğalçıların rəsmən təslim olmalarından sonra onların havadarları ciddi şəkildə narahat olmağa başlayıblar. Belə havadarlardan biri də ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransadır. Hələ müharibə başlayanda və Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edəndə, 27 il düşmən əsarətində olan ərazilərimizi azad edəndə, Fransa prezidenti beynəlxalq hüquq normalarına zidd olaraq bəyanatlar verir, işğalçını açıq şəkildə dəstəkləyirdi. Həmsədr dövlətlərdən birinin rəhbərinin təcavüzkar, terrorçu dövləti müdafiə etməsi, yalana, şantaja arxalanıb, dövlət başçısına yaraşmayan fikirlər söyləməsi ATƏT-in Minsk qrupunun mandatına tamamilə ziddir. Makronun işğalçıya “dur!” demək əvəzinə, Azərbaycanı atəşkəsi dayandırmağa səsləməsi beynəlxalq hüquq normalarına hörmətsizlik idi.


Fransa prezidentinin seçkilər ərəfəsində ermənilərin səsini almaq üçün göstərdiyi cəhdlər - işğalçıya haqq qazandırması bu ölkənin obyektiv və ədalətli vasitəçi reputasiyasının itirməsinin göstəricisidir. Fransanın ermənipərəst mövqeyi bu günlərdə yayılan informasiyalarda bir daha özünü büruzə verdi. Əldə olunan məlumatlara görə, Paris meriyası qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşır. Təbii ki, bu, Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb və bu işdə prezident Makronun dəstəyi açıq şəkildə özünü büruzə verir. Çünki 163 nəfərdən ibarət Paris Şurası əsasən prezident Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyasından ibarətdir. Bundan əlavə, Fransa meri Ann İdalqo qatı ermənipərəstdir. Onun müavini və işçilərinin çoxu əslən ermənidir. Əslində, Paris meriyası ermənilərin əlində bir alətə çevrilib və onu istədikləri səmtə yönəldə bilirlər.


Parisin indiki meri seçkilər zamanı erməni lobbisinin köməyi ilə səs toplayıb. O, Fransa ermənilərinin təşkil etdikləri bütün tədbirlərdə fəal iştirak edir. Bütün bunlardan sonra qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması başadüşüləndir. Əslində, bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki artıq dövlətimizin başçısı status-kvonu ləğv etdi. Bundan sonra Qarabağda hər hansı bir statusdan söhbət gedə bilməz. Artıq 30 illik işğal siyasətinə son qoyulub və işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinə start verilib. Dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”nın Paris meriyası tərəfindən tanınması həm Fransanı, həm də bu ölkənin prezidentini gülüş hədəfinə çevirər. Özünü münaqişənin nizamlanmasında vasitəçi kimi təqdim etmək, sonra da işğalçıya dəstək vermək, mövcud olmayan “Dağlıq Qarabağ respublikası”nı tanımaq beynəlxalq hüquq normalarına hörmətsizliklə yanaşı, həm də anormallıqdır. Hesab edirəm ki, beynəlxalq təşkilatlar da Fransa meriyasının beynəlxalq hüquq normalarına zidd olan bu addımını nifrətlə qarşılayacaqlar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top