“Xankəndi, Xocalı və Xocavənddə erməni qoşununun qalmasından söhbət gedə bilməz” — Mayor

SİYASƏT 12 noy 2020, 00:30

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.


Demokrat.az xəbər verir ki, müharibənin gedişatı və nəticələri barədə fikirlərini Oxu.Az-a hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev bölüşüb.


- Ümumiləşdirsək, 44 günlük hərbi əməliyyatları necə xarakterizə edərdiniz?


- Azərbaycan son 30 ildə əldə etmədiklərini 44 gün davam edən əməliyyatlar nəticəsində əldə etdi. Nəzərə alaq ki, ermənilər bu illər ərzində özlərinin dili ilə desək, “keçilməz sədd” yaratmışdılar. İlk günlərdə biz bir rayon istiqamətində əks-hücum edirdiksə, sonradan hücum arealımız genişləndi. Hadisələrin gedişatı göstərdi ki, Azərbaycan Ordusu digər hərbi əməliyyatlarda müşahidə edilməyən yeni metoddan istifadə etdi. Bunlardan biri də odur ki, şimaldan Xankəndi şəhəri, şərqdən Xocavənd, qərbdən Laçın rayonlarının mərkəzi düşmən nəzarətində olsa da, ordumuz birbaşa ox kimi Şuşaya doğru sancıldı. Şuşa əməliyyatı haqda böyük kitablar yazılacaq. Xüsusi Təyinatlılarımızın Şuşanı alması dərsliklərə düşəcək.


- Şuşanın alınması Ermənistanın kapitulyasiyasında nə dərəcədə rol oynadı?


- Ermənilərin özləri də deyirdi ki, Şuşa kimdədirsə, Qarabağa nəzarət ondadır. Biz də bunu bilirdik. Amma heç bir xarici hərbi mütəxəssis belə 45 gün müddətinə Şuşaya Azərbaycan bayrağının sancılacağını güman etmirdi. Şuşanın geri alınmasının 2-3 ay çəkəcəyi, bəziləri isə bu məsələnin yaz-yay aylarınadək uzacağını ehtimal edirdi. Göründüyü kimi, Azərbaycanın hibrid metodlarla – hava, quru ərazilərdən hücumu münaqişənin tez başa çatmasını şərtləşdirdi. Şuşanın alınmasından sonra düşmənin tələsik kapitulyasiyaya əl atması qüvvələrinin sağ qalması ilə nəticələndi. Baxmayaraq ki, kapitulyasiyanın şərtləri Ermənistan üçün çox ağır idi. Ermənistan Kəlbəcər, Laçın və Ağdamı bu kapitulyasiya nəticəsində itirdi. İndiki Dağlıq Qarabağ hazırda Azərbaycan ərazisində üzüyün ortasındakı bir qaş kimi görünür. Digər tərəfdən ermənilər sovet vaxtı yaradılmış muxtar vilayət statusunu itirdilər. Bu əməliyyatlar sayəsində onların əvvəl müstəqillik, daha sonra muxtariyyət istəklərini gözlərində qoyduq. Halbuki əvvəlki baza prinsipləri qəbul edilsəydi, qan tökülmədən hansısa muxtariyyət forması bəlkə də ala bilərdilər...


- Yəni, Şuşa yox, Laçın və ya şimaldan Kəlbəcər alınsaydı, ermənilər təslim olardı?


- Hətta Xocavəndi də alsaydıq, onlar təslim olmayacaqdı. Dağlıq Qarabağ qondarma qurum olsa da, onun bir rəhbəri vardı və idarəetmə həyata keçirirdi. Mərkəzi rabitə qovşağı, komandanlıq, hərbi-siyasi rəhbərlik orda yerləşirdi. Bu idarəetmənin itməsi qoşuna mənfi təsir göstərir. Çünki mərkəzdən göstəriş ala bilmir, əməliyyatlarda başıpozuqluq, pərakəndəlik yaranır. Məsələn, erməni əsgərinin silah-sursatı tükənibsə, Azərbaycan tərəfindən geri alınmış Şuşaya necə bu barədə məlumat versin. Bu, Ordumuz tərəfindən planlaşdırılmış bir şey idi. Şuşa qalası 60-70 metr sıldırım qayalarda yerləşir. Ora ya kəndirlə, ya da havadan enməlisən. Düşünmədikləri halda, Azərbaycan Ordusu ora Xankəndi tərəfdən girdi. Şuşa əməliyyatı haqqında Oskara düşəcək filmlər çəkilməlidir.


- Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla bağlı sosial şəbəkələrdə müəyyən anlaşılmazlıqlar var. Məsələn, orada Kəlbəcər, Laçın və Ağdam ərazilərindən ermənilərin çıxarılması dedikdə, mülki şəxslər də nəzərdə tutulur?


- Ali Baş Komandan əvvəldən erməni milləti ilə problemimizin olmadığını bildirib, Qarabağda doğulmuş ermənilərin Azərbaycan vətəndaşı olduğunu və yenə də bu bölgədə yaşaya biləcəyini dəfələrlə qeyd edib. Necə ki, Ermənistanın keçmiş müdafiə nazirinin bacısı mənim doğulduğum Kürdəmirdə yaşayır, eləcə də ermənilər Qarabağda yaşaya bilər. Biz tolerant millətik və mülki əhali ilə heç bir problemimiz yoxdur. Burda zəmanətdən, Ermənistana gedib-gələ bilmək üçün bir dəhlizdən söhbət gedir. Dünya bizim erməni millətinə qarşı səmimiyyətimizi qəbul etsin deyə, biz Ermənistanla strateji müttəfiq olan Rusiya qonşunlarının burda yerləşməsinə razılıq verdik. Əgər ora türkü yerləşdirsəydik, ermənilər dünyaya car çəkəcəkdi ki, bizi “soyqırım”a məruz qoyanlar yenidən burdadır. Ona görə də beynəlxalq aləm bizim fikrimizi səmimi qəbul etməyəcəkdi.


İkincisi, rus sülhməramlı qoşunlarının burada yerləşməsinə razılıq verməklə Ermənistandan Azərbaycana ediləcək hər hansı təxribatın qarşısını almış oluruq. Yəni, biz ruslara deyəcəyik ki, get, Ermənistanı ağıllandır. Heç kim öz ərazisində başqa ölkənin əsgərinin yerləşməsini istəməz. Ancaq bəzən diplomatik ölçüdə müəyyən güzəştlərin edilməsi mümkündür.


Bu, müqavilə yox, ilkin razılıq, memorandumdur. Bəyanat adlandırdığımız bu sənəddə 9 bənd var. Bunların hər biri haqda çox danışmaq olar. Bu bəndlərin detalları daha sonra ətraflı şəkildə inkişaf etdiriləcək, bir günün işi deyil. Əsas məsələ dekabrın 1-dək Dağlıq Qarabağ ətrafındakı 3 rayonun erməni qoşunları tərəfdən boşaldılmasıdır. İlk bənddə belə bir şey var: Tərəflər tutduqları mövqelərdə qalacaqlar. Bu o deməkdir ki, atəş dayandırılsın, erməni əsgəri təhlükəsiz şəkildə Qarabağ ərazisindən çıxsın. Çünki döyüş gedərsə, heç bir əsgər ordan çıxa bilməz. Bu bəyanatda bizim ziyanımıza heç nə yoxdur. Ermənini kim çıxartmalıdır? Rus. Rus qoşunlarına kim nəzarət etməlidir? Türk. Yəni, biz. Türkiyə elə Azərbaycan deməkdir.


- Sülhməramlıların Kəlbəcər, Laçın, Ağdamda müvəqqəti, Dağlıq Qarabağın ermənilərin əlində olduğu hissəsində azı 5 il müddətinə olacağı bilinir. Buna bir aydınlıq gətirək. 1960 hərbi qulluqçu eyni zamanda hansı ərazidə sülhü qoruyacaq?


- Sülhməramlılar ilk 3 rayondan erməni qoşunlarını çıxardıqdan sonra funksiyasını başa vuracaq. İşğaldan azad etdiyimiz ərazilərə sülhməramlıların girməsinə icazə yoxdur. Sadəcə olaraq, işğaldan azad edilmiş ərazilərdə ordumuzun sayına baxılacaq, hansı məqsədlə bu sayda olmasına diqqət yetiriləcək. Xankəndi, Xocalı və Xocavənd ərazisində, düşünmürəm ki, kimsə silahla qalmağa risk etsin. Bir neçə nəfər səsini çıxarıb təslim olmayacaqsa, onlar silah gücünə oradan çıxarılacaq. Bəyanatda söhbət erməni hərbçilərinin Azərbaycan ərazisindən çıxarılmasından gedirsə, Xankəndi, Xocalı və Xocavənd də Azərbaycan ərazisi kimi tanınır. Bu ərazilərin adlarının çəkilməməsi müəyyən narazılıq formalaşdıra bilər. Amma Azərbaycan qondarma qurumu tanımadığından, bu 3 yaşayış məntəqəsi Azərbaycan ərazisi sayılırsa, orda erməni qoşununun qalmasından söhbət gedə bilməz. Sülhməramlının işi də məhz erməni qoşunlarını ordan çıxarmaqdır.


- Həmin ərazilərdə azı 5 il Rusiya qoşunlarının olacağı bildirilir…


- Bəli. Amma heç harda yazılmayıb ki, bu müddətdə orda Azərbaycan Ordusu da olmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top