Post-terminal olmayan obyektlər bu məbləğdə CƏRİMƏLƏNƏCƏK

GÜNDƏM 09 sentyabr 2025, 13:53
"Tez-tez rast gəlinən hallardan biri odur ki, pərakəndə ticarət və əhaliyə xidmət göstərən obyektlərdə post-terminal vasitəsilə nağdsız ödəniş etmək istədikdə, cihazın işləmədiyi bəhanə edilərək ödənişin qəbulundan imtina olunur. Halbuki bu, qanunvericiliklə qadağandır və ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub".

Bunu Demokrat.az-a açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov deyib.

O, bildirib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci maddəsinə əsasən, hər bir obyektdə post-terminal quraşdırılmalı və müştəriyə nağdsız ödəniş imkanı yaradılmalıdır:

"Əks halda, bu, alıcının hüquqlarının pozulması sayılır və Vergi Məcəlləsində də bununla bağlı maliyyə sanksiyaları mövcuddur. İlk dəfə belə hal aşkar edildikdə 1000 manat, təkrar hallarda isə 2000–3000 manat, üç və daha artıq dəfə baş verdikdə isə 6000 manatadək cərimə tətbiq olunur".

Onun sözlərinə görə, bu halların qarşısını almaq üçün nəzarəti Dövlət Vergi Xidməti həyata keçirir:

"Qurum həm cərimələr, həm də stimullaşdırıcı tədbirlər vasitəsilə qanuna əməl olunmasına çalışır. Belə ki, nağdsız dövriyyənin payı yüksək olan vergi ödəyicilərinə müxtəlif vergi güzəştləri nəzərdə tutulub. Eyni zamanda, alıcılar üçün də stimullaşdırıcı mexanizmlər mövcuddur. Məsələn, “ƏDV geri al” layihəsi çərçivəsində nağdsız ödənişlər zamanı alıcıya daha yüksək faizlə ƏDV qaytarılır. Bu isə həm satıcını, həm də alıcını nağdsız ödənişə təşviq edir".

Ekspert bildirib ki, nağdsız ödənişlərin üstünlüyü ondadır ki, əməliyyatlar şəffaf şəkildə aparılır:

"Nağd ödəniş zamanı satıcı kassa aparatı vasitəsilə qəbz versə də, sonradan əməliyyatı ləğv edərək dövriyyəni az göstərə bilir. Kartla ödənişdə isə vəsait birbaşa satıcının bank hesabına keçir və vergi orqanları real vaxt rejimində həmin məlumatları əldə edir. Bu səbəbdən satıcı dövriyyəni gizlətmək imkanından məhrum olur. Elə buna görə də bəzi satıcılar post-terminalın “xarab olması” bəhanəsi ilə müştəriləri yalnız nağd ödənişə məcbur edirlər ki, vergidən yayınmaq mümkün olsun".

Ekspertin sözlərinə görə, vergi orqanları bu kimi halların qarşısını almaq üçün mütəmadi nəzarət tədbirləri görür:

"Lakin nəzərə almaq lazımdır ki, vergi ödəyicilərinin sayı çox, nəzarət mexanizmlərinin imkanları isə məhduddur. Gecə saatlarına qədər fəaliyyət göstərən restoran və mağazalara tam nəzarət etmək mümkün olmur. Buna görə də ən effektiv yol vergi ödəyicilərinin intizamlı olması, qanunvericiliyə riayət etməsi və vergidən yayınmamasıdır. Yalnız bu halda həm alıcıların hüquqları qorunar, həm də dövlət büdcəsinə şəffaf gəlirlər təmin edilər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 17:52
09 sentyabr 2025, 16:13
09 sentyabr 2025, 16:10
Top