Uşaqların tərbiyəsi hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Bu prosesdə ailə və məktəb mühiti ən mühüm iki dayağı təşkil edir. Lakin zaman keçdikcə bu iki mühitin təsir gücü və bir-biri ilə əlaqəsi daha çox müzakirə mövzusuna çevrilir. Bəzi hallarda əsas yükün ailənin üzərinə düşdüyü, bəzən isə məktəbin daha həlledici rol oynadığı iddia edilir. Əslində isə əsas məsələ bu iki mühitin hansı daha üstün olması deyil, onların necə düzgün balanslaşdırılmasıdır.
Məsələ ilə bağlı sosioloq Əhməd Rəhmanov Demokrat.az-a bildirib ki, ev və məktəb mühiti arasında ən böyük təsir göstərən amil küçə mühitidir, yəni cəmiyyət mühitidir:
"Evdə uşaq tamamilə fərqli anlayışla qarşılaşır. Evə gələndə ailənin gündəlik qayğılarını, məişət problemlərini görür. Ata işdən gəlir, ana isə ev işləri ilə məşğul olur və uşağın qarşısında daha çox məişət xarakterli söhbətlər yaranır.
Məktəbdə isə ona daha çox böyük ideyalar, tarix, vətənpərvərlik və müxtəlif nəzəri biliklər öyrədilir. Nəticədə uşaq valideynin məşğul olduğu mühitlə məktəbdə gördüyü mühit arasında fərq hiss edir. Bu zaman uşağın psixologiyasında müəyyən ziddiyyət və müqavimət yaranır.
Uşaq üçün əsas formalaşdırıcı mühit çox vaxt küçə olur, çünki valideynlər işlədiyi üçün uşaq günün böyük hissəsini bu mühitdə keçirir. Hətta dərslərini yaxşı oxuyan uşaqlar belə ətraf mühitin təsirindən tam uzaq qala bilmir. Çünki küçə reallığı çox vaxt həm ailə, həm də məktəb mühitindən fərqli olur".
O deyib ki, məktəb isə bəzən real həyatdan uzaq, daha çox nəzəri biliklər üzərində qurulur:
"Uşaq isə bu fərqi gördükdə məktəbdən uzaqlaşa bilir. Ona görə də məktəbin real həyata daha yaxın olması vacibdir. Bəzi hallarda məktəbdə uşaqlara yalnız ideal və nəzəri fikirlər ötürülür, halbuki real həyat daha mürəkkəbdir. Uşaq isə bu reallığı küçədə görür və öyrənir. Ona görə də məktəbdə həyatla daha çox bağlı olan dərslərin tədrisi daha faydalı ola bilər.
Məktəbdə psixoloji maarifləndirmə də vacibdir ki, uşaqlar real həyatda qarşılaşdıqları vəziyyətləri düzgün dəyərləndirə bilsinlər. Beləliklə, məktəb, ailə və küçə mühitləri arasında daha balanslı bir yanaşma formalaşar", - deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


