Bazarlarda yeni qaydalar: Alıcı və satıcıları nə gözləyir?

GÜNDƏM 30 sentyabr 2025, 16:03
“Oktyabrın 1-dən bazarlarda yalnız vergi orqanında uçota alınmış icarəçilərin fəaliyyət göstərməsi tələbi iqtisadi baxımdan mühüm yenilikdir. Bu qərar həm satıcıların, həm də alıcıların maraqlarına birbaşa təsir göstərəcək”. 

Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.  

O əlavə edib ki,  qeyri-rəsmi işləyən icarəçilərin bazarda fəaliyyəti məhdudlaşacaq:

“Bu isə kölgə iqtisadiyyatının həcmini azaldacaq və dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirəcək. Uçota alınan icarəçilər üçün əlavə xərclər yaranacaq. Onların vergi öhdəliklərini tam yerinə yetirməsi məhsulun maya dəyərinin artmasına səbəb ola bilər. Qısamüddətli dövrdə bu, qiymətlərin artımı ilə özünü göstərə bilər. Xüsusilə tez xarab olan ərzaq məhsullarında qiymət fərqi daha çox nəzərə çarpacaq. Bununla belə, uzunmüddətli perspektivdə rəqabət şəffaflığı güclənəcək. Əvvəllər qeyri-rəsmi işləyən satıcılarla rəsmi fəaliyyət göstərənlər arasında bərabərsizlik var idi. Yeni qayda bu fərqi aradan qaldıracaq və ədalətli bazar mühiti yaradacaq. Alıcılar üçün isə rəsmi nəzarət keyfiyyət və təhlükəsizlik baxımından daha etibarlı şərait təmin edəcək. Vergi uçotu həm də satıcıların gələcəkdə daha stabil fəaliyyət göstərməsinə imkan yaradacaq. Çünki qeyri-rəsmi işləyənlərin bazardan sıxışdırılması onların fəaliyyətini riskli edirdi. Qısamüddətli dövrdə qiymət artımı qaçılmaz ola bilər, lakin uzunmüddətli dövrdə iqtisadi sabitlik və şəffaflıq təmin ediləcək”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sentyabr 2025, 16:47
Top