"Cəmiyyətimiz mənəvi dəyərlərini itirdikcə uşaqlar da tərbiyəsizləşir və əxlaqsızlaşır" — AÇIQLAMA

GÜNDƏM 27 sentyabr 2025, 18:11
"Çox təəssüf ki, son illərdə məktəblərdə rüsvayçı hadisələrin sayı kəskin artıb. Uşaqlar arasında, eləcə də böyüklər arasında mənəvi deqradasiya baş verir. Tərbiyəsizlik, özbaşınalıq və zorakılıq sürətlə yayılır. İnsanlar bunları görəndə dəhşətə düşür. Bunun bir çox fundamental səbəbi var".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 

O bildirib ki, məktəblərin böyük hissəsi demək olar ki, yalnız qadın müəllimlərdən ibarət olub:

"Sosial şəbəkələrdə bu barədə dəfələrlə qeyd edilib. Kişi müəllimlərin məktəblərdən uzaqlaşdırıldığı və nəticədə məktəb mühitində kişi nümunəsinin itirildiyi aydın görünür. Bunun nəticəsi olaraq məktəbdə qadın psixologiyası üstünlük təşkil edir. Ağır fiziki işlərdə və tədbirlərin təşkilində kişi zəhməti demək olar ki, yoxdur və qadın müəllimlər bu sahədə çətinlik çəkirlər.

Bəzi şagirdlər açıq şəkildə nalayiq hərəkətlər edirlər, çünki qadın müəllimlər onlardan qorxduqlarını bildirirlər. Bir çox müəllim qeyd edir ki, yuxarı sinif oğlanlarına qarşı çıxmağa cəsarət etmirlər. Onlar sinifdə söyüş söyür, pozğun videolara baxır, müəllimləri təhqir edirlər. Müəllimlər isə qorxduqları üçün heç nə deyə bilmirlər. Hətta müəllimin şagirdi tənbeh etməsi dərhal cəzalandırılır. Beləliklə, məktəblərdə tərbiyə funksiyası zəifləyib və nəticədə demək olar ki, məhv edilib".

Sosioloq deyib ki, Sovet dövründə məktəb həm təlim, həm də tərbiyə müəssisəsi idi:

"İndiki dövrdə isə “şagird yönümlü təhsil” adlanan yanaşma tətbiq olunur. Mən bunu “zombi yönümlü təhsil sistemi” adlandırıram. Bu sistemin Amerikadan gətirilərək tətbiq olunduğunu düşünürəm və əminəm ki, ABŞ-da verdiyi pis nəticələrin eyni ilə bizdə də təkrarlanması təhlükəsi mövcuddur.

Ümumilikdə uşaqların tərbiyəsi ciddi şəkildə pozulur. Bu vəziyyət həm məktəblərdə, həm də ailələrdə tərbiyənin zəifləməsi ilə bağlıdır. Cəmiyyət olaraq biz tərbiyəyə kifayət qədər önəm vermirik. Bunu ətrafımıza baxanda açıq şəkildə görmək mümkündür. Bunun obyektiv səbəbləri də var. Valideynlər günün çox hissəsini işdə keçirir və uşaqlara vaxt ayıra bilmirlər. Digər tərəfdən, bəzi valideynlər müasirlik və azadlıq adı altında uşaqlara tərbiyə verməkdən imtina edir. Onlar uşaqları küçəyə və ya internet mühitinə buraxırlar və bu da uşağın psixologiyasını mənfi istiqamətdə formalaşdırır".

Onun sözlərinə görə, ailədən tərbiyə almayan və məktəbdə də tərbiyənin zəiflədiyi bir şəraitdə uşaqlardan düzgün davranış gözləmək real deyil:

"Belə şəraitdə utandırıcı hadisələrin artması qaçılmazdır. Mən ictimailəşən hallardan başqa çoxlu sayda sənədsiz hadisələrdən də xəbərdaram. Müəllimlər və şagirdlər tərəfindən təsdiqlənən, lakin sübutu olmayan yüzlərlə belə hadisə mövcuddur. Bu faktlar mənəvi deqradasiyanın və sosial faciənin bariz göstəricisidir.

Cəmiyyətimiz mənəvi dəyərlərini itirdikcə uşaqlar da tərbiyəsizləşir və əxlaqsızlaşır. Bu prosesi həm gündəlik həyatda, həm də sosial şəbəkələrdə müşahidə edirik. İnsanların yazdıqları və paylaşdıqları bu vəziyyəti açıq şəkildə ortaya qoyur. Təəssüf ki, yaxın illərdə vəziyyətin daha da pisləşməsi mümkündür. Mənim fikrimcə, nə cəmiyyət, nə də dövlət orqanları bu problemi həll etməkdə maraqlıdır. Əksinə, mövcud proseslərin davam etməsinə şərait yaradan addımlar atılır. Nəticədə mənəvi dəyərlərin sürətlə itirilməsi və gənc nəslin tərbiyəsiz formalaşması təhlükəsi artır".

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 sentyabr 2025, 18:57
Top