Möhtəşəm qələbəmizə kölgə salmaq istəyənlərə

GÜNDƏM 12 noy 2020, 14:23

Qələbə sevincini bizə bəxş edən Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna təşəkkür edirik. Biz bu müharibəyə illərdir hazırlaşırdıq.

 

Biz bu proseslərin sülh yolu ilə həllində maraqlıydıq. Amma təəssüf ki, nankor, yaramaz və nadan qonşularımız və  onları dəstəkləyən qüvvələr məsələnin sülh yolu ilə həllində maraqlı olmadılar. Bu uzun müddət ərzində ATƏT-in Minsk qrupu Azərbaycanı aldatmaqla məşğul oldu. Azərbaycana qarşı çoxsaylı təzyiqlər olundu. Bütün bu dövrdə isə cənab Prezident müasir, güclü və qəhrəman bir ordu yaratdı. Bunun üçün dövlət büdcəsindən vəsaitlər ayrıldı, digər məsələlər həll  olundu. Sanki 17 ildir ki, cənab Prezident bu şanlı vətən müharibəsinə hazırlaşırdı. Çünki bizə başqa çıxış yolu qoymamışdılar. Bu müharibə xalqımızın şərəf və ləyaqət müharibəsi idi. Azərbaycan Prezidentinin qətiyyəti, milli maraqlara xidmət edən dəyişməz mövqeyi və siyasi iradəsi və rəşadətli, qorxmaz və qəhrəman Azərbaycan Ordusu bizi belə bir Möhtəşəm qələbəyə gətirib çıxardı.  Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanımızla və Qüdrətli Ordumuzla qürur duyur.

 
Xalq-iqtidar birliyi, siyasi birlik

 
Biz döyüş gedən 44 gün müddətində ölkədə vahid birliyin şahidi olduq. Hətta belə demək mümkünsə bütün siyasi partiyalar Ali Baş Komandanın və Azərbaycan Ordusunun ətrafında birləşdilər. Cənab Prezident noyabrın 10-u tarixində xalqa müraciətində də buna ayrıca bir önəm verdi. Bəs buna necə nail olundu?


Bu olduqca sevindirici bir haldır. Və qeyd edim ki, bu cənab Prezidentimizin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir. Cənab Prezident tərəfindən düz bir il bundan öncə Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu şöbəyə hörmətli Ədalət Vəliyevin təyinatı da təsadüfi deyildi. Ədalət Vəliyev pozitiv şəxsdir. Savadlı,  təşkilatçı, verilən tapşırıqların yerinə yetirilməsinə olduqca məsuliyyətlə yanaşan dövlət xadimidir. Onun bu vəzifəyə təyinatından sonra iqtidar və müxalifət siyasi dialoqu uğurla həyata keçirilməyə başladı. Yeni siyasi konfiqurasiyanın yaradılmasının şahidi olduq. Siyasi dialoq üçün şərait yaradıldı. Bu şöbənin vasitəsi ilə dövlətlə bir çox siyasi partiyalar arasında zədələnmiş körpülər bərpa edildi. Nəticə özünü göstərdi. Elə buna görə də cənab Prezident xalqa 10 noyabr tarixli müraciətində xalq-iqtidar birliyini, siyasi münasibətlərin müsbət səviyyəyə qalxmasını, qələbəmizi şərtləndirən səbəblərdən biri olduğunu qeyd etdi.


Üçtərəfli imzalanmış bəyanat bizə nə vəd edir?


Doqquz bənddən ibarət olan bu bəyanatla Qələbəmiz təmin edildi. Hitler faşizminin kapitulyasiyası kimi, erməni faşizmi də kapitulyasiya etdi. Bu Azərbaycanın şanlı qələbəsidir. Biz işğaldan azad olunmuş bütün Qarabağda Azərbaycan qanunlarını, Azərbaycan Konstitusiyasını bərpa edirik. Eyni zamanda bu üçtərəfli sazişlə biz işğal altında qalan digər rayon və kəndlərimizin bizə döyüşsüz, yeni itkilər vermədən geri qaytarılmasını təmin edirik. Onu da qeyd edim ki, bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin mübadiləsi bizə Dilqəm Əsgərov və Şahbaz Quliyevin də geri qaytarılmasına imkan yaradır. Çünki onlar digər saxlanılan şəxslər kateqoriyasına aiddir və qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində saxlanılıblar. Daha bir uğuru isə xüsusi qeyd etmək istərdim. Daha bir uğuru isə xüsusi qeyd etmək istərdim. Şəxsən cənab Prezidentin təşəbbüsü ilə bəyanatın 9-cu maddəsinə əlavə edilmiş bəndə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcəkdir. Bu Mehri dəhlizinin açılması, Naxçıvana quru yolla əlaqənin bərpası deməkdir. Bütünlükdə bu bəyanat Azərbaycanın tam qələbəsi, Ermənistanın məğlubiyyətidir.


Sülhməramlıların vəzifələri nədir və Türkiyənin bu məsələdə rolu nədən ibarətdir?


Bəyanatın 5-ci bəndində münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Türkiyə hərbçiləri də fəaliyyət göstərəcəklər. Bununla bağlı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında əldə edilən razılaşmalara görə Türkiyə Rusiya ilə birlikdə Sülhməramlı Mərkəzdə müşahidə və nəzarət fəaliyyətini icra edəcəklər. Artıq dünən Rusiya və  Türkiyənin müdafiə nazirləri arasında atəşkəsə birgə nəzarət edilməsi üçün memorandum imzalanmışdır. Atəşkəs dövründə belə Türkiyə Azərbaycanın yanındadır.


Rusiya  sülhməramlılarına gəldikdə isə, 1960 sayda odlu silahlı hərbi qulluqçularının, 90 yüngül hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentidir. Bu heç də bəzi siyasətbazların dedikləri kimi – “Azərbaycanda Rusiya hərbi bazası yerləşdirilir”, anlamına gəlmək demək deyildir. Bu sülhməramlıların konkret öhdəlik və vəzifələri vardır.


Bunlar -

 

Döyüşən tərəfləri barışdırmaq,

 

Sazişə riayət edilməsini izləmək,

 

Silahlı toqquşmaların qarşısını almaq,

 

Mübahisələri tənzimləmək və təxribatların qarşısını almaq,

 

Nümayəndə heyətlərinin üzvlərinin təhlükəsizliyinin qorunmasını təmin etmək,

 

Mülki əhaliyə kömək etmək.

 
Münaqişə zonasından sülhməramlılar kənara çıxa bilməz, ölkənin daxili işlərinə qarışa bilməzlər. Missiya müvəqqəti xarakterlidir.


Amma son günlər özlərini siaysətçi hesab edən, lakin bəzi şəxslər cəmiyyəti çaşdırmaqla qələbəmizə kölgə salmaq istəyirlər. Onlar həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə “Azərbaycanda Rusiya Hərbi Bazası  yerləşdirilir, suverenliyimizə təhlükə var”, və s. fikirlər ifadə edirlər.


Əvvəla sülhməraml missiyanı həyata keçirən kontingent – hərbi baza deyil. Hərbi baza iki dövlət arasında bağlanmış uzunmüddətli müqavilə ilə həyata keçirilir ki, belə müqavilələr həmin ölkələrin parlamentləri tərəfindən təsdiqlənir. Sülhün bərqərar olmasını tənzimləyəcək digər dövlət və dövlətlərin də başçılarının iştirakı ilə sülhə xidmət edən bəyanat müqavilə deyil, öhdəlikdir. Siyasi bir sənəddir. Milli münaqişə ilə təzahür edən müharibələr zamanı sülhməramlı qüvvələr həmişə olub və olacaqdır.


Niyə tək Rusiya, sualına isə cavabın 44 günlük müharibə zamanı Rusiyanın bu məsələdə tutduğu ədalətli mövqeyidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiya  Prezidenti Vladimir Putinin müharibə gedən dövrdə “işğal (erməni işğalı) sonsuzluğa qədər davam edə bilməz”, “münaqişə Azərbaycanın suveren ərazisində gedir və biz buna müdaxilə edə bilmərik” kimi açıqlamaları qüdrətli və güclü bir qonşumuzun bütün təkliflərinə yox demək üçün bizdə hər hansı şübhə yeri qoymadı. Rusiya faktoru bütün hallarda nəzərə alınmalı idi.


Rusiya və Azərbaycan dostluq münasibətləri, Erməniztan və Rusiya münasibətlərindən   daha möhkəm və daha etibarlıdır.  Bu da hazırkı mərhələdə Azərbaycan Rusiya arasında etibarlılıq prinsiplərinə inamı artıran faktor kimi qəbul edilməlidir.


Bu bəyanata görə Dağlıq Qarabağ Muxtar vilayəti artıq yoxdur. Biz bunu istəyirdik.


Ermənistan qoşunları Qarabağdan çıxarılır və bütün qanunsuz silahlı birləşmələr ləğv edilir. Biz bunu istəyirdik.


Sazişə görə biz işğal altında qalan digər rayon və kəndlərimizin bizə döyüşsüz, yeni itkilər vermədən geri qaytarılmasını təmin edirik. Biz bunu istəyidik.


Azərbaycanı Naxçıvan MR ilə  birləşdirən quru yolu bərpa edirik. Bu həm də Türkiyəyə quru yolla çıxış deməkdir. Biz bunu istəyirdik.


Bütün işğal olunmuş ərazilərdə Azərbaycan qanunları və Azərbaycan idarəçiliyi bərpa olunur. Suverenliyimiz bərpa olunur. Ərazi bütövlüyümüz bərpa olunur. Biz bunu istəyirdik.


Rusiya sülhməramlılarını əsas götürərək möhtəşəm qələbəmizə kölgə salmaq istəyənlərin nə istədiklərini yəqin ki, heç özləri də bilmirlər. Yalançı vətənşüvənlikdən əsl vətənpərvərliyə keçməyin zamanıdır.


Baş verən proseslər və əldə olunan Möhtəşəm Qələbə göstərdi ki, ən böyük vətənpərvər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusudur.

 

Çingiz  Qənizadə

Demokratiya və İnsan Hüquqları

Komitəsinin sədri,

Hüquq üzrə fəlsəfə doktoru


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top