Azərbaycanda taksi sürücüsünə qarşı gecəyarısı dəhşətli əməl — Təfərrüat


KRİMİNAL 19 noy 2020, 11:03

Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Orxan Salamzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Orxan Salamzadə ötən il dekabrın 5-də, saat 20 radələrində sərnişin qismində İlyaz Şirəliyevin taksi fəaliyyəti göstərdiyi “Mercedes” markalı avtomobildə hərəkətdə olan zaman Xətai rayonu, S.Ə.Şirvani küçəsi 5 saylı binanın qarşısındakı yolda bıçaqla qanunsuz olaraq əldə edib, üzərində gəzdirdiyi bıçağı böyür nahiyəsinə dirəyib, onu bıçaqla vuracağını deyib. Orxan Salamzadə hədə-qorxu gəlməklə İlyaz Şirəliyevin 100 manat pulunu ələ keçirib.


İstintaq orqanı tərəfindən Orxan Salamzadənin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan Salamzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, saat təxminən 15 radələrində yaşadığı evdən tanışları ilə görüşüb və vaxt keçirmək məqsədilə çıxaraq Dərnəgül şossesində yerləşən “Sabirabad” otelinə gedib: “Orada tanışlarım ilə birlikdə çay içib, bir qədər söhbətləşdik. Sonra da pula ehtiyacım olduğu üçün Yasamal rayonundakı “Qəbələ dairəsi”nin yaxınlığında yaşayan tanışım Emindən borc almaq qərarına gəldim. Həmin məqsədlə “Qəbələ dairəsi”nə getmək üçün özümün deyil, oradakı tanışlarımdan birinin mobil telefonundan sifariş üçün *2111 taksi şirkətinə zəng edim. Operatora olduğum ünvanı dedim, “Qəbələ dairəsi”nə gedəcəyimi və sonra da yenidən “Sabirabad” otelinin qarşısına qayıdacağımı bildirdim. Sifariş ümumilikdə 7 manat təşkil etdiyindən razılaşdım. Saat təxminən 18 radələrində otelin yaxınlığındakı “Santral Elektrik” mağazasının qarşısına çıxdım, taksinin gəlməsini gözləməyə başladım. Bir neçə dəqiqə sonra üzərində taksi nişanı olan dövlət qeydiyyat nömrəsini xatırlamadığım “Mercedes” markalı avtomobilin mağazanın qarşısında saxladığını gördüm. Ona yaxınlaşdım, avtomobilin sürücüsü, sonradan adını öyrəndiyim İlyaz adlı şəxslə danışdım, sifarişim əsasında gəldiyini dəqiqləşdirdikdən sonra avtomobilin qabaq oturacağına əyləşdim. “Qəbələ dairəsi” istiqamətində hərəkətə başladıq”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin istiqamətdə hərəkətdə olarkən istifadəsində olan mobil nömrədən borc almağı düşündüyü Eminin hal-hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib: “Amma balansımda kontur olmadığından zəngim alınmadı. Ona görə də taksi sürücüsü İlyazdan zəng etmək üçün telefonunu istədim, sonuncu da etiraz etmədi. İlyazın telefonundan Eminin nömrəsini yığdım. Amma Emin cavab vermədi. Artıq “Qəbələ dairəsi”nə çatdıq və Emin cavab vermədiyindən İlyazdan mənə Xətai rayonunun S.Ə.Şirvani küçəsində yerləşən “Akay” kafesinə aparmasını xahiş etdim. Özlüyümdə fikirləşdim ki, kafeni işlədən Xəyal adlı şəxslə münasibətim olduğu üçün orada oturub, bir qədər çay içib, vaxt keçirərəm. Həmin müddətdə Xəyalın istifadəsində olan mobil nömrə ilə borc pul istəmək üçün təkrarən Eminlə əlaqə saxladım. Bununla belə o anda taksinin qabaqcadan müəyyənləşdirilmiş sifariş qiymətini ödəməli olduğumdan üstündə olan ümumilikdə 7 manat pulu İlyaza verdim. Amma “Akay” kafesinə getmək sifarişdən kənara çıxdığım üçün İlyaza təklif etdim ki, məni həmin kafeyə apardıqdan sonra yenidən “Qəbələ dairəsi”nə qayıtmalı olacaq, ona görə də əlavə zəhmət haqqını təkrarən “Qəbələ dairəsi”nə gedəndən sonra ödəyə biləcəm. İlyaz bir söz deməyərək mənim bu təklifim ilə razılaşdım. “Qəbələ dairəsi”ndən “Akay” kafesinin qarşısına gəldik. Amma özümün üstümdə ümumiyyətlə pulum olmadığı üçün İlyaza müraciət etdim ki, sifarişin haqqı kimi ödədiyim 7 manatı geri qaytarmasını xahiş etdim. Təkrar “Qəbələ dairəsi”nə qayıtdıqdan sonra ödəyəcəyim məbləğlə birlikdə həmin 7 manatı da ödəyəcəyimi bildirdim. İlyaz mənim bu xahişimə də etiraz etmədi, razılaşaraq 7 manatı geri qaytardı. Avtomobildən düşdüm, kafeyə daxil olaraq Xəyalla görüşdüm. Çay sifariş etdim, qısa şəkildə söhbətləşdim, yenidən Eminə zəng etməyə çalışdım. Amma Emin telefona cavab vermədi”.


Orxan Salamzadənin sözlərinə görə, kafedə bir qədər oturub, müəyyən vaxtdan sonra onu çöldə gözləyən İlyaz içəri daxil olub və çox gözlədiyini deyib: “Mən isə cavabımda zəng gözlədiyimi dedim, bir qədər səbr etməsini xahiş edərək onu da çay süfrəsinə dəvət etdim. İlyazla birgə çay içdik, müxtəlif mövzularda danışdıq. Amma Emindən zəng gəlmədiyi üçün əlacsız durumda qaldığımdan taksi sürücüsü İlyazı aldatmaq qərarına gəldim. Bu məqsədlə də İlyaza yalandan guya işimin artıq alındığını dedim, “Qəbələ dairəsi”nə getməli olduğumuzu bildirdim. Saat təxminən 20 radələrində birgə kafedən çıxdıq, İlyazın idarə etdiyi taksiyə əyləşdik və “Qəbələ dairəsi” istiqamətdə yola düşdük. Yolda gedərkən İlyaz taksi pulu kimi 20 manat verməli olacağımı dedi. Pulum olmasa da, İlyazı aldadaraq danışılan yerə çatan kimi tanışımdan pul alıb, yol haqqını verəcəyimi dedim”.


Orxan Salamzadə qeyd edib ki, “Qəbələ dairəsi”nə çatdıqdan sonra avtomobildən düşərək yaxınlıqda onu gözləyən tanışından 20 manat pulu götürüb və ona verəcəyini deyib: “İlyazdan gözləməsini xahiş etdim, ara yollarla oradan uzaqlaşaraq getdim. Bir daha İlyaza tərəf qayıtmadım. Növbəti gün polis əməkdaşları tərəfindən saxlandım və mənə məlum oldu ki, İlyaz adlı həmin taksi sürücüsü barəmdə polisə ərizə ilə müraciət edib, guya idarə etdiyi avtomobillə onu müştəri qismində Xətai rayonundakı “Akay” kafesindən “Qəbələ dairəsi” istiqamətində apardığı zaman, onun üzərinə bıçaq çıxarıb, hədələyərək 100 manat pul və mobil telefon aparatını ələ keçirmişəm. Bu səbəbdən şübhəli kimi saxlandığımı mənə bildirən polis işçiləri ilə birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə getdim. Orada tanımadığım iki nəfər hal şahidinin iştirakı ilə üzərimdə axtarış aparıldı, axtarış zamanı əynimdəki qara rəngli gödəkçəsinin içəri cibindən bir ədəd bıçaq aşkar edilərək götürüldü. Bıçaq həqiqətən mənə məxsus olaraq həmin vaxt cibimdə olub. Bu bıçağı İlyazla bağlı həmin hadisədən təxminən bir neçə həftə əvvəl hal-hazırda xatırlamadığım yerdən almışam. Bıçaq çox xoşuma gəldiyi üçün hər hansı başqa məqsədim olmadan onu üzərimdə saxlamışam”.


Orxan Salamzadənin sözlərinə görə, amma həmin bıçağı İlyaza qarşı tətbiq etməyib, bıçaqla və ya bıçaqsız İlyazı hədələməyib: “İlyazın hər hansı məbləğdə pulunu və ya digər əmlakını ələ keçirməmişəm. İlyazın bu şəkildə məndən şikayətçi olması səbəbinə gəlincə isə belə fikirləşirəm ki, aldadıb taksi pulunu ödəmədiyim üçün İlyazın mənə acığı tutub, hirslənib, ona görə də bıçaq dirəyib pulunu almam məzmununda ərizə yazıb. Bu taksi sürücüsünün hal-hazırda da eyni mövqedə qalaraq şikayətçi olması ilə bağlı isə hesab edirəm ki, İlyaz valideynlərimdən pul qopartmaq fikrindədir və həmin niyyətlə də şikayətini davam etdirir”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Salamzadə 8 il 6 ay müddətinə azadlıdan məhrum edilib.


Fariz Məlikli
Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top