İqtisadiyyat

İstehsal artdı, benzin ucuzlaşa bilər? — AÇIQLAMA

İstehsal artdı, benzin ucuzlaşa bilər? — AÇIQLAMA

Azərbaycanda neft məhsulları istehsalındakı dəyişikliklər yanacaq bazarında qiymət gözləntilərini yenidən gündəmə gətirib. Dövlət Statistika Komitəsinin son rəqəmləri göstərir ki, sektorun ümumi istehsal dəyəri azalsa da, avtomobil benzini istehsalında 7,3 faiz yüksəliş var.

Demokrat.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli ölkədə yanacaq qiymətlərinin formalaşma mexanizmini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, yerli istehsalın artması hələ yanacağın ucuzlaşması demək deyil.

O bildirib ki, Azərbaycanda 92 oktanlı benzin və dizelin qiyməti bazar konyukturası əsasında təyin olunmur.

“Qiymətlər inzibati qaydada müəyyənləşdirilir, yəni bazardakı real vəziyyətə, istehsal-istehlak balansına və digər iqtisadi parametrlərə birbaşa bağlı şəkildə formalaşmır. Qiymətlərin tənzimlənməsi Tarif Şurası tərəfindən həyata keçirilir. Ehtiyac yarandıqda qurum toplanır və qiymətlərə yenidən baxılır, əsasən isə artım istiqamətində qərarlar qəbul olunur. Lakin qiymətlərin aşağı salınması ilə bağlı qərarlar olduqca nadir hallarda verilir. Bu səbəbdən hesab etmirəm ki, istehsal həcminin artması ilə yanacağın ucuzlaşması arasında birbaşa əlaqə yaransın. Açığı, belə bir ehtimalı da çox az real görürəm” – deyə iqtisadçı vurğulayıb.

Yəni, ölkədə daha çox benzin istehsal olunsa da, bu, avtomatik olaraq yanacağın ucuzlaşmasına gətirib çıxarmır, çünki qiymətləri bazar deyil, dövlət qurumu olan Tarif Şurası təyin edir.

​​​​​​​Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova