Avto Özəl

Bu 5 maşın modelini alan usta yanından çıxmır

Bu 5 maşın modelini alan usta yanından çıxmır

Avtomobilin ən vacib hissələrindən olan sürət qutusu sıradan çıxdıqda sürücülər üçün əsl kabus başlayır. Aparılan araşdırmalar göstərir ki, bəzi məşhur yolsuzluq avtomobilləri (SUV) məhz bu xroniki problemləri ilə tarixə düşüb.

Demokrat.az xəbər verir ki, "Jeep", "Ford" və hətta "Mercedes" kimi nəhəng markaların bəzi modellərində ciddi transmissiya qüsurları aşkarlanıb. İstehlakçıların şikayətləri əsasında hazırlanan siyahıda ən çox problem yaradan 5 SUV modeli bəlli olub.

Jeep Grand Cherokee

Bu model sürət qutusu ilə bağlı kütləvi geri çağırmalarla yadda qalıb. Xüsusilə 2014-2015-ci illərdəki modellərdə elektron ötürücü sistemi avtomobilin "Park" vəziyyətində olduğunu yanlış göstərərək yüzlərlə qəzaya səbəb olub. Həmçinin 2022-2026-cı illər arasında istehsal edilən hibrid modellərdə mühərrikin qəfildən sönməsinə yol açan nasazlıqlar qeydə alınıb.

Nissan Pathfinder

Avtomobil satışa çıxarıldığı ilk aylardan etibarən CVT sürət qutusu problemləri ilə gündəmə gəlib. Hərəkət zamanı gücün qəfil itməsi və daimi titrəmə şikayətləri şirkətə qarşı milyonlarla dollarlıq məhkəmə işlərinə səbəb olub. Nəticədə istehsalçı 2022-ci ildən bu sistemdən imtina edərək 9 pilləli avtomatik sürət qutusuna keçib.

Ford Explorer

2020-ci ildən sonra istehsal edilən bu modellərdə sanki xətalar zənciri yaşanır. Sürət qutusundakı idarəetmə modulunun qəfil sıfırlanması avtomobilin hərəkət vaxtı qəfil kilidlənməsinə yol açır. Model təkcə dayanacaq əyləci problemlərinə görə yeddi dəfə geri çağırılıb və etibarlılıq reytinqində son sıralara düşüb.

Chevrolet Tahoe

Avtomobilin 10 pilləli avtomatik sürət qutusu arxa təkərlərin qəfil kilidlənməsi kimi təhlükəli bir qüsurla gündəmdədir. 2024-cü ildə bu ciddi xəta ucbatından 460 mindən çox avtomobil geri çağırılıb. Sürücülər hələ də sərt pillə keçidləri və sürət qutusunun həddindən artıq isinməsindən şikayət edirlər.

Mercedes-Benz GLE

Böyük pullar ödənilən lüks "GLE 450" modelləri də gözləntiləri doğrultmayıb. 2020-2023-cü illərdə istehsal olunan avtomobillərin sürət qutusu proqram təminatındakı səhv ucbatından ötürməni dəyişə bilmir və mühərrik qəfildən dayanır. Aşağı sürətlərdəki sarsıntılı keçidlər bu modelin nüfuzuna ciddi zərbə vurub.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova