
İndi sizə cəbhə zonasının balaca qəhrəmanlarından bəhs edəcəyik. Müharibə başladığı gündən bu balacalar ordumuza, əsgərlərə öz dəstəklərini fərqli formada həyata keçirirlər. Necə? Bunu cəbhə zonasına ezam olunmuş əməkdaşımız Elmin Bayramlının süjetindən biləcəksiniz.
Futbol topu ilə artilleriya topunu seçə bilmədiyi yaşdadır. Rənglərinin anlamını bilməsə də, bu köynəyi geyinib və öz postunda özünü əsgər sayır. Kövrək barmaqları ilə əlindən gələn tək dəstəyi bu cür ifadə edir.
İki yaşlı Ümid, bacısı Nərmin və dostları ilə cəbhədən qayıdan böyük qardaşlarının, əmi-dayılarının qəlbinə kiçik bir sevgi toxumu səpirlər. Onlar əllərindəki üçrəngli bayraqlarla "biz sizinləyik, sizə arxayınıq" deyirlər.
Onları indi valideynlərinin aldıqları oyuncaqlar deyil, sadəcə zəfər təntənəsi ilə alışıb-yanan əsgər təbəssümü sevindirir.
Atılan top mərmilərini isə bəlkə də sadəcə oyun bilirlər. Günlərdir, düşmənin onları hədəf seçməsi isə qorxutmur heç birini.
Aralarında qohumları ön cəbhədə olanlar da var. Bəlkə də çoxdandır görmədikləri doğmalarına qovuşmaq ümidi ilə gözləri yollarda qalıb.
Səhəri mərmi səsi ilə açıb, günəşi də mərmi səsi ilə yola salan cəbhə zonasının uşaqlarının indi tək bir istəyi var: tanıdıqları hər kəs tezliklə onların yanına qayıtsın və döyüşə tələsən əsgərlər onları sadəcə təbəssümləri ilə deyil, qələbə xəbərləri ilə sevindirsin.