Makronun növbəti ermənipərəst OYUNU...

TƏHLİL 17 noy 2020, 17:13

27 ildir ATƏT-in Minsk qrupunda vasitəçilik missiyası daşıyan, lakin bütün fəaliyyətini işğalçı Ermənistanın müdafiə üzərində quran Fransa Azərbaycanın torpaqlarını azad etmək üçün ədalətli mübarizəsinin qabağını ala bilmədiyəndən sonra daha çirkin oyunlara əl atır. 


Azərbaycan torpaqlarını işğaldan azad etdi, status-kvonu alt-üst etdi, ərazi bütövlüyünü bərpa etdi. Bu, həm də Qarabağda işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejimin məhv edilməsi deməkdir. Fransa isə artıq olmayan qondarma rejimi xortlatmaq niyyətindədir.


Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Bu prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı istisna deyil. Sentyabrın 27-də başlanan müharibə boyunca Fransa Ermənistanı xilas edə bilmədi, indi belə çirkin niyyətlə son addımını atır.


Bu addımın arxasında Fransa prezidenti Emmanuel Makronun dayandığı şübhəsizdir. Çünki Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. 


Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər  tam inzibati azadlığa malik deyil. Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. 


Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur. Görünür, Makron Paris merinə belə bir göstəriş verib.


Paris meri Ann İdalqo da erməni dostları üçün bunu sevə-sevə etməyə hazırlaşır. Ann İdalqo qatı ermənipərəst kimi tanınır və erməni lobbisinin təsirində olduğunu gizlətmir. Qısa araşdırma bunu sübut etməyə yetərlidir.


Onun müavinlərindən biri isə erməni Anuş Toronyandır. Anuş Toronyan Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. 28 yaşlı Anuş İdalqonun müavinləri arasında ən gəncidir və Fransada bu gənc erməninin karyera pillələrini maneəsiz, sürətlə çıxması şübhə ilə qarşılanır. 


2015-2018-ci illərdə mer Anna İdalqo Ermənistanın həmin dövrdə prezidenti olan Serj Sarkisyanla 4 dəfə görüşüb.


Ann İdalqo Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub.


Parisdə mer seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar.


Ann İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə iştirak edib (Fransua Makron da həmçinin). Hətta İdalqonun erməni sevgisi Fransada məsxərə mövzusu olub. Merin Fransada erməni kilsəsinin açılışında iştirakı da inanclı olmasından yox, dost bildiyi ermənilərə münasibətdən irəli gəlir.


İdalqo qondarma “erməni soyqırımı”nın qızğın müdaifəçilərindəndir. Bununla bağlı davamlı tvitlər atır. Mer həmçinin, qondarma “erməni soyqırımı”nın “100 illiyi”ndə də nitq söyləyib. Qondarma “soyqırımı” ilə bağlı tədbirlərin də əsas iştirakçıları sırasındadır və maraqlıdır ki, onu bu tədbirlərdə ən gənc müavini Anuşun atası Ara Tonoyan müşaiyyət edir. İdalqo Yerevan şəhərinin yubileyində də iştirakçılar arasında idi.


Ermənipərəst mer Makronun göstərişini həvəslə yerinə yetirməyə hazırdır və Fransanın belə bir təşəbbüsü heç də təsadüfi deyil. ATƏT-in Minsk qrupunun həmsədri olan bu ölkə qurumda fəaliyyəti dövründə ermənipərəst mövqeyi ilə seçilib, Ermənistana hərtərəfli dəstək verib. 


Sentyabrın 27-də Ermənistanın təxribatları nəticəsində başanan müharibə dövründə isə Fransa indiyə qədər pərdələdiyi ermənipərəst siyasətini açıq şəkildə nümayiş etdirdi.


Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Fransa XİN də ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib.


Fransanın Azərbaycana qarşı münasibəti açıq düşmənçilikdir. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. 


Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Fransanın ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyi vədini verdiyinə dair məlumatlar var. Bu dəstəklə yanaşı, Fransa diplomatları müharibə dövründə Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparırdılar. Bu fəaliyyət indi də davam etdirilir.


Makronun noyabrın 16-da Rusiya prezidenti Vladimir Putinə zəng etməsi də Fransa hakimiyyətinin və diplomatiyasının bu istiqamətdə fəaliyyətini fəal şəkildə davam etdirdiyini aydın göstərir. 


Makron öz məqsədinə nail olmaq üçün ardıcıl şəkildə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri ilə əlaqə saxlayırdı. 


Fransa prezidenti bu zənglərini həmsədr dövlətinin rəhbəri qismində həyata keçirsə də, əsas məqsədinin işğalçı Ermənistanı müdafiə etmək olduğu məlumdur. 


Lakin Fransanın bu cəhdləri baş tutmadı. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Və bununla Fransanın da subyektiv olduğu beynəlxalq hüququ icra etdi.


İndi Fransa hakimiyyəti Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanımasını həyata keçirmək istəyir. Bununla, qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq və məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyətindədir.


Lakin bu cəhdlərin heç biri nəticə verməyəcək. Bundan əvvəl də İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş “DQR”-i tanıdı, lakin bunun heç bir praktiki nəticəsi olmadı və məsələ qısa zamanda unuduldu. Bunun da eyni nəticəsi olacaq. 


Bu da onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Yaranmış yeni reallıq 30 il ərzində mövcud olmuş status-kvonun qorunub saxlanması məqsədi güdən prosesin davam etdirilməsini istisna edir. Fransa bundan sonra da ATƏT MQ həmsədri kimi mandatına zidd fəaliyyətini davam etdirəcəyi təqdirdə, prosedurlara uyğun olaraq, Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması və digər ölkə ilə əvəz edilməsi məsələsini qaldıracaq. 


Fransa hakimiyyətinin mövqeyi və cəhdləri onsuzda ölü qurum olan ATƏT MQ həmsədrlik institunun tam məhv edilməsinə istiqamətlənib. Və şübhəsiz ki, Fransanın hazırkı cəhdləri bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. 


Rəsmi Paris Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına paxıllıq edir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatdır.


Bu gün Avropanın müxtəlif dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Çünki Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. 


Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır. 


Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakini məhv edən də Fransadır. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki,  insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib.


Lakin tarix heç nəyi unutmur və Fransa öz gerçək tarixindən qaça bilməz. Bu ölkənin insan haqları, demokratiya, yaxud beynəlxalq hüquqdan danışması da absurddan başqa bir şey deyil...


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top