Qələbə təbrikini ilk haqq edən, dövlətin hər cür qayğısına layiq olan ƏSGƏR

GÜNDƏM 12 noy 2020, 11:40

İlham Əliyev Qarabağ savaşının bütün qəhrəmanlarının sosial qayğılarının özünün nəzarətində olacağına əminlik vurğusu etdi:


"Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar".


Prezident İlham Əliyevin ötən gün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə verdiyi bu bəyanat olduqca önəmlidir. Bu, Ali Baş Komandanın torpaq uğrunda sağlamlığını, həyatını itirmiş insanlara diqqətinin göstəricisi olmaqla yanaşı,  məmur korpusuna, bütövlükdə cəmiyyətə mesajı idi. 


Prezident bu mesajı Qarabağ uğrunda savaşan bütün əsgər və zabitlərə  ünvanlayırdı. “Mənə arxalana bilərsiniz” deməklə həmin şəxslərin hər hansı haqsızlıqla üzləşəcəyi təqdirdə buna yol verənlərin qarşılarında Prezidenti görə biləcəkləri mesajını verirdi. Prezident Vətən uğrunda savaşanlara, şəhid olanlara öz ehtiramını göstərməklə, bu insanların qayğıları ilə bağlı bütün zəruri addımların atılacağına əminlik də yaratdı. 


Vurğulamaq yerinə düşər ki, Ali Baş Komandan əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə, şiddətli döyüşlərin getdiyi bir vaxtda – sentyabrın 29-da xanımı Mehriban Əliyeva ilə birlikdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşmüşdü. 


Döyüşlər bitəndən dərhal sonra da Ali Baş Komandanın xanımı ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanların hərbçilər olması heç də təsadüfi deyil. Bu Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibətinin, qayğısının göstəricisidir. Prezident bütün cəmiyyətə, xüsusilə ətrafına bu insanlara qarşı necə davranmalı olduqları barədə mesaj ötürdü.


Son görüşdə Prezidentin yaralı əsgərlərdən  tibbi maskaları çıxarmaq xahişi incə bir məqam idi: Dövlət başçısı, özünün dediyi kimi istəyirdi ki,  Qarabağda qəhrəmanlıq göstərənləri cəmiyyət üzdən yaxşı tanısın! Bu, Ali Baş Komandan kimi İlham Əliyevin hərbiçilərə olan dərin hörmətinin və həssas münasibətinin aydın nümunəsi idi...


Bundan bir neçə gün öncə Şuşanın azad edilməsi xəbərinin də məhz Şəhidlər xiyabanında çatdırılması sıradan bir addım deyildi. Ali Baş Komandan ilk dəfə idi ki, hərbi formada Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etməklə, Şuşanın azad olunması xəbərini ilk eşitməyə haqqı çatanların  şəhidlər olduğunu göstərdi!  


Hər zaman onu müşahidə etmişik ki, Torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksələnlər prezident tərəfindən qayğı ilə əhatə olunub və onlara dövlət qayğısının göstərilməsi üçün müxtəlif addımlar atılıb. İndiyə qədər şəhid ailələrinə və müharibə əlillərinə  8300-dən artıq mənzil, 7 minə yaxın avtomobil verilib.  Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub.


Prezident şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı bütün tədbirlərin davam etdiriləcəyini, şəhid ailələrinin evlərlə təminatının davamlı olacağını vurğuladı.


Ölkə rəhbərinin bu nümunəvi addımları hər birimizi Vətən uğrunda canından keçən, sağlamlığını itirən insanlara daha çox diqqət göstərməyə sövq edir. Ən uca pilləyə yüksəlmiş bu insanlara diqqət, qayğı onlara olan borcumuzun ödənməsinə az da olsa vəsilə ola bilər. Dövlətin diqqəti, qayğısı hər bir vətəndaşın analoji davranışı ilə tamamlanmalıdır. Prezidentin yaratdığı örnək bunun üçün ən gözəl nümunədir.


Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top