Bakının Sabunçu rayonunda kafedə tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 7-də Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsində yerləşən “Ləlvər” kafesində baş verib.
Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Araz həmin gün saat 23 radələrində yaşadıqları Sabunçu qəsəbəsində yerləşən “Ləlvər” kafesinin kabinetində tanışı Pərvinin (adlar şərtidir – red.) ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Araz Pərvinin alın, üz və qol nahiyələrindən bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Arazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən onu bağışlayıb, şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli Demokrat.az


