İrandan gələn qaçaqmalçı narkotik vasitəni gömrük postundan necə keçirib? — İstintaq SƏNƏDLƏRİ

KRİMİNAL 16 noy 2020, 14:34

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Zülfüqar Səttarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zülfüqar Səttarov qanunsuz yolla qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının Biləsuvar şəhərində əldə etmə, saxlama və daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə 2 sentyabr 2019-cu ildə, saat 14 radələrində şəxsiyyəti müəyyən edilməmiş şəxslə əlbir olub.


Zülfüqar Səttarov həmin gün İran İslam Respublikasının Biləsuvar şəhərində cinayətkar qrupun məlum olmayan üzvündən əvvəlcədən 2 ədəd bükümdə yerləşdirilmiş külli miqdarda, 4,792 qram metafetamin psixotrop maddəsi, külli miqdarda, 30,834 qram heroin narkotik vasitəsi və təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edən 16 ədəd metadon həbi, 6 ədəd metadon həb qırıntısı və çəkisi 6,529 qram əzilmiş metadon həb qırıntısını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı–düz bağırsağında yerləşdirib.


Daha sonra o, həmin gün saat 17 radələrində Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib.


İstintaq orqanı tərəfindən Zülfüqar Səttarovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Səttarov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Zülfüqar Səttarov apelyasiya şikayəti verib. 


O, barəsində olan hökmün dəyişdirilməsini, ona təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş edib.


Zülfüqar Səttarovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Zülfüqar Səttarovun şikayəti qismən təmin edilib və onun cəzası 6 il 6 aya endirilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top