Dörd oğlu Vətən Müharibəsində döyüşmüş ana: “Məğlub xalq” ifadəsini üzərimizdən götürdük”

SOSİAL 12 noy 2020, 15:13

Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən Müharibəsində rəşadət göstərərək, düşmən üzərində qazandığımız parlaq qələbədə Yardımlı rayonunun da payı az deyil. Müzəffər Ordumuzun sıralarında xidmət edən igid oğullar döyüş meydanında işğalçı ermənilərə sarsıdıcı zərbələr endirdilər.


Rayonda elə ailələr var idi ki, onların 3-4 övladı eyni anda cəbhədə vuruşurdu. Bu gün döyüşlərdə qəhrəmancasına vuruşan hərbçilərimizin ailələri öz sevinclərini qürurla ifadə edirlər. Yardımlıda dörd oğlu cəbhədə döyüşən qəhrəman Cəfərovlar ailəsi kimi.


AZƏRTAC xəbər verir ki, ucqar dağ rayonu olan Yardımlının Ərus kəndində Özüxan Cəfərovun ailəsində dünyaya göz açan Aqil, Rasif, Asif və Turab qardaşlarının hər biri zabitdir və müharibənin ən şiddətli dövrlərində cəbhənin müxtəlif istiqamətlərində döyüş tapşırıqlarını qəhrəmancasına yerinə yetiriblər.


Müharibə sözü qulağa nə qədər qorxulu gəlsə də, Cəfərovlar ailəsi övladlarının dördünün də cəbhədə olmasından narahat deyildilər. Müzəffər Ordumuzun haqq savaşımızda qələbə qazanması üçün dualar edib, hər bir övladı cəbhədə döyüşən ailə kimi başlarını dik tutaraq zəfərə kökləniblər.


Dörd hərbçi atası Özüxan Cəfərov igid oğulları ilə qürur duyduğunu söyləyib:


“Müzəffər Ali Baş Komandanımızı və xalqımızı Şanlı Qələbə münasibətilə təbrik edirəm. Mən fəxr edirəm ki, mənim dörd övladım Vətən uğrunda döyüşlərdə iştirak edib.


Orduda xidmət edən bütün zabit və əsgərləri səmimi qəlbdən təbrik edirəm. Çox fərəh hiss keçirirəm, çünki mənim ölkəmin qətiyyətli və polad iradəli İlham Əliyev kimi Prezidenti var. 30 ildir mənfur ermənilərin zəbt etdiyi torpaqları nəhayət ki, azad etdik və “məğlub xalq” ifadəsini üzərimizdən götürdük”.


Ən böyük fərəh hissini isə döyüşçü anası Səmayə Yaqubova keçirir:


“Vətən üçün dörd pəhləvan yetişdirmişəm. Dörd igid oğul böyütməyin özü də ana üçün bir fəxrdir. Mənim üçün həm çətindir, ağırdır, həm də fərəhlidir. Övladlarımla çox qürur duyuram, Allah canlarını sağ eləsin. Başları uca olsun, ailəmizin başını uca etdilər”.


Bu qəhrəman ailədə dünyaya göz açan hərbçi uşaqları da atalarının cəbhədə düşmənə qan uddurmasından qürur hissi keçirirlər. Onlar odlu-alovlu müharibə dövründə Vətənimiz üçün döyüşən ataları üçün darıxsalar da, hər gün qazanılan zəfərlər bu balaca uşaqlara böyük qələbə sevinci bəxş edirdi.


Hərbçi övladı Yusif Cəfərov deyir ki, atasının hərbçi olması ilə fəxr edir. Qəhrəman atası düşmənləri torpaqlarımızdan iti qovan kimi qovub, bayrağımızı Qarabağda dalğalandırıb.


Ülkər Cəfərova da atası ilə fəxr edir. Deyir ki, Allah bütün hərbçilərimizi qorusun. Onlar bizə Qələbə bəxş etdilər. İnşallah tezliklə sağ-salamat evlərinə qayıtsınlar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top