İkiüzlü demokratiya çarçıları

GÜNDƏM 24 okt 2020, 15:01

Fransanın TF1 telekanalına qarşı təzyiqlərin kökündə nə dayanır?


Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri yayımladığına görə Fransanın TF1 telekanalının ciddi təzyiqlərə məruz qalması faktına qarşı susqunluq beynəlxalq hüquq müdafiə qurumlarının demokratiya maskalarının növbəti dəfə yerə düşməsi üçün yetərli hadisədir. Azərbaycanın beynəlxalq imicinə davamlı ciddi zərbələr vurmaq üçün bütün imkanlarını səfərbər edən Qərb instututları Avropanın ən aparıcı dövlətində yaşananları yenə də görmürlər. Nə yazıq ki, lazım gələndə kar, kor, lal olmaq xislətlərinə sadiq olduqlarını açıq şəkildə sərgiləyirlər...


Xatırladaq ki, Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindən yayımlanan eksklüziv reportajda Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs olunub. Kanalın jurnalisti Liseron Budulun reportajında əsgərlərimizin fikirlərinə yer ayrılıb. Azərbaycan əsgərləri ermənilərin silah və sursatlarını qoyub qaçdığını, Azərbaycan Ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.


Bundan başqa, reportajda əllərində Azərbaycan və Türkiyə bayraqları olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval-ruhiyyəsində olduqları göstərilib.


Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusunun olduğunu da qeyd edib. Eyni zamanda, reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib, ölənlər və yaralananlardan danışılıb, ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu önə çəkilib.


Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından da danışıb və dağılmış evlər nümayiş etdirilib. Erməni bombardmanı nəticəsində uşaq və qadın daxil olmaqla 15 nəfərin həlak olduğu, 50-dən çox dinc sakinin yaralandığı qeyd olunub.


Bu reportajda yalan nəsə varmı? Görünür, artıq bir sıra Qərb ölkələrində reallığı çəkib göstərməyin bədəli təzyiqlərlə üzləşmək olur...


Həqiqəti əks etdirən bu reportaja görə, günlərdir ki, erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndirməkdə davam edirlər. TF1-in ən populyar “Saat 20:00” xəbərlərində reportaj yayimlandiqdan dərhal sonra erməni icmasi sosial şəbəkələrdə TF1 kanalını və reportajı hazırlayan jurnalist Liza Budulu kütləvi təhqir və təhdid ediblər.  Fransa Erməni Təşkilatları Şurasının həmsədir Papazyan TF1-ə qarşı kütləvi etiraza çağırış edib. Bu azmış kimi erməni fəallarının jurnalistli ölümlə təhdid etmələri ara vermir. Nəticə isə o olub ki, TF 1 telekanalı materialı saytında götürməyə məcbur olub. Amma təzyiqlər hələ də davam edir.


Ermənilərin qəzəbinin səbəbi olduqca sadədir: TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha tam çılpaqlığı ilə üzə çıxarıb. Yəni məsələnin bu tərəfi tam aydındır.


Aydın olmayan beynəlxalq hüquq müdafiə, jurnalist təşkilatlarının, xüsusilə “Sərhədsiz Reportyorlar” təşkilatının bu məsələyə münasibət bildirməməsidir. Bu, ilk növbədə Qərb institutlarının ikiüzlü siyasətin aparıcıları olmasını, eyni zamanda, onların nə dərəcədə saxtakar olmalarını qabarıq şəkildə ortaya qoyur.


Görünən odur ki, artıq Qərb institutları istəsələr belə özlərinin ikili standartlardan çıxış etdiklərini gizlədə bilmirlər. Yalnız özlərinə sərf edəndə ortaya düşdüklərini, çirkaba bulaşmalarını, ayrı-ayrı maraqlı dairələrin əlində alət olduqlarını elə bu kimi faktın özü ilə sübut etmirlərmi? Deməli, demokratiya, dürlü-dürlü insan haqları moizələri bu dairələrin öz çirkin siyasətlərini gerçəkləşdirmək üçün bir vasitədir!


Görünən həm də odur ki, Fransa kimi bir dövlət erməni lobbisinin cazibəsi qarşısında aciz duruma düşüb, demokratik dəyərləri tapdalayır. Ən azı ona görə ki, bu hal demokratik ölkə adı qazanan Fransanın imicinə, söz və məlumat azadlığına böyük zərbə vursa da susmaqda davam edir. Fransa hökuməti hələ də Şarl Ebdo jurnalinı müdafiə etdiyi kimi, həm də TF1 kanalını müdafiə etməli, azğınlaşmış erməni fəallarına, erməni icmasına öz yerini göstərməlidir.Amma hələ ki, bunu görmürük.


Deməli, kriminal Ermənistan rejiminin etdiklərinə göz yuman beynəlxalq qurumların, dövlətlərin başqa bir ölkənin daxili işinə qızışdırıcı metodlarla qarışmasının demokratiya, insan haqları, söz azadlığı ilə heç bir bağlılığı yoxdur. Demokratiya bu instutların timsalında bütün coğrafi məkanlarda çoxdan şübhəli xarakter alıb və bu birmənaldır ki, hazırda dünya yalançı, ikiüzlü demokratiya çarçıları ilə üz-üzədir....


Elman Babayev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top