Rusiyanın növbəti xahişi, rəsmi Bakının humanizmi və heç bir halda geri dönüşü olmayan proses... — YAZI

SİYASƏT 15 noy 2020, 19:02

Kəlbəcərdən ermənilərin çıxmasına Rusiya prezidentinin xahişi ilə 10 gün əlavə möhlət verilməsinə narazı reaksiyalar başa düşüləndir. Çünki eyni yanaşmanı düşmən sərgiləməyib. Kəlbəcər işğal olunanda da belə idi, indi də belədir. Ermənilər işğal zamanı azərbaycanlılara qarşı necə vandallıq edirdilərsə, indi Kəlbəcəri tərk edərkən də həmin vandallığı başqa cür davam etdirirlər.


Bir neçə gündür düşmənin Kəlbəcəri tərk edərkən törətdiyi vəhşiliklərlə bağlı xarici KİV-də də kadrlar yayılır. Evlər, meşələr yandırılır, işıq dirəkləri sökülür və s. İnsanlıq sifətini çoxdan itirən ermənilər Kəlbəcərin daşını, torpağını belə özü ilə aparmağa çalışır. Düşmən ona məxsus olmayan bu ərazidən çıxarkən mümkün pisliyi edib çıxacağını əyani şəkildə sərgiləyir. Söküb apardığı unitazla BBC-nin kadrlarına düşən ermənilər bununla bütün dünyaya mahiyyətlərini nümayiş etdirirlər...


Bütün bunları görən, 27 ildən artıqdır Kəlbəcərin işğalına dözən millətimizin sosial şəbəkələrdə vaxtın uzadılmasına aqressiyasında tam haqlıdır. Amma biz indi prosesin elə bir mərhələsinə gəlmişik ki, torpaqların böyük qismini Azərbaycan əsgəri qanı, canı hesabına işğaldan azad edib. Diz çökən düşmən Azərbaycanın şərtlərinə əməl edərək digər ərazilərdən çıxaçağını bəyan edib və bununla bağlı cədvəl verib. İndi səbr edənin qazanacağı birmənalıdır.


Azərbaycan Rusiya prezidentinin xahişinə sırf humanizm prinsiplərinə söykənərək razılıq verib. Bu razılıq olmasaydı, haqq işimizin sona yetməsinin axırıncı mərhələsində düşmənin hansı təxribatlara əl ata biləcəyini unutmamalıyıq. Dünya riyakar və iküzlüdür. Xüsusilə Azərbaycana yanaşmada. Erməni yalanlarına qucaq açan dünya Azərbaycan reallıqlarını bir çox hallarda görmür. Bununla belə, vaxtın uzadılması ilə bütün dünya Azərbaycanın humanizm prinsiplərinə nə dərəcədə sadiq olması faktı ilə üz-üzədir. Barbar, insan sifətinə yad olan isə erməni tərəfidir. İllərdir erməni lobbisinin apardığı təbliğat indiki real mənzərə önündə puç olub gedir.


Rəsmi Bakı Rusiyanın xahişinə qərar verən zaman anlayış göstərib. Belə ki, hava şəraitinin çətinliyi, o istiqamətdən yalnız bir yolun olması və yolun ötürücülük qabiliyyətinin aşağı olması nəzərə alınıb. Bununla Azərbaycan öz böyüklüyünü, insanpərvərliyini bütün dünyaya göstərir. Bir tərəfdə humanizmi əldə rəhbər tutan Azərbaycan, digər yanda çılız, çıxdığı torpaqları yandırıb-yaxaraq çıxan, vandallığı sərhəd tanımayan Ermənistan. Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırmaqla kifayətlənmir, maddi mədəniyyət abidələrinə zərər  də vururlar.


Xüsusi vurğulanmalı məqam odur ki, Kəlbəcərdə erməni mülki əhalinin məskunlaşması tamamilə qanunsuz xarakter daşıyıb. Bu o deməkdir ki, orada olan hər hansı bir mülkiyyətin heç bir hüquqi qüvvəsi yoxdur. Ərazidə inşa edilmiş tikililər də qeyri-qanunidir.


Nəhayət, ən mühümü öhdəliklər qüvvədə qalır və heç nə itirilməyib. Cədvəldəki dəyişiklik texniki xarakterlidir, qoyulmuş son müddətə kimi (1 dekabr) bütün proses başa çatdırılmalıdır. Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdamdan, dekabrın 1-dək isə Laçından çıxarılması qüvvəsindədir.


Hazırda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistanın Kəlbəcərin tam boşaldılması noyabrın 25-dək yekunlaşacaq. Bu prosesin heç bir halda geri dönüşü yoxdur...

 

Elman Babayev

Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top