Son günlər qlobal enerji bazarlarında qeyri-sabitlik müşahidə olunur. Bir tərəfdən geosiyasi gərginlik fonunda qiymətlər kəskin artıb, digər tərəfdən isə bazara əlavə təklif və ehtiyatların buraxılması xəbərləri neft və qaz qiymətlərində eniş tendensiyası yaradıb. Bazarda həm artıq təklif, həm də siyasi risklər qiymətlərin kəskin dalğalanmasına səbəb olur.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, Hörmüz boğazında yaranmış vəziyyət səmərəli ehtiyat hasilat gücü və qlobal neft bolluğu ilə bağlı uzun müddətdir mövcud olan inamı pozub:
"Əslində isə neft bazarları bir müddətdir ki, ciddi fiziki məhdudiyyətlərlə idarə olunurdu. Hörmüz boğazında baş verənlər göstərdi ki, neft bazarları əslində çox məhdud ehtiyat hasilat gücü və kövrək tədarük zənciri ilə fəaliyyət göstərir. Hətta Strateji Neft Ehtiyatlarından 400 milyon barel xam neftin aktiv istehlaka buraxılması ilə bağlı qərar belə artan neft qiymətlərini aşağı sala bilmədi. Bunun səbəbi ondan ibarətdir ki, Strateji Neft Ehtiyatlarından bazara çıxarılan neft həcmləri fiziki neft bazarlarında yüngül, orta və ağır neft balansını tənzimləmək gücündə deyil. Bu uyğunsuzluq (tarazlığın pozulması) xüsusilə Asiya bazarlarındakı emal güclərində daha qabarıq şəkildə özünü göstərir. Müharibə başa çatmadıqca və ya Hörmüz boğazının etibarlı fəaliyyəti bərpa olunmadıqca, neft qiymətlərinin davamlı enişi mümkün görünmür və qiymət azalması yaxın dövrdə gözlənilmir. Beləliklə, neft bazarlarını tənzimləyən üç əsas fiziki məhdudiyyət - ehtiyat hasilat gücü, tələbin elastikliyi və siyasi müdaxilənin hədləri - nəzərə alındıqda aydın olur ki, Yaxın Şərqdə neft hasilatı, neft infrastrukturlarının fəaliyyəti və Hörmüz boğazından keçid əvvəlki axarına qayıtmasa, neft bazarlarında tarazlıq bərqərar olmayacaq. Bu isə özünü həm xam neft bazarında, həm neft məhsulları bazarında, həm də neft-kimya sektorunda göstərəcək".
Leyla Turan Demokrat.az


