Dünya

Güclü yağış Tbilisidə daşqına səbəb oldu — VİDEO (YENİLƏNİB)

Güclü yağış Tbilisidə daşqına səbəb oldu — VİDEO (YENİLƏNİB)

Gürcüstanın paytaxtı Tbilisiyə yağan güclü yağışlar bir sıra problemlərə səbəb olub.

Demokrat.azGürcüstan mətbuatına istinadən xəbər verir ki, intensiv yağıntılar səbəbindən küçələr, zirzəmilər və bir neçə metro stansiyası su altında qalıb.

Şəhərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb, bir çox yollarda nəqliyyatın hərəkəti iflic olub. Böyük həcmdə yağıntının öhdəsindən gələ bilməyən kanalizasiya xətləri daşıb.

Şəhərin Saburtalo rayonunda qaz kəməri zədələnib, nəticədə ətraf ərazidə yaşayan sakinlər təxliyə ediliblər.

*** 12:24

Gürcüstanın paytaxtı Tbilisidə güclü yağış daşqına səbəb olub.

Demokrat.az xəbər verir ki, şəhərin bəzi ərazilərində küçələr su altında qalıb və avtomobillərin hərəkəti çətinləşib.

Şəhərin müxtəlif hissələrindən yayılan görüntülərdə küçələrin sularla dolduğu, nəqliyyatın hərəkətində ciddi problemlər yarandığı və bəzi ərazilərdə daşqının geniş miqyas aldığı görünür.

Hakimiyyət sakinlərə zəruri olmadıqca evdən çıxmamaq barədə xəbərdarlıq edib. Bir sıra yollar və zirzəmilər, eləcə də, ən azı iki metro stansiyası su altında qalıb.

Güclü yağış nəticəsində qaz boru kəmərlərindən birinin zədələnməsi də qeydə alınıb. Hadisə səbəbindən yaşayış binasının sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib.

Təcili yardım xidmətləri və bələdiyyə briqadaları şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərərək yolların təmizlənməsi və daşqının nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

 

 

Demokrat.az
D
demokrat.az