Sosial platformalarda onlayn alış-veriş adı altında dələduzluq hallarının artması vətəndaşların maliyyə təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır. Bu kimi hallarda saxta satış elanları, əvvəlcədən ödəniş tələbi və məhsulun göndərilməməsi kimi üsullardan istifadə olunur. Əsas sual isə ondan ibarətdir ki, bu cür əməllər hansı hüquqi məsuliyyət yaradır və vətəndaşlar bu risklərdən qorunmaq üçün hansı addımları atmalıdır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, fərqi yoxdur, istər onlayn platformada olsun, istər real həyatda, dələduzluq, yəni etibardan sui-istifadə etməklə şəxsin əmlakının ələ keçirilməsi Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cəzalandırılır.
"Cəza isə mənimsənilən məbləğin həcmindən asılı olaraq dəyişir. Onlayn alış-verişlərdə adətən böyük məbləğlər olmasa da, hər bir halda bir neçə il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. İnsanların bu cür hallardan qorunmasının əsas yolu ehtiyatlı olmaqdır. Tanınmayan platformalardan alış-veriş etmək tövsiyə olunmur. Xüsusilə geniş tanınmayan, təsdiqlənməmiş, mənşəyi bəlli olmayan platformalardan istifadə ümumiyyətlə risklidir".
Vəkil bildirib ki, belə hallarda əlavə bir problem də ortaya çıxır ki, platformanın sahibləri başqa ölkədə ola bilər.
"Bu zaman vətəndaşın hüquqlarını qorumaq və ya şikayət etmək imkanları da məhdudlaşır. Nəticədə məsuliyyətə cəlb etmə prosesi çətinləşir və bəzən mümkün olmur. Ona görə də əsas prinsip ondan ibarətdir ki, yalnız etibarlı, tanınmış və rəsmi platformalardan istifadə edilməlidir".
Əfsanə Kamal Demokrat.az


