Sağlamlıq

Dondurma və yoqurtdakı bu əlavə diabetə səbəb olur

Dondurma və yoqurtdakı bu əlavə diabetə səbəb olur

Onu yoqurtlarda, dondurmalarda, bitki mənşəli içkilərdə və bir çox "fit" kateqoriyalı məhsullarda görmək mümkündür. Alimlər xəbərdarlıq edirlər ki, E407 kodu ilə tanınan məşhur qida əlavəsi bağırsaqların fəaliyyətini poza və metabolik problemlərin riskini artıra bilər.

Demokrat.az xəbər verir ki, "Rynekzdrowia"nın yazdığına görə, desertlərdə, süd məhsullarında və bitki əsaslı içkilərdə geniş istifadə olunan karagenan (E407) sağlamlıq üçün təhlükəli nəticələr doğura bilər. Son tədqiqatlar bu maddənin iltihabi proseslər və 2-ci tip diabetlə mümkün əlaqəsinə də işarə edir.

Araşdırmalar göstərir ki, karagenan bağırsaqların xroniki iltihabi xəstəliklərinin, xoraların inkişafına və qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Karagenanın (E407) narahatedici təsiri

Alimlər karagenanın insanın həzm sisteminə və karbohidrat mübadiləsinə təsirini araşdırıblar. Tədqiqat nəticəsində müəyyən edilib ki, bu maddə nazik bağırsağın keçiriciliyini artırır. Bu isə ehtimal ki, iltihabın yaranması və sonrakı sağlamlıq problemləri ilə əlaqədardır.

Karagenan qida sənayesində emulqator və qatılaşdırıcı kimi geniş istifadə olunur. Ən çox aşağıdakı məhsullara əlavə edilir:

* Hazır süd desertləri * Dondurma * Yoqurt və əridilmiş pendirlər * Bitki mənşəli süd məhsulları * Kolbasa və ət məhsulları * “Light” kateqoriyalı məhsullar * Hazır şorbalar və souslar * Şokoladlı və meyvəli içkilər * Jelatinli konfetlər və digər şirniyyatlar

Bir müddətdir ki, karagenanın həzm sisteminə mənfi təsiri ilə bağlı ehtimallar irəli sürülürdü. İndi isə bu məsələ Almaniya Diabet Araşdırmaları Mərkəzinin (DZD) professorları Robert Vaqner və Norbert Ştefanın rəhbərlik etdiyi alimlər qrupu tərəfindən araşdırılıb.

Tədqiqat çərçivəsində bədən kütlə indeksi 30-dan aşağı olan sağlam gənc kişilər iki qrupa bölünüb. Bir qrupa ABŞ sakinlərinin gündəlik orta istehlak səviyyəsinin 2–3 qatına bərabər miqdarda karagenan, digər qrupa isə plasebo verilib. Hər iki qrup iki həftə ərzində müşahidə olunub.

Nəticələr nazik bağırsağın keçiriciliyinin artdığını göstərib ki, bu da bağırsaq iltihabının nəticəsi hesab olunur.

“Tədqiqatımız göstərir ki, heyvanlar üzərində aparılan eksperimentlərdə olduğu kimi, karagenan bağırsaq baryerinin funksiyasını poza bilər. Bu isə uzunmüddətli perspektivdə sağlamlığa təsir göstərə və iltihabi xəstəliklərin riskini artıra bilər”, deyə professor Vaqner bildirib.

Məlumatlar həmçinin göstərib ki, karagenanla zəngin qidalanma insulinə həssaslığı azalda bilər. Bu vəziyyət isə çox vaxt 2-ci tip diabetin inkişafına gətirib çıxarır. Qeyd olunur ki, bu təsir əsasən artıq çəkili iştirakçılarda müşahidə edilib.

Artıq çəkili kişilərdə karagenan qanda iltihab göstəricilərinin yüksəlməsinə, həmçinin şəkər mübadiləsi və iştahanın tənzimlənməsinə cavabdeh olan hipotalamus nahiyəsində iltihab əlamətlərinin yaranmasına səbəb olub.

“Tədqiqatımız göstərir ki, gənc və sağlam insanlarda karagenanın metabolik təsirləri hələ tam üzə çıxmaya bilər. Lakin artıq çəkili və yaşlı insanlarda bu təsirlər daha aydın görünür. Bunun təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var”, deyə "BMC Medicine" jurnalında dərc olunan məqalənin həmmüəllifi professor Ştefan bildirib.

Onun sözlərinə görə, karagenanın qida məhsullarında bu qədər geniş yayılması nəzərə alınarsa, onun potensial mənfi təsirləri ciddi qəbul edilməlidir.

“Qida əlavələrinin orqanizmimizə necə təsir etdiyini daha yaxşı başa düşməliyik. Yalnız bu halda cəmiyyət üçün əsaslandırılmış tövsiyələr hazırlamaq mümkün olacaq”, deyə alim vurğulayıb.

Jalə Demokrat.az

D
demokrat.az