Erməni lobbisinin “Fransa kartı”

GÜNDƏM 17 noy 2020, 16:53

Rusiya və Türkiyənin Qarabağ məsələsində həlledici rolu rəsmi Parisi əndazəni aşan düşüncələrə sövq edir .


Erməni lobbisinin əlində oyuncağa çevrilən Fransanın indiki hakimiyyətinin ermənipərəst siyasəti sərhəd tanımır. Bu siyasət artıq çoxdan bütün çərçivələri aşıb. Vaxtilə qondarma “erməni soyqırımı” ilə bağlı heç bir hüquqi çərçivəyə sığmayan qanunlar qəbul edən Fransa indi də  qondarma “Dağlıq Qarabağ Respublikası” ilə erməni sevgisinə nə dərəcədə sadiq olduğunu sübuta yetirməyə çalışır.


Əldə edilən son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Bu, heç də təsadüfi xarakter daşımır. Fransa hakimiyyətinin razılığı olmadan hansısa şəhər merinin belə bir işə baş vurduğu inandırıcı görünmür. 


Birincisi, Paris həm şəhər, həm də departamentdir. Bununla yanaşı, Parisin meri Paris Şurasına rəhbərlik edir. Fransada digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər  tam inzibati azadlığa malik deyil. 

 

İkincisi, Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. 


Ən mühümü Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur. 


Bu faktlar bir daha isbat edir ki, Paris merinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq kimi bir işə baş qoşmasının arxasında Fransa hakimiyyəti dayanır. Bunun daha ciddi səbəblərinə toxunmazdan öncə vurğulamaq yerinə düşər ki, Parisin merinin ermənipərəstliyinin də burada müəyyən qədər rolu var. 


Belə ki, Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır. Merin bir çox Fransa rəsmiləri kimi erməni lobbisinin tam nəzarətində olduğu dəqiqdir. Ermənilərlə sıx ünsiyyətdə olan Fransa merinin müavinlərindən biri Anuş Toronyanın erməni olması da diqqətdən yayınmamalıdır. Bundan başqa, Anuş Toronyan Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Toronyanın qızıdır. 


Mətbuatda yer alan məlumatlara diqqət etsək görərik ki, 2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb. Ann İdalqo Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. 


Ann İdalqo ilə bağlı digər faktlar sırasında onun 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə iştirak etməsini də qeyd etmək olar. Erməni sevgisinə bürünən, zaman-zaman buna görə məsxərəyə qoyulan mer Fransada erməni kilsəsinin açılışına da qatılıb. O, qondarma “erməni soyqırımı” ilə bağlı tvitləri ilə də məşhurdur. 


Paris meri seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar.


Bunlar Paris merinin, onun müavinin ermənilərlə necə sıx bağlı olması ilə bağlı kifayət qədər tutarlı faktlardır. 


Yuxarıda vurğuladığımız kimi, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq cəhdi təkcə Paris merinin, müavinin erməni və ya ermənipərəstliyi ilə bağlı deyil. Bunun kökündə Fransa hakimiyyətinin indiki ermənipərsət siyasəti dayanır. 


İlk növbədə ona diqqət etmək vacibdir ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı neytral mövqeyi olmayıb. Qurumun fəaliyyəti dövründə Fransa davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib. Həmsədr ölkə mandatının prinsiplərini kobud şəkildə pozan Fransa işğalçı Ermənistana hərtərəfli dəstək verib və bu dəstək indi daha eybəcər və çılpaq formada ortadadır. 


Bunu görmək üçün sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa prezidentinin mövqeyinə nəzər salmaq yetər. Fransa indiyə qədər ermənipərəst siyasətini pərdələyərdisə, bu dəfə tam açıq formada ermənidən betər ermənipərəst mövqe tutmağa başladı. 


Fransa prezidenti Emmanuel Makronun hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynlxalq rəy formalaşdırılması və cəza tədbirləri kimi həyata keçirdiyi səylər göz önündədir. Sentyabrın 27-dən indiyə qədər Emmanuel Makronun Prezident İlham Əliyevə, Rusiya prezidenti Vladimir Putinə Qarabağ münaqişəsi ilə bağlı telefon zənglərinin sayı-hesabı itib. Eyni formada Ermənistanın baş naziri Paşinyanla əlaqədə olan Makronun bu ölkəyə dəstəyi əndazəni aşıb. 


Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib.  Bu dəstək təkcə siyasi olmayıb. Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə həm də iqtisadi, hərbi dəstək göstərib. Əldə olunan məlumatlara əsasən, Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib. Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıblar və bu fəaliyyəti indi də davam etdirirlər.


Münaqişənin müharibə mərhələsi bitsə də, Fransa durmaq bilmir.  Makronun noyabrın 16-da Rusiya prezidenti V.Putinə zəng etməsi Fransa hakimiyyətinin və diplomatiyasının qeyd olunan istiqamətdə fəaliyyətini fəal şəkildə davam etdirdiyini aydın göstərir. 


Hazırda Fransa məhz erməni lobbisinun diqtəsi ilə Azərbaycana qarşı münasibətini açıq düşmənçilik mərhələsinə daşımaqdadır.  Bu dayanmasa, Azərbaycanda güclü iqtisadi maraqlara malik Fransa daha çox itirəcək. 


Fransanın erməni lobbisinin qarşısında anti-Azərbaycan və Ermənistanı müdafiə etmək öhdəliyi götürməsi şübhəsizdir. Bu cəhdlər indiyə qədər heç bir nəticə verməyib.  Nəticə qarşımızdadır. Azərbaycan işğal altındakı torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpasına maneə törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. 


İndi Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək. Bundan əvvəl də İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş “DQR”-i tanıdı, lakin bunun heç bir praktiki nəticəsi olmadı və məsələ qısa zamanda unuduldu. 


Fransa hakimiyyətinin çabalarının arxasından qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti boylanır. 


Fransa hakimiyyətinin mövqeyi və cəhdləri onsuzda ölü qurum olan ATƏT MQ həmsədrlik institunun tam məhv edilməsinə istiqamətlənib. Fransa bundan sonra da ATƏT MQ həmsədri kimi mandatına zidd fəaliyyətini davam etdirəcəyi təqdirdə nə baş verəcəyi sualının cavabı gün kim aydındır. Prosedurlara uyğun olaraq, Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması və digər ölkə ilə əvəz edilməsi məsələsini qaldırmaq hüququna malikdir. 


Fransanın hazırkı cəhdləri həm də bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. Reallıq budur ki, Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına paxıllıq edir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatdır.

 
Fransa hələ də alnındakı qara ləkələri görməzədən gəlir. Fransa heç də kənarda hansısa problemi həll etmək üçün normal tarixi keçmişi olan ölkə deyil.


Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakinin məhv edilməsində Fransanın qana bulaşmış əli var.


Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır.

 
Fransa tarixi ilə üzlləşsə, insan haqları və demokratiyanın beşiyi yox, bu dəyərləri tapdalayan ölkə olduğunu anlamış olar. Soyqırımı cinayətlərinin müəllifi olan  ölkənin insan haqları, demokratiya kimi anlayışlardan çirkin niyyətlər üçün yararlandığı birmənalıdır...


Elman Babayev
Əməkdar jurnalist


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top